Devalvasiyadan sonra paytaxt Bakıda yaşam şərtlərinin çətinləşməsi, iş yerlərinin bağlanması, bazarlardakı bahalaşma rayonlardan Bakıya gələn əhalinin kütləvi şəkildə geri dönməsinə səbəb olub. Artıq Bakıdan bölgələrə böyük köç başlayıb. Əgər müstəqilliyin ilk illərindən başlayaraq, əsasən də neft və tikinti bumunun olduğu dövrdə əhali kütləvi şəkildə rayonlardan Bakıya axın edirdisə, indi əks proses başlayıb. Devalvasiyadan sonra paytaxt Bakıda yaşam şərtlərinin çətinləşməsi, iş yerlərinin bağlanması, bazarlardakı bahalaşma rayonlardan Bakıya gələn əhalinin kütləvi şəkildə geri dönməsinə səbəb olub. Artıq Bakıdan bölgələrə böyük köç başlayıb. Əgər müstəqilliyin ilk illərindən başlayaraq, əsasən də neft və tikinti bumunun olduğu dövrdə əhali kütləvi şəkildə rayonlardan Bakıya axın edirdisə, indi əks proses başlayıb.

Bakıdan bölgələrə böyük köç başlayır

Devalvasiyadan sonra paytaxt Bakıda yaşam şərtlərinin çətinləşməsi, iş yerlərinin bağlanması, bazarlardakı bahalaşma rayonlardan Bakıya gələn əhalinin kütləvi şəkildə geri dönməsinə səbəb olub. Artıq Bakıdan bölgələrə böyük köç başlayıb. Əgər müstəqilliyin ilk illərindən başlayaraq, əsasən də neft və tikinti bumunun olduğu dövrdə əhali kütləvi şəkildə rayonlardan Bakıya axın edirdisə, indi əks proses başlayıb.


Belə ki, rayonlardan gəlib burada tikinti və xidmət sektorunda usta, fəhlə, ofisiant kimi çalışanlar işlərini itirdikdən sonra kirayə xərclərini belə ödəyə bilmədikləri üçün geriyə üz tutmağa məcbur olublar.

Bəs görəsən, kəndlərə qayıdan insanları orada nə gözləyir? Bölgələrdə işsizliyin yüksək səviyyədə olduğunu nəzərə alsaq, geri qayıdan insanların məşğulluq məsələsi də aktuallığını qoruyur. Onların əkin-biçinlə məşğul olmaq, mal-qara saxlamaq imkanları, əkin sahələri və otlaq yerlərinin olması, texnika və maliyyə baxımından sual altına düşür.

İqtisadçı ekspert Vüqar Bayramov da təsdiq edir ki, əks-urbanizasiya prosesi sürətli bir şəkildə başlayıb və yaxın zamanlarda bölgələrdə məşğulluq sahəsində gərginlik yarana bilər: "Adətən böhran dövrlərində insanların iri şəhərlərdən öz rayonlarına qayıdışı müşahidə edilir. Xüsusən neft bumu dövründə rayonlardan paytaxta gələnlərin sayı kəskin artmışdı. Bu da ölkədə daxili miqrasiyanın genişlənməsinə səbəb olmuşdu və urbanizasiya prosesi güclənmişdi. Artıq neft dövrü geridə qalıb.

Əvvəlki kimi inşaat sektorunda dövlətin böyük investisiyaları yoxdur. Bu kontekstdə bu gün bölgələrdən Bakı şəhərinə gələnlər, xüsusən də inşaat sektorunda çalışan vətəndaşların bir qismi artıq öz rayonlarına qayıdıblar. Bunun səbəbləri də bəllidir. İşsizlik artıb, xidmət sektoru əvvəlki kimi aktiv deyil, tikinti bumu yoxdur, ancaq bunun müqabilində şəhərdə yaşamağın xərci çoxalıb, buraya kirayə xərcləri də daxildir.
Rayonda yaşamaq isə nisbətən daha az xərc tələb edir. Həmçinin o şəxslərin rayonlarda kənd təsərrüfatı işləri ilə məşğul olmaq imkanları var".

V. Bayramov qeyd etdi ki, işsizlik olsa belə, geri dönənlər, kənd təsərrüfatı ilə məşğul olmaqla, daha çox cari xərclərini, gündəlik tələbatlarını ödəməyə çalışacaqlar: "Rayonlara qayıdan vətəndaşların iri fermer təsərrüfatı yaratmaq və biznes qurmaq imkanları məhdud olacaq. Çünki bu işlər əlavə vəsait tələb edir. Ona görə də indiki şəraitdə rayona qayıdanlar sadəcə həyətyanı sahələrini əkib-becərməklə, mal-qara saxlamaqla öz ehtiyaclarını ödəmək məcburiyyətindədirlər". Ekspert onu da vurğuladı ki, əks-urbanizasiya prosesinin dövlət tərəfindən dəstəklənməsi üçün rayonlara qayıdan vətəndaşlarımıza kiçik qrantların, faizsiz kreditlərin təklif edilməsinə ehtiyac var: "Bu onlara imkan verər ki, özləri üçün iş yerləri yaratsınlar. O baxımdan əhalinin kütləvi şəkildə rayonlara qayıdışı həmin bölgələrdə biznesin inkişaf etdirilməsi baxımından ciddi bir siqnal olmalıdır. Dövlət çalışmalıdır ki, rayonlara qayıdanlar işsiz qalmasınlar, məşğulluqda gərginlik yaranmasın. Onların şəxsi bizneslərini qurması hesabına işlə təmin edilməsi həyata keçirilsin".



Ötən il "Kənd təsərrüfatı ili"ndə həyata keçirilən tədbirlərdən, fermerlərə yaradılan imkanlardan danışan Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Murtuzəli Hacıyev də bu prosesin dövlət tərəfindən dəstəkləndiyini bildirdi: "Bu proses nə zamansa olmalı idi. Təbii ki, kəndli torpağa bağlı olmalı, torpaqdan bəhrələnməlidir. Onların iş yeri də, gəlir mənbəyi də torpaq və əkin-biçin olmalıdır. Bu, həm iş yerlərinin açılması, həm də kənd təsərrüfatının inkişafı deməkdir.

Son vaxtlar kənd təsərrüfatında pambıqçılığa, tütünçülüyə, günəbaxan istehsalına marağın artması üçün nazirlik tərəfindən bir sıra addımlar atılır. Əsas məqsəd odur ki, bütün torpaqlar əkilməli və məhsuldar torpaqların bir qarışı da boş qalmamalıdır. İstər bitkiçilik, istərsə də heyvandarlıq sahəsinin inkişafı üçün dövlət kifayət qədər güzəştlər tətbiq edir, subsidiya verir, texniki təminat var. Cins mal-qara respublikaya gətirilir, güzəştlə verilir.

Artıq respublikada süni mayalanma mərkəzi tikilib, Qafqazda ən böyük mərkəzdir. Onun da istifadəyə verilməsi nəzərdə tutulur. İstər heyvandarlıq, istərsə də əkinçilik sahəsində kompleks işlər görülür. Bu sahəyə dövlət dəstəyi var. Yanvar ayından süni mayalanma yolu ilə hər doğulan cins buzova görə əlavə 100 manat da subsidiya verilir. Texnika və gübrə güzəştlə verilir. Bu il də həmin tədbirlər nəzərdə tutulur".

M.Hacıyevin sözlərinə görə, istehsal sahələri ilə yanaşı , emal sənayesinin inkişafı ilə bağlı da müəyyən addımlar atılır: "Emal müəssisələrinin açılması, soyuducu anbarların tikilməsi də bu tədbirlərdən biridir. Bu, imkan verir ki, biz qış aylarında da yay məhsullarını bazara çıxara bilək. Yay məhsulları soyuducu anbarlarda xüsusi kameralarda saxlanılır, ilin istənilən vaxtında bazara çıxarılır.

Kreditlərin verilməsinə gəlincə, bu, əsasən İqtisadiyyat Nazirliyi nəzdində Sahibkarlığın İnkişafına Kömək Milli Fondu tərəfindən həyata keçirilir. Bu il də 5 milyon manat vəsait bunun üçün büdcədən ayrılıb. Bu kreditlər fermerə birdəfəlik yox, mərhələli şəkildə verilir və təyinatı üzrə xərclənməsinə də nəzarət edilir. Yəni fermerin minimum 5 hektar torpağı varsa, nazirlik tərəfindən ona güzəştli kredit ayrılır və hiss-hissə əkinçiliyin hər bir mərhələsində verilir".

musavat.com