• Paytaxt
  • 5 Sentyabr 2023 19:53
  •  3 816

Müvəqqəti işlər vəkili: İsveçrə şirkətləri azad edilən ərazilərdə yenidənqurma prosesinə qoşulmaq istəyirlər

2020-ci ilində Azərbaycanın torpaqlarını geri qaytarması fonunda İsveçrə şirkətləri bu ərazilərdəki yenidənqurma prosesində iştirak etmək, öz innovasiya və bacarıqlarını tətbiq etməkdə maraqlarını ifadə ediblər.

Aznews.az xəbər verir ki, bunu İsveçrənin Azərbaycandakı müvəqqəti işlər vəkili Aleksander Hoffet İsveçrənin Milli Gününə həsr olunmuş mərasimdə deyib.

O bildirib ki, artıq 6 aydır ki, Azərbaycanda müvəqqəti işlər vəkili postundadır və müvəqqəti işlər vəkili kimi Azərbaycanın regionlarını səfər etmək, bu ölkənin zəngin mədəniyyəti ilə, insanları ilə tanış olmaq şansı əldə edib.

"Bizim xalqlarımız fərqli olsa da, ortaq tərəflərimiz də var. Bizim ölkələrimiz multikulturaldır, bizim güclü qonşularımız var, tariximiz müstəqillik axtarışları ilə yadda qalıb. Hər iki ölkənin zəngin təbiəti var və ölkələrimiz turistlərin diqqətini cəlb edir", - İsveçrə diplomatı deyib.

O deyib ki, Azərbaycanın turizm perspektivi gələcək vəd edir.
İki ölkə arasında iqtisadi əlaqələrə toxunan diplomat deyib ki, bu əlaqələri inkişafı, daha da dərinləşməsi üçün imkanlar var: "Pandemiyadan sonra qarşılıqlı investisiya və ticarət axınında artım var və bu sevindiricidir, lakin hesab edirəm ki, bu istiqamətdə biz daha çox iş görə bilərik".

O deyib ki, İsveçrə şirkətləri azad edilən ərazilərdə yenidənqurma prosesində işləmək, öz innovasiyalarını burada tətbiq etməkdə maraqlarını ifadə ediblər.

O xatırladıb ki, Azərbaycanın SOCAR kompaniyası İsveçrədə yanacaqdoldurma mərkəzlərinə malikdir.

"Biz Azərbaycanla əməkdaşlığımız yüksək qiymətləndiririk", - o vurğulayıb.