“Formula 1” zamanı helikopterlərdən istifadə olunacaq

““Formula 1” yarışları zamanı təcili tibbi yardım helikopterlərindən istifadə ediləcək”. ”


Bu sözləri Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova deyib. O qeyd etdi ki, yarışlar zamanı tibbi xidmətlərə ehtiyac yaranarsa, yollar bağlı olacağından helikopterlərdən istifadə ediləcək.

O bildirdi ki, 1 saylı Kliniki tibbi mərkəzin ərazisinə helikopterlərin enməsi üçün meydança var.

"Həmin meydança Fövqəlada Hallar Nazirliyi (FHN) tərəfindən də yoxlanılıb. Əgər fövqəladə hallar baş verərsə, o zaman həmin helikopterlər FHN-in dayanacağından qalxacaq. Zərərçəkənlər 1 saylı kliniki tibbi mərkəzə gətiriləcəklər", - deyə nazirlik rəsmisi bildirib.

Liya Bayramovanın sözlərinə görə, helikopterlərin içərisində reanimasiya şöbəsi var. "Müxtəlif vaxtlarda bu helikopterlərdən istifadə edilib".

Bu helikopterlər AZAL-a məxsusdur.

AZAL-dan verilən məlumata görə, helikopterlər təcili tibbi yardım maşınlarının hərəkət edə bilmədiyi məkanlarda baş verən qəzalarda zərərçəkənlərin xəstəxanaya çatdırılması üçün istifadə edilir. Bu helikopterlər neftçilərə də tibbi xidmət göstərir. Hazırda Azərbaycanın 2 təcili tibbi yardım helikopteri var.

2015-ci ilin iyun ayında Azərbaycandan keçirilən Avropa Oyunları zamanı təcili yardım helikopterlərindən istifadə olunması nəzərdə tutulurdu.

Azərbaycana məxsus AgustaWestland-139 helikopterləri saatda 311 km sürət yığır. AgustaWestland-139 iki mühərrikli yeni nəsil orta sinfi təmsil edən helikopterlərdəndir.

AW-139 ekonomik göstəricilərə, yüksək uçuş-texniki xüsusiyyətlərə, çoxfunksionallığa və yüksək dözümlülüyə malik olan helikopterlərdən sayılır. Adıçəkilən helikopter maksimum 15 sərnişini yüksək sürətlə rahat daşıya bilər.

I Avropa Oyunları zamanı Azərbaycanda əlavə olaraq 100 təcili yardım maşını fəaliyyət göstərib. 2016-cı il Formula 1 Avropa Qran-Prisinın 17-18-19 iyun 2016-cı ildə keçirilməsi nəzərdə tutulub.





Qran Pri zamanı ümumilikdə Bakıya 11 min xarici azarkeşin gəlişi gözlənilir. Yarış 1950-ci ildən etibarən müntəzəm olaraq keçirilir.

anspress.com