“Bank of Baku” aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin kredit borcunu silib. “Bank of Baku” aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin kredit borcunu silib.

“Bank of Baku” şəhid ailəsinin borcunu sildi

“Bank of Baku” aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsinin kredit borcunu silib.


Bu barədə AzNews.az-a bankdan məlumat verilib. Redaksiyamıza daxil olan məlumatda bildirilir ki, şəhidin atasının, həmçinin anasının da kredit borcları bağlanıb:

"Bildirmək istəyirik ki, Bank of Baku şəhidlərimizin və qəhrəmanlarımızın ailə üzvlərinə dəstəyini heç bir zaman əsirgəməyib. Belə ki, 4 dekabr 2015-ci il tarixində "Günəşli" neft yatağının 10 saylı dərin dəniz özülündə baş vermiş yanğın nəticəsində həyatını itirən və itkin düşən 11 nəfər nefçinin və aprel döyüşlərində şəhid olan əsgərlərin Bank of Baku-da mövcud olan bütün kredit borcları bankın rəhbərliyinin qərarı ilə bağışlanıb.

Xəbərlərdə adıçəkilən Baxışov Seymur Qulamhüseyn oğlunun şəhid olması haqqında xəbəri əldə etdikdən sonra onun Bank of Baku-da olan bütün kredit öhdəlikləri tamamilə silinib və borcunun bağışlanmasına dair məlumat ailəsinə təqdim olunub. Şəhidimiz Baxışov Seymur Qulamhüseyn oğlunun anası Baxışova Zenfira Həsən qızının bankımızda olan kreditlərinin bağışlanması barədə qərar qəbul olunub və tez bir zamanda icra olunacaq. Məlumat üçün bildirək ki, şəhidimizin atası Baxışov Qulamhüseyn İzzət oğlunun da Bankda olan kredit öhdəlikləri üzrə güzəştli şərtlər tətbiq edilmişdir və tamamilə bağlanmasına bank tərəfindən dəstək göstərilib.

Bankın əməkdaşının davranışına gəldikdə isə, bu məsələ ciddi araşdırılır və lazımi tədbirlər görüləcək".

Bankdan verilən məlumatda qeyd olunur ki, adıçəkilən şəhidimizlə yanaşı digər şəhid Orucov Müşviq Arif oğlunun anasının da kredit borcu silinib: "Bankın daimi müştəriləri sırasında olması xəbərini əldə etdikdən sonra, onun da kredit borcu Bank of Baku tərəfindən bağışlanıb".

Qeyd edək ki, Seymur Baxışovun ailəsi dünən saytımıza müraciət edərək "Bank of Baku" tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdi:

"Kreditimizi hər ay ödəyirdik. Aprel ayında oğlum şəhid oldu. O vaxtdan sonra işləmədiyim üçün krediti ödəyə bilmirəm. Devalvasiyadan sonra götürdüyüm məbləğ təxminən 3000 manata yaxın olub. Onlar da mənə zəng edib, hədə-qorxu gəlirlər. Deyirlər ki, pulu ödəməsəniz, sizin haqqınızda hüquq-mühafizə orqanlarına şikayət edəcəyik. Deyirəm ki, oğlum şəhid olub, maddi durumumuz çətinləşib, ona görə götürdüyümüz krediti qaytara bilmirik. Bank nümayəndəsinin cavabına baxın: "Nə olsun, bizə görə şəhid olmayıb ki... Olub, olub da, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin". Hələ üstümə qışqırır da. Bəs mənim uşağım kimə görə şəhid olub?"