- Redaktor masası
- 15:35
- 1 710
Pezeşkiandan "Aprel tezisləri" gözləyəkmi?
İranın dövlət sistemi necə işləyir?
Bu suala cavab vermədən Məsud Pezeşkian barədə istənilən analiz yetərsiz qalacaq.
Odur ki, sistemin gerçək məğzinə baxaq.
1. "Respublika" quruluşları
2. Klerikal hakimiyyət
3. Fars şovinizminin dərin heyəti.
Bu sistemlərin ən zəifi respublika təsisatlarıdır və demək olar formal xarakter daşıyır. Məsud Pezeşkianın İran prezidenti olması 2 və 3-cü sistemlərin planları çərçivəsində idi. Onlar başa düşürdülər ki, ölkədə ciddi sosial-siyasi təlatümlər gözlənir. Bu təlatümlərin milli mübarizəyə dönməsinin qarşısını almaq üçün azərbaycanlılara xitab edən Məsud Pezeşkianı önə çıxardılar. Pezeşkian sistemin yetirməsidir, bu günəcən sistemə xidmət edib və onların marağından kənarda bircə addım atmayıb.
Klerikal rejim çökmək üzrədir. Bu ayın sonuna qədər mollalar hansı formada baş verməsindən asılı olmayaraq iqtidardan uzaqlaşdırılacaqlar. Bu halda legitim hakimiyyət kimi prezident ölkənin birinci adamına çevrilir. Amma bu, onun müstəqilliyinə və təsir gücünə təminat vermir. Çünki pərdənin arxasından qətiyyən üzə çıxmaq istəməyəcək bir şəkildə həm respublika quruluşlarından, həm də klerikal hakimiyyətdən daha təhlükəli olan fars şovinistləri- "Ariançılar" var.
"Ariançılar" Pezeşkianı təsir altında saxlayıb İranı vahid və unitar dövlət kimi qurtarmağa çalışacaqlar. Ancaq bu məqsəd proseslərin təbii axarı ilə- Güney Azərbaycanda qaçılmaz olan milli hərəkatın başlanması ehtimalı ilə ziddiyyət yaradır. Pezeşkianı milli hərəkata qarşı istifadə etməyə - onun vasitəsi ilə İrançılığı qabartmağa cəhd edəcəklər. Pezeşkian təsir altında qalmağı qəbul etməsə, sui-qəsdlə onu aradan götürmək istəyəcəklər.

Bu günlərdə Pezeşkianın istefa vermək niyyətində olduğu bildirildi. Şayiə olsa belə maraqlı informasiyadır. Çox güman Pezeşkian fars şovinistlərinin onu öldürüb suçu ABŞ və İsrailin üstünə atmalarından ehtiyyat edir. ABŞ və İsrail Pezeşkiana "danışılacaq adam" kimi baxır, ona görə də hədəf olacağı az ehtimaldır.
Pezeşkianın istefa verməsi yox, özünü qoruması və hakimiyyəti daha çox ələ alması daha çox lazım deyilmi?
Ciddi və inandırıcı sualdır. Lakin cavab proseslərin gedişatından asılıdır. İrandakı proseslər sürətlə bir-birini təkzib edə bilər. Ancaq bütün hallarda klerikal rejimdən sonra İranın unitar dövlət kimi meydanda qalması da mümkünsüzdür- tarixi dialektika bunu şərtləndirir.
Deməli, Pezeşkian növbəti mərhələlərin birində Təbrizə dönməli, Güney Azərbaycan hərəkatının başına keçməlidir.
Bu addım müəyyən mənada Rusiyadakı "Fevral inqilabı"ndan sonra Vladimir İliç Leninin məşhur "möhürlənmiş vaqon"da ölkəsinə qayıtmasına bənzəyəcək. II Nikolay devriləndə Lenin İsveçrədə sürgündə idi. Əgər qayıtmasaydı, bolşevik inqilabı olmayacaqdı. Rusiyaya qayıdan Lenin “Aprel tezisləri”ni irəli sürdü və “Bütün hakimiyyət sovetlərə!” şüarını yayaraq oktyabr inqilabını gerçəkləşdirdi. Bütün müqayisələrin qüsurlu olması gerçəyini nəzərə alaraq söyləyirəm:
Pezeşkian Təbrizə qayıtmalı, Güney Azərbaycan hərəkatının aprel tezislərini ortaya qoymalı və "Yaşasın müstəqil Güney Azərbaycan" şüarı ilə mübarizə aparmalıdır.
Gəlməsə, deməsə, etməsə, Azərbaycan tarixində və elə dünyanın da gözündə Xəmneyidən heç bir fərqi olmayacaq!
Taleh ŞAHSUVARLI