“Gedib kənddə toyuq-cücə saxlasınlar...” – Deputatdan qalmaqallı müsahibə

“Rauf Arifoğlu Naqif məsələsini şişirtməkdə Rəsulzadənin yox, öz mənafeyini güdürdü”


"Flora Kərimovanı müxalifətçiliyinə görə efirə buraxmayanda, Heydər Əliyev etiraz elədi..."

"NEFTİN CƏMİYYƏTƏ ÇOX BÖYÜK MƏNƏVİ ZİYANI DƏYDİ"

Millət vəkili, şair Musa Quliyevin (Urud) AzNews.az-a müsahibəsi:

– Musa müəllim, gəncliyinizdən şeir yazırsınız, amma elə bil ədəbiyyatda heç iddianız yoxdur...

– Doğrudan da elədir, ədəbiyyatda heç bir iddiam yoxdur. Titullarım olsun, mükafatlar alım, şeirlərimə mahnılar bəstələnsin... Bunların heç birini istəməmişəm. Sadəcə, ürəyim şeir yazmaq istəyəndə yazmışam. Çox vaxt heç çap da elətdirməmişəm. Ümumiyyətlə, mən həyatda da iddiasız insanam.

– Sizcə, insan nəyəsə iddialı olmalı deyilmi?

– Bəlkə də iddiasız insanlara cəmiyyətdə də o qədər yer yoxdu, lazım olduğu yerini də tuta bilmir. Təbii, hər bir insanın müəyyən iddiaları olmalıdı. Amma mənim xarakterimlə, bəlkə də doğulduğum tərəzi bürcü və aldığım tərbiyəylə bağlı olaraq həyatda heç bir şeyi iddia eləməmişəm.

– Maraqlıdır, sizin üçün şairin iqtidarı müxalifəti olurmu?

– Mən düşünürəm ki, şairin iqtidarı olmur, şairlərin hamısı müxalifətdə olur. Amma müxalifətin də bir əndazəsi, çərçivəsi var. Bir var ki, ucdantutma hər şeyə qarşı müxalifətdəsən, biri də var özünün real qiymətləndirə bildiyi problemlərə, haqsızlıqlara qarşı olursan.

Ümummilli lider Heydər Əliyev dahi bir insan idi. Özü də şübhəsiz ki, dünya çapında dahi bir insan. O, 1997-ci ildə Azərbaycan yazıçılarının qurultayından bir gün qabaq gənc nəsil şair və yazıçılarını yığmışdı. Mən də orda iştirak edirdim, çıxış da elədim. Birdən Ramiz Rövşəndən söz düşdü. Ramizin mənzil problemi vardı. Ümummilli liderimiz dedi ki, Ramiz Rövşənə mənzil vermək lazımdır, niyə onun haqqını tapdalayırsınız? Sonra Flora Kərimova yada düşdü. Ümummilli liderimiz o vaxt dövlət televiziyanın başında duran Nizami Xudiyevə dedi ki, "Flora niyə oxumur, xəstə-zad deyil ki? Nəsə gözümə dəymir". Yerdən dedilər ki, Flora müxalifətçidi, ona görə televiziyada oxumağa qoymurlar. Ümummilli liderimiz əvvəlcə güldü, sonra etiraz elədi. Dedi ki, poeziyanın, musiqinin nə müxalifəti ola bilər axı?

– Ramiz Rövşənə ev verildi?

– Bəli, verildi.

– Sonra deyəsən, o evi geri aldılar.

– Mən bilən o problem aradan qalxdı. Ramiz evlə təmin olundu... Demək istəyirəm ki, hər bir yaradıcı adam təbiətini də, cəmiyyətini də, hətta yaradanı da kamil görmək istəyir. Bu mənada yaradıcı adam əskikliklərə, çatışmazlıqlara müxalifətdə olmalıdır. Kim desə ki, mən içimdə müxalifətçilik yoxdu, onu qəbul etmirəm.

– Bəs siz özünüzü bir şair kimi daxilən müxalifətdə hiss edirsinizmi?

– Siyasi müxalifət, ideoloji müxalifət tamam başqa bir şeydir. Mən təbii ki, özümü siyasi müxalifətdə hiss eləmirəm, eləyə də bilmərəm. Amma nöqsanlara qarşı həmişə müxalifətdəyəm.

– Musa müəllim, pirlərə, seyidlərə inanırsınız?

– Yox, pirlərə, seyidlərə qətiyyən inanmıram. Pirin, seyidin bizim nə dinimizə, nə də elmimizə uyğun olmadığını hesab edirəm.

– O zaman sizin üçün müqəddəs dəyərlər nədir?

– Vətən, dövlət, ailə, adət-ənənələr, övlad, insan sevgisi... O dəyərlərə görə ki, biz uzun müddət yaşayırıq və o dəyərlərə görə var oluruqsa onların hamısı müqəddəsdir.

– Dəyərlərinizə qarşı çıxan adamlar sizə necə təsir edir?

– Düşünürəm ki, biz azad, demokratik cəmiyyətdə yaşayırıqsa hər bir şeyə qarşı tolerant yanaşmalıyıq. Hər kəsin öz dəyəri var. Hətta kimlər üçünsə dəyərsizliyin özü bir dəyərdir. Amma belə bir fikir var. Sənin azadlığın mənim azadlığım başlayan yerdə qurtarır. Əgər kimsə mənim dəyərlərimə toxunursa təbii, öz dəyərimi müdafiə edəcəm. Amma mənə maneçiliyi yoxdursa istəyir gedib tumançaq gəzsiz, onun mənə nə dəxili var?

– Gənc deputat Naqif Həmzəyev Rəsulzadənin təhqir eləyəndə, Gəncədə Rəsulzadənin büstünün başına torba keçiriləndə siz Rəsulzadəni yox, Gəncənin icra başçısını və Milli Məclisin gənc deputatını müdafiə elədiniz...

– Mən Rəsulzadə adı ilə manipulyasiya eləməyin tamamilə əleyhinəyəm. İstər onun xeyrinə, istər də zərərinə. Bu insan millət üçün, vətən üçün əlindən nə gəlir eləyib, yəni öz bacardığını eləməyə çalışıb. Rəsulzadə müasir, müstəqil, Şərqdə demokratik respublika quran kişilərdən biridir. Amma onun haqqında istər müsbət, istər də mənfi çalarda əndazədən artıq fikir səsləndirməyin tərəfdarı deyiləm. Mən Rəsulzadəni digər cümhuriyyət qurucularından əlahiddə şəkildə fərqləndirilməsinin də tərəfdarı deyiləm. Bir komanda olublar, hamısı bir yerdə çalışıblar, demokratik cümhuriyyəti elan eləyiblər. 23 ay - bacardıqları qədər Azərbaycanı yaşatmağa və tanıtmağa çalışıblar. Sonra isə özlərindən də çox zəmanənin hökmü ilə hakimiyyəti təhvil verməli olublar.

– Yəni demək istəyirsiniz ki, axıra kimi bacarmayıblar?

– Dövr onlara imkan vermədi. Onlarla bərabər Gürcüstanda və Ermənistanda da milli hökumət qurulmuşdu. Son nəticədə isə hamısının taleyi eyni oldu.

– Yəni müstəqillik, cümhuriyyət Rəsulzadənin qüdrətindən daha çox təbii bir proses idi, Zaqafqaziya Seymi dağılandan sonra hər üç dövlət – Ermənistan, Gürcüstan və Azərbaycan müstəqil oldu... Belə?

– Bəli, təbii bir proses idi. Ona görə də mən cümhuriyyət qurucularının fəaliyyətlərinin nə şişirtməyin, nə də həddindən artıq kiçiltməyin tərəfdarı deyiləm. O ki qaldı Gəncədə Rəsulzadənin büstünün başına torba keçirilməklə bağlı mənim çıxışıma, mən qətiyyən Rəsulzadəni aşağılamaq fikrində olmamışam, sadəcə olaraq Xalq şairi Sabir Rüstəmxanlı tənqidinin ünvanını səhv salmışdı, mən ünvanı dəqiqləşdirirdim ki, tənqid hansı ünvana yönəlməlidir. Bildirdim ki, həmin məsələnin Gəncə şəhər İcra Hakimiyyətinə dəxili yoxdur.

Gənc deputat Nafiq Həmzəliyevə gəldikdə isə, əminliklər deyə bilərəm ki, o, Rəsulzadəni təhqir etməmişdi. Bununla bağlı Müsavat partiyası onu məhkəməyə vermişdi və məhkəmə iddianı rədd elədi. Rəsulzadənin təhqir olunduğu sübut edilmədi. Bu mənada mətbuatın qaldırdığı və gərəksiz olan müdafiənin hesab edirəm ki, Məmməd Əminə heç bir xeyri olmadı. Ümumiyyətlə, tarixi şəxsiyyətlərə münasibətdə emosional olmaq lazım deyil, onlara obyektiv və soyuqqanlı münasibətlə qiymət verilməlidir.

– Mətbuat deyəndə "Yeni Müsavat" qəzetindən, Rauf Arifoğlundan söhbət gedir?

– Məsələni kim qabartdısa bu, Rəsulzadədən çox həmin kəslərə xidmət eləmiş bir şey oldu. Ona görə də deyirəm ki, Məmməd Əmindən, Elçibəydən, Heydər Əliyevdən pafoslu-pafoslu danışanlar əslində, öz mənafeləri güdürlər. Bayaq dediyim kimi, tarixi şəxsiyyətlərə münasibətdə emosional adamların səmimiyyətinə inanmıram.

– Musa müəllim, şeir sizdə necə yazılır: gündüz yazılır, gecə yazılır?

– Şeir yazmaq ovqatımla bağlıdı. Sən də qələm adamısan, mən də qələm adamıyam, hərəyə bir qələm götürüb bu saat şeir yaza bilərikmi? Təbii ki, mümkün deyil. Lap yazsan da, yəqin, fərli-başlı bir şeir olmaz.

– Bəzən deyirlər ki, peşəkarlar bacarır, istədikləri vaxt yazırlar...

– Bəlkə elə istedadlı bir adam olar ki, onun hər danışığı, hər kəlməsi şeir kimi səslənə bilər. Amma bütövlükdə inanmıram ki, şair istədiyi vaxt şeir yaza bilsin.

– Siqaret çəkirsiniz?

– Yox, heç vaxt çəkməmişəm. Çəkənlərlə də həmişə mübarizə aparmışam. Neçə illər bundan qabaq siqaret çəkməyin məhdudlaşdırılması haqqında bir qanun layihəsi də hazırlamışam, təəssüf ki, Milli Məclisdə o qədər tərəfdar tapmadığıma görə qəbul olunmayıb.

– Bəs içki...

– Hərdən içirəm. Toyda, qonaqlıqda, şad günlərdə 50 qram, 100 qramdan imtina etmirəm.

– Deyirlər, şairlərə xüsusi bir içmək icazəsi var...

– Mən elə düşünmürəm. Bu içmək icazəsi deyil, içmək bəhanəsidir. Xüsusən, Sovet hökuməti dövründə bilərəkdən içirdilər ki, hər hansı dedikləri bir sözü sonradan sərxoşluğun ayağına yazıb özlərini müdafiə eləyə bilsinlər. O vaxt içki maskalanma forması idi. Ona görə də fikirləşmirəm ki, hansısa normal bir adam sərxoş olsun və gözəl bir şeir yazsın. Gözəl şeir ayıq başla yazılır.

– Maraqlıdır, vicdanın tərifini necə verərsiniz?

– Vallah, elə şeylər var ki, onlar haqqında düşünmürəm və onların tərifini də bilmirəm. Məsələn, ananın, vətənin, məhəbbətin, allahın, insanın tərifini necə vermək olar ki?

– Sualı başqa cür də qoymaq olar. Sizə görə vicdan nədir?

– Vicdan insanın içində bir tərəzidir. Tərəzinin bir gözünə haqqı, ədaləti, düz bildiyini qoyursan, o biri gözünə isə öz mənafelərini qoyursan. Əgər mənafelərin haqqı, ədaləti üstələyirsə bu artıq vicdansızlıq deməkdir. Yox, bunlar bərabərdirsə deməli, ədalətli və vicdanlı adamsan. Mən vicdanı insanın içindəki ölçü vahidi kimi qəbul edirəm.

– Bayaq dediniz ki, tərəzi bürcündənəm... Deyirlər, tərəzi bürcündən olanlar xaraktercə hərdəmxəyal olur, tez-tez fikrin dəyişən olur, etibarsız olur, külək kimi əsən olur...

– Hə, belə şeylər deyirlər. Amma tərəzilər həmişə çalışır ki, ətrafdakılara yaxşılıq eləsin. Əvvəllər daş tərəzilər olurdu, tərəzi deyəndə mənim gözümünün qabağına o daş tərəzilər gəlir. Daim dolub-boşalırdı, özünə heç nə qalmırdı. Bir tərəfində daş, bir tərəfində ərzaq olurdu, çəkərdi, verilərdi yiyəsinə, gedərdi... Mən öz həyatımı da təxminən, o daş tərəziyə oxşadıram.

– Görəsən, sizin içinizdəki tərəzi çox əyilibmi? Yoxsa həmişə taraz saxlamısınız?

– Həmişə çalışmışam ki, içimdəki tərəzini düz saxlayım. Ancaq buna nə qədər nail olmuşam, bunu özüm deyə bilmərəm, kənardakılar daha yaxşı bilər.

– Özünüzü kimə hesabat verməyə borcu hiss edirsiniz?

– Bircə Allaha! Belə bir şeirim də var.

Nahaqları yıxan haqdı, nə yaxşı,
Gözüm toxdu, könlüm toxdu, nə yaxşı,
Bir kimsəyə borcum yoxdu, nə yaxşı,
Bir tanrının can borcundan savayı.

– Allahla tez-tez dialoqlarınız olur?

– Yox, o qədər də tez-tez danışmırıq, çünki aramızda məsafə çoxdu. Hesab edirəm ki, müəyyən bir kamillik yaşına gəlib çatmalısan, ondan sonra allahla dialoqa girməli və səmimi olmalısan.

Allah rəhmət eləsin, Parlamentin keçmiş sədri Murtuz müəllim bir dəfə məni yanına çağırdı, dedi ki, Səyudiyyə Ərəbistanının şeyxi 10-12 millət vəkilini öz hesabına dəvət eləyir Kəbə, Həcc ziyarətinə. İstəyirəm səni də o siyahına salam. Dedim ki, Murtuz müəllim, mən getmirəm. Dedi, buna görə xahiş edirlər, minnət edirlər, kralın şəxsi qonağı kimi gedirsən. Qayıtdım ki, kral dəvət eləmir, kim dəvət eləyir eləsin, mən içimdə o ziyarətə hazır deyiləm. İçimdə o dərgaha gedib tapınmaq, ziyarət etmək müqəddəsliyini görmürəmsə niyə gedim ki?

– Sizcə, səbəb nədir, az yaşınız yoxdu, bu yaşda özünüzü Həcc ziyarətinə getməyə niyə hazır hiss eləmirsiniz?

– Vallah, bunu dəqiq deyə bilmərəm. O qədər hacılar var, ziyarətə gediblər, yenə də oğurluqlarına, yenə də əyyaşlıqlarına davam eləyirlər. Hətta Kəbə ziyarətinin ilk illərində biri gedib ərəbcə möhürlənmiş yazı gətirmişdi ki, mənə içki içməyə icazə veriblər. Bu cür adamların olduğu halda mən də gedib özümü o sıraya yazdırmaqla hesab edirəm ki, nə özümə, nə də kimsəyə yaxşılıq etmiş oluram. Ola bilər, nə vaxtsa ürəyim ziyarət istəyər, gedərəm. Amma yenə deyirəm, bu gün özümü hazır hiss etmirəm.

– Musa müəllim, bir ömür əyri işlərlə məşğul olub, axıra yaxın Həcc ziyarətinə gedib tövbə eləmək və elə başa düşmək ki, bütün günahlarının üstündən xətt çəkildi... Belə adamlara münasibətiniz necədi?

– İnsan özü özünü aldada bilər, ətrafdakıları aldada bilər, amma insan bu dünyanı yaradanı ki aldada bilməz. Müqəddəs kitablarda, peyğəmbərin hədislərində də var ki, namazlar, oruclar yalnız Allahın qarşısındakı günahların bağışlanmasını xidmət eləyə bilər. Amma insanın digər insanlar qarşısında günahları varsa onda necə olur? Gərək günh elədiyin insan səni bağışlasın. Düzdümü?

Biz Allahdan çox ətrafımızdakı insanlara qarşı günahkarıq. Onların haqqını tapdalayırıq, onların yerini tuturuq, onların əmək haqqını vermirik, onların layiq olduğu şeyləri qəsb eləyib əllərindən alırıq. Bunları misal üçün deyirəm. Yüz dəfə, min dəfə Kəbə ziyarətinə getsək də bu günahları Allah yox, insanlar bizi bağışlamalıdır. Elə deyilmi? İnsanlar bizi bağışlamasa deməli, Allah da bağışlamayacaq.

– Müəllim, devalvasiya millət vəkillərinə də təsir eləyir, yoxsa?

– Maddi mənada?

– Bəli...

– Əlbəttə, bizə də təsir eləyir, çünki biz də maaş alırıq, maaşla dolanırıq.

– Bəs niyə millət vəkillərinin maaşlarının qaldırılması ilə bağlı təkliflər irəli sürülmür?

– Düzdür, bizə deputatların maaşları çox yüksəkdir. Amma fikrimcə, millət vəkilləridir, dövlət qulluqçulardır, hökumət üzvləridir, hakimlərdir, bunlar maaşları həmişə yüksək olmalıdır ki, onlar vəzifələrindən istifadə edib başqa yollarla pul qazanmaq fikrinə düşməsinlər. Halal maaşları onların təminatlarını ödəməlidir. Ona görə də yenə deyirəm, millət vəkilinin, məmurun maaşının yüksək olması tamamilə normal və başa düşülən olmalıdır.

– Musa müəllim, qonşumuzda bir kişi var. Ayda 250 manat maaş alır. Arvadı işləmir, yaxınlarda bir uşaqları da dünyaya gəlib. Ayda 200 manat kirayə haqqı verəndən sonra yerdə 50 manat qalır. Pampers, uşaq yeməyi, dərmanlar, həkimlərə pul, evə yemək-içmək, arvadın, uşağın pal-paltarı, xeyir-şər... Bu kişi nə etməlidir ki, kişilikdən düşməsin? Yəni necə dolanmalıdır? Bir millət vəkili kimi hansı təklifləriniz var?

– Birinci növbədə insan özü bacardığı işlə məşğul olmalıdır. Yəni yüksək maaşlı iş axtarmalıdır. Əgər iş tapa bilmirsə, iş yoxdursa, dövlətin müəyyən qurumları var, dövlət kömək eləyə bilər, müəyyən müavinət verə bilər, yaxud sosial yardım eləyə bilər. Amma bizdə bu işlər tam yoluna qoyulmayıb. Hamımız istəyirik ki, Bakı şəhərində yaşayaq, hamımız istəyirik ki, yaxşı yaşayaq, yaxşı dolanaq...

Biz Çində kənd yerlərini gəzdik, orda əkilməmiş yer yox idi. İnsanlar qarışqa kimi işləyirdi. Neftin dövlətimizin və iqtisadiyyatımızın güclənməsinə böyük xeyri oldu, amma çox ciddi mənəvi ziyanı da dəydi. Biz işləməyi yadırğadıq. Bizim cəmiyyət tənbəl cəmiyyətdi, qoçaq deyil. Kənd yerlərində o qədər imkanlar var, niyə gedib işləmirlər? Hamı deyir ki, dövlət mənə onu eləsin, bunu eləsin. Düzdü, müəyyən məmur maneçiliyi də var, amma bütün dövrlərdə işləyən insan ac qalmayıb.

– Hadı Rəcəbli deyir, müəllimlər daş daşısınlar, suvaq vursunlar, Aqil Abbas deyir, camaat soğan əksin, siz də deyirsiniz ki, insanlar kəndə getsin, yer şumlasınlar?

– Söhbət ondan gedir ki, istər daş daşı, istər soğan ək, kartof ək, dənizdə işlə, kişi birinci növbədə düşünməlidir ki, o, bu ailənin başçısıdırsa hansı yolla, nə yolla olur-olsun arvad-uşağını dolandırmalıdır. Niyə hər şeyi dövlətdən gözləyisiniz ki? Dövlət kimdi, hökumət kimdi? Hamısı bizik də! Dövlət sənə pensiya verir, ünvanlı sosial yardım verir, müavinət verir... İstəyirsən bu dəqiqə əmək nazirliyinə zəng vuraq, deyəcək ki, iş var. Düzdü, az maaşlıdır, amma iş var.

– Siz özünüz həyatın çətinlikləri qarşısında məcbur olub ürəyiniz istəmədiyi işlərlə məşğul olmusunuzmu? Daş daşımaq, soğan əkmək, yer şumlamaq kimi...

– Yox, elə işlər görməmişəm. Mən Tibb Universitetində oxumuşam. O vaxtı elə böyük xərclər yox idi. Valideynlərim işləyirdi, kirayə pulumu göndərirdilər. Özüm də əlaçı oxuyurdum, tələbə təqaüdü alırdım. Sonra həkim işləmişəm, elə bir ehtiyacım olmayıb ki, ikinci bir işlə məşğul olum. Amma həmişə qənaətlə yaşamışam, maaşımı qənaətlə xərcləmişəm. İnsanda pulu qazanmaqdan çox xərcləmək mədəniyyəti olmalıdır.

– Görəsən, 250 manatın 200 manatın ev kirayəsinə verəndə sonra yerdə qalan 50 manatı necə qənaətlə xərcləmək olar ki?

– Onu mən deyə bilmərəm. Xərcləməsən qalar. (gülür) 250 manat kişi alsa, 250 də yoldaşı alsa, gedib kənddə yaşasalar, kirayə pulu da verməzlər. Özü də, yoldaşı da kənddə müəllim işləyər. Kən yeridi, təsərrüfatla məşğul olarlar.

Kənd yerində çox imkanlar var. Getsinlər, toyuq-cücə saxlayıb dolansınlar. Bundan başqa uşaq hazırlaşdırmaq olar. Uşaq pul verməz, əvəzindən pendirindən, yağından verər.

– Motal...

– Hə, motal da ola bilər. (gülür) Bunların hamısı dolanmağın yollardıdı. Biz isə deyirik ki, hamımız Bakıda yaşayaq, əlimizi ağdan qaraya vurmayaq, yaxşı da yaşayaq. Bütün dünya ölkələrində adamların cəmi 10 faizi yaxşı yaşayır, qalanları orta və ortadan aşağı səviyədədir.

Kəramət Böyükçöl
AzNews.az