Allahşükür Paşazadə Romaya səfər edəcək

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə martın 8-də İtaliyanın paytaxtı Roma şəhərinə səfər edəcək.

Bu barədə Aznews.az-a QMİ-nin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının Müqəddəs Taxt-Tacdakı səfirliyinin və Qafqaz Müsəlmanları İdarəsinin təşəbbüsü ilə Romada 9 mart tarixində iftar süfrəsi təşkil olunacaq.

"QMİ sədri Allahşükür Paşazadə və Azərbaycandakı dini konfessiyaların başçılarının iştirak edəcəkləri iftar süfrəsində zati-müqəddəsləri Papa XIV Leo həzrətlərini Müqəddəs Taxt-Tacın Dövlət Katibi kardinal Pyetro Parolin təmsil edəcək. Romadakı St. Regis Hoteldə keçiriləcək və İtaliyada, Müqəddəs Taxt-Tacda akkreditə olunmuş çoxsaylı diplomatik nümayəndəliklərin, dövlət, din, ictimaiyyət nümayəndələrinin iştirak edəcəyi iftar süfrəsi Azərbaycanın dünya miqyasında dinlərarası dialoq və əməkdaşlıq işinə real töhfəsi olacaq”, - qeyd olunub.