Sabir Rüstəmxanlı: “Dindarla dövləti üz-üzə qoymaq lazım deyil”

"Bu aksiyaların keçirilməsində məqsəd İran tərəfindən maliyyələşdirilən qurumlar tərəfindən Azərbaycanda qarışıqlıq yaratmaqdır. Azərbaycanın qanunları var və bu qanunlar dünyəviliyə əsaslanır".

AzNews.az-ın məlumatına görə, bunu xalq şairi, millət vəkili Sabir Rüstəmxanlı hicaba görə keçirilən aksiyalara münasibət bildirərkən deyib. O bildirib ki, Azərbaycanda dövlət əhalinin geyimlərinə qarışmır: "Bunu zorla cəmiyyətin probleminə çevirmək lazım deyil. Hər kəs istədiyi kimi geyinir. Amma şagirdlər məktəbə məktəbli formasında getməlidir. 10 il dözə bilmirlər?! Sonra necə istəyərlər, elə də geyinərlər".Millət vəkili qeyd edib ki, bir qrup dindar tərəfindən təşkil edilən aksiyalarda hicab və insan azadlığından söhbəti gedə bilməz: "Burada bir sıra qruplar İrana bağlıdır. Qum şəhərində təhsil alan tələbələrdən biri mənə məktub ünvanlayıb. O, məktubda göstərilir ki, Azərbaycanda din adına danışan, dindən yazılar yazan insanlara fikir verin. Siz bilmirsiz, biz bilirik ki, bu insanlar İranda kimlərdən maliyyə alırlar. O, siyahını da mənə göndərib. Sadəcə, o siyahını dərc etdirmək istəmirəm. Bəlkə hamısı doğru deyil?! Yoxlamadan bunu edə bilmərəm. Mənim də bildiyim bəzi şeylər var. İran televiziya-radio təxribatından əlavə həm də cəmiyyətimizdə iki riyakar siyasət aparır: 1. Sərhədboyu rayonlarımızda cavanlarımızı zəhərləyirlər. 2. İslamı Azərbaycanda siyasiləşdirməyə çalışırlar. Bunun ikisi də Azərbaycan dövləti üçün ağır nəticələr verə bilər. Bütün bunları nəzərə alaraq, hesab edirəm ki, orta məktəbdə dövlətin qoyduğu qayda-qanunla hərəkət etmək lazımdır".

S.Rüstəmxanlı "hicaba azadlıq aksiyası"nda həbs edilənləri siyasi məhbus hesab etmir: "Əgər onlar desələr ki, biz siyasi məqsədlərlə aksiya keçiririk, o zaman siyasi məhbus sayıla bilərlər. Amma onlar özlərini siyasi hesab etmirlər. Deyirlər ki, biz hicaba görə həbs edilmişik. Həmin şəxslər siyasi məhbus yox, hicab məhbusudurlar. Əlbəttə, aksiyalara zorakılığı pisləyirəm. Amma belə inadkarlıqla razılaşdırılmamış aksiyaların keçirilməsini də qəbul etmirəm. Dindarla dövləti üz-üzə qoymaq lazım deyil".

İlkin Pirəli
AzNews.az