- Paytaxt
- 17:30
- 828
Mehriban Əliyeva Gürcüstan Milli Muzeyində olub
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva aprelin 6-də Tbilisidə Gürcüstan Milli Muzeyində olub.
Aznews.az xəbər verir ki, Gürcüstan Milli Muzeyində bu ölkənin tarixinin müxtəlif dövrlərinə aid eksponatlar sərgilənir.
Ekspozisiyalarla tanışlıqdan sonra Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın adından Gürcüstan Milli Muzeyinə “Azərxalça”nın istehsalı olan beş nadir xalçadan ibarət “Mədəni irsə yeni baxış” adlı kolleksiya hədiyyə edildi. Kolleksiya qədim xalça nümunələrinin müasir interpretasiyasını təqdim edir. Kolleksiyaya klassik elementlərin, xüsusilə “Xətai” və “Çələbi” motivlərinin müasir kompozisiyada sintezi olan “Naxçıvan”, Qarabağ xalça məktəbinin zəngin ornamentləri ilə yenidən işlənən “Açma-yumma”, ritmik və təkrarlanan elementlərlə kainat harmoniyasını xatırladan “Qarabağ”, “Bəndi-Rumi” kompozisiyası və Şərq sənət ənənələrinin müasir ifadəsi olan “Ovçuluq” və 2500 illik tarixə malik, dünyanın ən qədim xovlu xalçasının müasir interpretasiyası olan “Pazırık” xalçaları daxildir.
Muzeyin rəhbərliyi hədiyyələrə görə Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq bildirib.
AzNews.az