Şəhid ailəsi və İH-dən Tolikin qəbir daşını düzəltdirmə istəyinə - Reaksiya

Bir neçə gün əvvəl son aylarda şəhid olan əsgərlərimizdən 3-ünün baş daşının hələ də qoyulmamasıyla bağlı məlumat vermişdik.


Bildirmişdik ki, aprel döyüşlərində həlak olan Mirzəyev Elvin və Qayıbov Elvinin, həmçinin may ayında şəhid olan Yüzbəyov Əmrahın qəbir daşları qoyulmayıb.
Prodüser Tarix Əliyevin (Tolik) bu gün sosial şəbəkədə Elvin Mirzəyevin qəbir daşını qoydurmaq istəməsiylə bağlı müraciəti məsələni yenidən gündəmə gətirib. Tolik qəbrin qoyulmasıyçün lazım olan vəsaiti verməyə hazır olduğunu bildirib.

AzNews.az-ın əməkdaşı məsələ ilə bağlı Elvin Mirzəyevin ailəsi ilə əlaqə saxlayıb. Şəhidin qardaşı Namiq Mirzəyev bildirib ki, prodüser Tolikin müraciətinə bu gün cavab veriləcək: "Biz onunla telefonla danışdıq. Mən ata-anamın rəyini almadan bununla bağlı qərar verə bilmərəm. Digər bir tərəfdən bu gün Xaçmaz Rayon İcra Hakimiyyətində şəhidlərlə bağlı tədbir var. Gözləyək görək, aidiyyəti qurum nə cavab verəcək".

Məsələ ilə əlaqədar Xaçmaz rayon İcra Hakimiyyətinin də rəyini öyrəndik. İH-nin ictimai-siyasi və humanitar məsələlər şöbəsindən bildirdirlər ki, şəhid Elvin Mirzəyevin medalı bu gün onun ailə üzvlərinə təqdim olunacaq. Qurumdan onu da qeyd etdirlər ki, hazırda Müdafiə Nazirliyinin nümayəndələri Xaçmazdadır: "Yəqin ki, qəbrin düzəldilməsi məsələsi də müzakirə olunacaq. Bu, nəzərdə tutulub. Əgər vətəndaş hər hansı bir arzu ilə çıxış edirsə, bu, onun istəyidir. Şəhid ailələrinə yardım edən o qədər iş adamları, imkanlı şəxslər var ki... Xeyriyyəçi insanlara yol hər zaman açıqdır".

Bahar RÜSTƏMLİ
AzNews.az