Bakının mərkəzində şəlalə axır - Video

Bakıya yağan yağış paytaxt küçələrində ciddi fəsadlara səbəb olub.


"Küləklər şəhəri" Bakı bu gün "Dənizlər kraliçası" Venesiyanı xatırladır. Şəhərə yağan intensiv yağış bir göz qırpımında paytaxt küçələrini keçilməz hala gətirib. Nə avtomobillə, nə də piyada Bakının yağışı ilə mübarizə aparmaq artıq imkansız hala çatıb.

Bu gün yağışın kiçik oyunu şəhər sakinlərini çətin bir sınaqdan keçməyə məcbur etdi. Avtobuslara dolan yağış suyu, həyət evlərinin kandarına kimi yüksələn su sakinlər üçün səhər sürprizi olub.

Hələ sizə Bakının düz mərkəzində axan "Niaqara" şəlaləsindən danışmamışıq. "Sovetski" kimi tanınan ərazinin yaxınlığında qarşılaşdığımız mənzərə isə heyrətləndiricidir. ABŞ-da olan Niaqara şəlaləsindən heç də geri qalmayan Bakı küçələrinin "şəlalələri" insanın diqqətini çəkməyə bilməz. Xüsusilə "şəlalə"nin həzin şırıltı səsi səhər çağı sizə xoş ovqat bəxş edəcək.

Qeyd edək ki, martın 28-i gündüzdən 29-u səhərədək ölkə ərazisində hava şəraiti qeyri-sabit keçib, yağış yağıb, bəzi yerlərdə intensiv olub, dağlıq rayonlarda qar yağıb. Düşən yağıntının miqdarı Bakıda və Abşeron yarımadasında 1-14, Böyük Qafqazda 3-21, Mərkəzi Aran rayonlarında 4-21, Lənkəran-Astara zonasında 1-9, Naxçıvan MR-da 1-7, Kiçik Qafqazda 5-8, Qazax-Gəncə zonasında 7-16 mm təşkil edib.





Baku.ws