Olimpiya stadionundakı toylardan gələn pullar hara gedəcək?

"Bakı Olimpiya Stadionunda keçiriləcək toylardan gələn gəlirlər stadionun xərclərinə sərf ediləcək".


Bunu Bakı Olimpiya stadionunun mətbuat xidmətinin rəhbəri Qənirə Mehdiyeva deyib. Onun sözlərinə görə, stadiondan qazanılan pullar elə onun özünün təmir, yenidənbərpa və s. işlərinə xərcləndiyi kimi, toylardan gələn gəlirlərdən də eyni məqsədlər üçün istifadə olunacaq. O ki, qaldı Bakı Olimpiya stadionunun toy üçün icarə haqqına, qurum rəsmisi bunu insanların büdcəsinə uyğun olaraq hesablanacağını deyib:

"Biz stadionda toy keçirmirik. Biz sadəcə stadionu icarəyə veririk ki, toy, nişan, ad günü və s. mərasim keçirmək istəyənlər özləri təşkilatçılarla danışaraq bunu həyata keçirsinlər. İcarə pulu isə fərdidir. Hər mərasimin öz büdcəsi var. Amma imkanı az olanlara da güzəşt edəcəyik. Çünki bizim əsas məqsədimiz odur ki, bu stadionu ictimai istirahət yerinə çevirək", - deyə Qənirə Mehdiyeva bildirib.



Mətbuat xidmətinin rəhbəri deyib ki, stadionda hər hansı bir mərasim keçirmək istəyənlər onların təşkilat komandasına müraciət edə, bundan sonra stadiona gələrək, ərazi ilə tanış ola bilərlər. "Toy təkcə oyun meydançasında keçirilən mərasimdən ibarət deyil. Burada bir neçə otaq, zal və s. yerlər var ki, orada da rahat şəkildə istənilən mərasim etmək olar. Bunu isə həmin mərasimi hazırlayacaq şirkət, təşkilat müəyyən edə bilər".

Bakı Olimpiya Stadionunun mətbuat xidmətindən aldığımız məlumata görə, 3 aydır belə bir təşəbbüs irəli sürülməsinə baxmayaraq hələ ki, adıçəkilən məkanda toy və s. mərasim keçirilməyib, lakin müraciət edənlər var.



Bakı Olimpiya Stadionunun rəsmi səhifəsində toy elanı


Bakı Olimpiya Stadionu ötən ilin mart ayında tikilərək təhvil verilib. Stadionda Bakı-2015 Avropa Oyunlarının açılış və bağlanış mərasimləri, yüngül atletika yarışları keçirilib. Bir müddət əvvəl Azərbaycan Gənclər və Turizm Nazirliyinin balansında olan Bakı Olimpiya stadionu ötən ilin oktyabrın 20-dən təmənnasız olaraq, AFFA-nın balansına verilib. Bundan sonra burada müxtəlif matçlar keçirilir.

Dünya təcrübəsinə nəzər salsaq, orada beynəlxalq yarışlar üçün istifadə olunan obyektlərdən daha sonralar da başqa istiqamətdə istifadə etməyə başladığını görmək olar. Bu yolla da həmin tikiliyə qoyduğu vəsaiti geri götürmək mümkündür.

Məsələn, Çində yerləşən Pekin Olimpiyadası və Paralimpiyada-2008 yarışları zamanı tikilən idman kompleksi. Milli stadiona 471 milyon dollar sərf olunub. Oyunlar bitdikdən sonra Çin hakimiyyəti burada müntəzəm olaraq, böyük idman hadisələri keçirməyə çalışır. Stadionun bir hissəsində qış parkı, əyləncə obyektləri salınıb, bir hissəsində isə mum fiqurlar muzeyi var. Hər il bu muzeyi görmək üçün müxtəlif ölkələrdən yüzlərlə turist gəlir.

Helsinkidə 1952-ci ildə tennis üzrə yarışlar üçün tikilmiş qövsşəkilli tennis sarayı oyunlardan sonra uzun müddət ticarət firmaları tərəfindən kirayələnib, 1993-cü ildən etibarən isə Helsinki hakimiyyəti burada muzey yaratmağa qərar verib. Bu gün Tennis sarayı mədəni-əyləncə mərkəzidir. Burada şəhər muzeyinin ekspozisiyaları, restoran-kafelər və 14 ədəd kinoteatrlar var.

Yaponiyada 1964-cü ildə dünya üzrə cudo yarışları üçün tikilmiş "Nippon Budokan" stadionu o vaxtdan konsertlərin keçirilməsi üçün nəzərdə tutulub. Dünya üzrə məşhur olan "Beatles", "Kiss", "Bay City Rollers" və s. kimi qrupların konsertləri, məhz, burada həyata keçirilib. Bundan başqa, bir sıra mərasimlər, klip təqdimatı, jurnalistlərlə görüş və s. burada baş tutur.

Əslində, külli miqdarda vəsait sərf olunub tikilən bu sarayların işlək vəziyyətdə olması sevindirici haldır. Amma təəssüf ki, bu məkanların istifadəsindən hələ ki, əhəmiyyətli gəlir əldə olunmayıb. Bakı Olimpiya Sadionun atdığı bu addım digər dövlət büdcəsindən ayrılan vəsait hesabına tikilən obyektlərə də təsirsiz ötüşməyəcəyinə inanırıq. Təkcə yarışlar üçün deyil, digər məqsədlər üçün də istifadə edilərək, həmin obyektlərdən gələn gəlirlər həm ölkənin iqtisadi vəziyyətini yaxşılaşdırmağa, həm israfçılığın qarşısını almağa, həm də xərclənən pulların yenidən dövlət büdcəsinə qayıtmasına şərait yara bilər.

anspress.com