Sadiq Qurbanov: "Bir sıra su anbarlarının tutumu 15–35 % azalıb"

Azərbaycandakı bir sıra su anbarlarının tutumu 15–35 % azalıb.

Aznews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən növbəti plenar iclasında parlamentin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov bildirib.

"Hazırda ölkədə 140-dan çox iri, orta və kiçik tutumlu su anbarları mövcuddur. Çöküntülərin yığılması nəticəsində bəzi anbarlarda faydalı tutum 15–35 % azalıb. Böyük anbarlarda hər il orta hesabla 0,3–1 %, orta və kiçik tutumlu anbarlarda isə 2–5 % itki baş verir ki, bu da suyun az yığılmasına gətirib çıxarır. Məsələn, Varvara su anbarında təxminən 40 milyon kubmetr çöküntü toplanıb. Proqnozlaşdırılır ki, bu çöküntülərin təmizlənməsi nəticəsində, ilkin hesablamalara görə, tikinti və infrastruktur layihələrində istifadə oluna biləcək 12,8 milyon kubmetr çınqıl və qum materialı əldə etmək mümkündür", - deyə o qeyd edib.