İdman mərkəzlərinin əl yandıran qiymətləri- Araşdırma

Su idmanı mərkəzlərindəki qiymətlərə baxanda adama elə gəlir ki, üzgüçülük hovuzları qızıl suyu ilə doldurulur.


Son illər ölkəmizdə idmanın inkişafına göstərilən diqqət və qayğı öz nəticələrini həm beynəlxalq yarışlarda, həm də sağlam nəslin formalaşmasında göstərib. Azərbaycan bu gün dünyada idman ölkəsi kimi tanınıb, beynəlxalq idman ailəsində layiqli yerini tutub.

İdmanın populyar növlərindən də biri üzgüçülükdür. Ölkəmizdə bu idmana maraq vaxt keçdikcə daha da artır. İndi valideynlər uşaqlarını daha çox bu idman növünə yönəltməyə çalışırlar. Son dövrlərdə istifadəyə verilən idman mərkəzlərinin demək olar ki hamısında su hovuzları var. Bəs ölkəmizdəki idman komplekslərində üzgüçülüklə məşğul olmaq neçəyə başa gəlir?

Məsələ ilə bağlə kiçik bir araşdırma aparılıb. Məlum olub ki, bu sahədə xidmətlərdən istifadə etmək zəif və orta təminatlı ailələr üçün əlverişli deyil.

Bakı Su İdman Sarayı dövlət hesabına tikilən bir idman kompleksidir. Burada qiymətlər heç də ürəkaçan deyil. Təkcə hovuzdan istifadə etmək ayda 105 manata başa gəlir. Burada qiymətləri tənzimləyən hər hansı bir nəzarət orqanı yoxdur. Qiymətlər sarayın rəhbərliyi tərəfindən təyin edilir. Qiymətlərin yüksək olması belə yerlərdə istirahət etmək və ya idmanla məşğul olmaq istəyən vətəndaşları bu imkandan məhrum edir.

Bakıdakı digər idman komplekslərində isə vəziyyət belədir:

1. Start İdman Kompleksində trenajor həftədə 3 dəfə 49 AZN, hovuz isə həftədə 3 dəfə 55 AZN-dir.

2. Aura İdman Kompleksində hovuzdan istifadə etmək həftədə 2 dəfə olur. Müəllim tələb etsəniz 60 AZN, müəllim istəməsəniz 35 AZN ödəməli olacaqsınız. Əlavə duş qəbul etmək də qiymətə daxildir.

3. Excelsior Hotel Spa Baku-da hər şey daxil 1 aylıq 350 AZN, 3 aylıq 1000 AZN, 6 aylıq 1500 AZN, 1 illik isə 2350 AZN-dir.

4. Olimpik Star İdman Kompleksində hovuzdan 1 aylıq istifadə 70 AZN-ə başa gəlir. Həftənin 1-5 günləri saat 05:30-dan – 21:30-a kimi, şənbə-bazar gənləri isə saat 09:00-dan – 21:30-a qədər.

5. DSX-nin "Sərhədçi" İdman Kompleksində üzgüçülüklə məşğul olmaq gündəlik 5 AZN-ə başa gəlir. Aylıq isə 50 AZN-dir. Üzməyi sevən insanlar buradan səhər saat 08:00-dan – 21:00-dək istifadə eləyə bilərlər.

Göründüyü kimi, idman mərkəzlərində qiymətlər nəinki zəif təminatlı, orta əməkhaqqı alan vətəndaşlar üçün də əlçatan deyil. Su idmanı mərkəzlərindəki qiymətlərə baxanda adama elə gəlir ki, üzgüçülük hovuzları qızıl suyu ilə doldurulur.

Bu sahəyə nəzarət edən, qiymətləri tənzimləyən bir orqanın olması vacibdir. Xüsusilə də dövlət hesabına tikilmiş və hazırda dövlət balansında olan idman mərkəzlərində...

Azadinform.az