- Köhnə - Cəmiyyət
- 25 Fevral 2016 16:16
- 6 625
Xocalı soyqırımının ildönümü kollecdə qeyd olundu - Fotolar

Bu gün Azərbaycan Texniki Universiteti nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecində Xocalı soyqırımının 24-cü ildönümü ilə bağlı tədbir keçirilib.
AzNews.az xəbər verir ki, tədbirdə kollecin direktoru Bəxtiyar Bəxtiyarov çıxış edərək ermənilərin xalqımıza qarşı törətdiyi soyqırım aktının tarixdə misli görünməmiş vəhşiliklə həyata keçirildiyini bildirib.
B.Bəxtiyarov qeyd edib ki, erməni hərbi birləşmələri 6 minədək mülki sakinin yaşadığı şəhəri ələ keçirərkən insanlığa sığmayan cinayətlər törədiblər: "Qadınların, uşaqların, qocaların xüsusi amansızlıqla qətlə yetirildiyi faciənin dəhşətlərini sübut edən çoxsaylı foto və videomateriallar, sənədlər, şahid ifadələləri, xarici jurnalistlərin görüb yazdıqları məqalələrin mövcud olmasına baxmayaraq dünya birliyi bu genosid aktına həqiqi qiyməti verməyib. Baxmayaraq ki, həmin qətliamı törədənlərin özlərinin yazdıqları, etiraf etdikləri faktların da sayı çoxdur. Bu da məsələlərə ikili standartlarla yanaşan dünya dövlətlərinin bu məsələdə ədalətli və obyektiv mövqedə olmadığını göstərir".
Direktor müavini Şahmurad Məmmədov, müəllimlər Hakim İsakov və Nigar Xəlilova da çıxış edərək bildiriblər ki, Azərbaycanın ərazi bütövlüyü və müstəqilliyi uğrunda mübarizədə şəhid olan xocalıları yad etmək hər birimizin mənəvi borcudur.
Tədbirdə kollecin tələbələrinin hazırladığı "Ana, əsgər gedirəm" kompoziyasiyası nümayiş etdirilib. Tələbələr Xocalı faciəsinin gələcək nəsillərin yaddaşından silinməyəcəyini, bu dəhşəti törədənlərin gec-tez cavab verəcəklərinə inandıqlarını vurğulayıblar.


