Nazir müavini: “Neelie Kroesin kompüterinə müdaxilə olunmayıb” - MÜSAHİBƏ


Rabitə və İnformasiya Texnologiyaları nazirinin müavini Elmir Vəlizadə AzNews.az-a eksklüziv müsahibə verib. Həmin müsahibəni təqdim edirik.

- Bu ayın əvvəllərində Bakıda beynəlxalq idarəçilik forumu keçirilib. Həmin forumda iştirak edən Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroes forumdan sonra iddia etdi ki, onun kompüterinə müdaxilə olunub. Bu, nə dərəcədə realdır?

-Noyabrın əvvəllərində Azərbaycan bir neçə beynəlxalq tədbirlə ev sahibiliyi edib. Onlardan biri "BakuTel-2012" 18-ci Azərbaycan beynəlxalq "Telekommunikasiya və informasiya texnologiyaları" sərgisi, digəri isə 7-ci beynəlxalq internet idarəçiliyi forumudur. Bütün bu tədbir böyük əhəmiyyət daşıyıb və Azərbaycanın bu sahədə inkişafını bir daha nümayiş etdirib. Bu tədbirlərdə dünyanın tanınmış şəxsləri də iştirak ediblər. Çox təəssüf ki, bu tədbirlərdə iştirak edən müəyyən şəxslər və qüvvələr Azərbaycanda gedən sürətli inkişafa qarşı qərəzli mövqe nümayiş etdiriblər. Bunların sırasında həmin vaxtı Azərbaycanda səfərdə olmuş Avropa Komissiyasının vitse-prezidenti Neelie Kroesin adını çəkmək olar. O, Azərbaycandakı mövcud vəziyyətlə tam tanış olmadan hansısa mənbələrə əsaslanaraq, ölkəmizdə internet və ifadə azadlığının olmadığını qeyd edib. Hətta o bəyan edib ki, guya, Bakıda onun kompüterlərinə hansısa haker müdaxiləsi olub. Hesab edirəm ki, bütün bunlar tam əsassız bəyanatlardır və hər hansı faktlara əsaslanmır. Çünki, bu cür hallarla bağlı öz verdikləri bəyanatlardan savayı hər hansı rəsmi şəxslərə müraciət edilməyib. Digər tərəfdən isə onlar iddia edirlər ki, bu, oteldə baş verib. Amma onlar bu barədə gəlib forumda açıqlamalar verirlər. Bütövlükdə isə bu cür hallar nə oteldə, nə də digər yerlərdə baş verməyib və bununla bağlı hər hansı dəlil-fakt mövcud deyil. Bütün bunlar Azərbaycanda gedən sürətli inkişafı bəzi qüvvələrin qəbul edə bilməməsindən qaynaqlanır.

- Hazırda Azərbaycanda informasiya təhlükəsizliyi nə dərəcədə təmin olunur?

-Son vaxtlar qəbul olunmuş qərarlara baxsaq, görərik ki, Azərbaycanda bu sahə çox böyük diqqət mərkəzindədir. Burada əsas söhbət odur ki, internet və digər İnformasiya Kommunikasiya Texnologiyaları (İKT) istifadəçiləri öz təhlükəsizlikləri üçün şərait yaratmamalıdır. Bilirsiz ki, bu yaxınlarda Prezident İlham Əliyev tərəfindən dövlət orqanlarında informasiya təhlükəsizliyinin təmin olunması üçün xüsusi dövlət agentliyi yaradılıb, ölkədə informasiya təhlükəsizliyinin təmin olunması üçün müvafiq addımların atılması və yeni imkanlar yaradılıb. Amma burada ilk növbədə hər istifadəçi diqqətli olmalıdır. Burada həm vətəndaşlar, həm istifadəçilər, həm də dövlət qurumları birlikdə çalışmalıdırlar. İndi Azərbaycanda informasiya təhlükəsizliyi gündən-günə daha da təkmilləşdirilir və gücləndirilir.

- Azərbaycan peykinin orbitə buraxılacağı tarix dəqiqləşib?

-Azərbaycanın peyki 2013-cü ilin fevralında orbitə buraxılacaq. Bizdən asılı olmayan səbəblərə görə müəyyən ləngimələr yaranıb. Bu isə orbitdə raketlərin növbəsinin yaranması ilə bağlıdır. Azərbaycan peyki sığortalanıb və burada hər hansı narahatçılığa əsas yoxdur.
Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında" Sərəncamına və "Azərbaycan Respublikasında kosmik sənayenin yaradıması və inkişafı üzrə Dövlət Proqramı"na müvafiq olaraq, görülən işlər çərçivəsində RİTN ilə Malayziyanın "MEASAT Satellite Systems" şirkəti arasında danışıqlar aparılıb, Beynəlxalq Telekommunikasiya İttifaqı tərəfindən Malayziyaya ayrılmış "46.0ºŞ. Azerspace/Africasat-1a" peyki üçün optimal orbital mövqe hesab edilib və həmin şirkətlə bu orbital mövqedən istifadəyə dair müqavilə imzalanıb. Bundan sonra isə RİTN tərəfindən ilk telekommunikasiya peykinin istehsalı ilə bağlı tender elan edilib. Tender komissiyası təkliflərinin qiymətləndirilməsi və müqayisəsi əsasında ABŞ-ın "Orbital Sciences Corporation" şirkətini tenderin qalibi elan edib və bu şirkətlə 2010-cu il mayın 27-də "Azərspace/Afrikasat-1A" peyki və əlavə avadanlıqlara dair müqavilə" imzalanıb. Raketdaşıyıcının seçilməsi üzrə yerli və xarici ekspertlərin müsbət rəyi, maliyyə və texniki göstəricilər nəzərə alınaraq, Fransanın "Arianespace" şirkəti ilə 2010-cu ilin noyabrın 5-də Azərbaycanın ilk telekommunikasiya peykinin "Ariane -5" raketdaşıyıcısı ilə orbitə çıxarılması haqqında "Buraxılma Xidmətləri Müqaviləsi" imzalanıb. Peykdə "C" və "Ku" tezlik zolaqlarında 36 transponder nəzərdə tutulur və peyk vasitəsilə Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli telekommunikasiya və yayım xidmətləri təşkil ediləcək. Layihənin ümumi dəyəri təxminən 250 milyon ABŞ dolları təşkil edir. Hazırda peykin istehsalı tamamlanıb və zavod testləri mərhələsinə başlanılıb. Peykin 2013-cü ilin fevralında Cənubi Amerikada yerləşən Fransanın Qviana Kosmik Mərkəzinin Kuru kosmodromundan geostasionar orbitə çıxarılması nəzərdə tutulur.

- Ölkədə İKT sektorunun inkişaf perspektivini necə görürsüz?

-Azərbaycanda İKT sektoru hazırda həm iqtisadiyyat, həm də ölkənin ümumi sosial-iqtisadi inkişafına xidmət edən digər sahə kimi dinamik inkişaf etməkdə davam edir. Bu sahə hər 3 ildə 2 dəfə genişlənir və son 8-10 il ərzində sektor üzrə orta illik artım tempi 25-30 faiz təşkil edir. Ötən ildə artım 13 faiz olub və bu sektorun həcmi təqribən 1,4 milyard manata çatıb. Bu ilin 9 ayı ərzində isə sektorda 1,1 milyard manat gəlir əldə edilib, artım tempi isə 18,2 faiz təşkil edib. Gəlirlərin 80 faizi özəl sektorun payına düşür və bu, ölkədə biznes-mühitin yaxşılaşdırılması və özəl sektorun fəaliyyətinin gücləndirilməsi ilə bağlı görülən məqsədyönlü işlərin nəticəsidir. Bu yaxınlarda Dünya Bankı və Beynəlxalq Maliyyə Korporasiyası tərəfindən açıqlanan nüfuzlu "Doing Business-2013" hesabatında Azərbaycanın 185 ölkə arasında 67-ci yerdə qərarlaşması ölkəmizdə biznes və investisiya mühitinin əlverişliliyini bir daha əyani şəkildə göstərir. Artıq ölkə əhalisinin 65 faizi internet, onların yarısı isə genişzolaqlı internet istifadəçisidir və bu iki göstərici üzrə Azərbaycan ümumdünya orta göstəricisini 2 dəfədən çox qabaqlayır. Mobil rabitə sahəsində də göstəricilərimiz yüksək səviyyədədir, hazırda ölkədə hər 100 nəfərə 110 mobil telefon düşür, ən yeni texnologiya – "4G" xidməti tətbiq edilib.

İKT-nin inkişafı sahəsində aparılan fəaliyyət beynəlxalq təşkilatlar tərəfindən də yüksək qiymətləndirilir. Belə ki, Beynəlxalq Telekommunikasiya İttifaqının qiymətləndirməsinə əsasən Azərbaycan son 10 ildə İKT üzrə ən sürətlə inkişaf edən ölkələr sırasındadır. Davos İqtisadi Forumunun "Qlobal İnformasiya Texnologiyaları-2012" hesabatında isə Azərbaycan "Şəbəkə hazırlığı indeksi"nə görə dünyanın 142 ölkəsi arasında 61-ci yerə yüksələrək bir sıra göstəricilər üzrə qabaqcıl ölkələr sırasında olub.

Vasif Həsənli
AzNews.az