270 şəhidə başdaşı qoyduran

Aida Eyvazlı


Bir işimiz çətinə düşəndə əllərimizi GÖYLƏRƏ açıb aman diləyirik. İnsan oğlu yaranışdan belədir! Kimi üçün Tanrı, kimi üçün Allah, kimi üçün "KƏHKƏŞAN", kimi üçün də "YARADAN" deyib sığındığı, doğulduğu gündən hər kəsin üzərinə bir missiya , bir borc qoyur. Xoş o kəslərin halına ki, ondan yuxarıdakı inandığına xəyanət etmir, əməli düz, işi düzənli, kimsəyə yalan demir, kimsənin qəlbin qırmır, əlsizə əl tutur, yetimin başın sığallayır.

Belə insanlar, əslində üzərlərinə Allahın qoyduğu missiyanı tək yerinə yetirir, "Sağ əlin verdiyindən, sol əlin xəbəri olmaz"- deyir.

Sağ əli ilə verdiyini, sol əlinə söyləməyən, Tanrının da, Allahın da, Yaradanın da, kasıbın da, yetimin də sevdiyi bir KİŞİ var idi , Sumqayıtda. Bu gün 40 gündür ki, yoxdur, aramızda. Mənim üçün Ağamirzə dayı, atam üçün dost, kimlər üçünsə son ümid yeri, kimlər üçün isə "Karvan"ın sahibi.

Sumqayıtda köhnə kişilər var idi. Biz böyüdükcə o kişilər tərk etməyə başladılar bizi. Ömürlərinin vəfası bu qədər oldu. Atamı 2005-ci ilin sentyabr ayında itirdim... Bilirdim ki, qapısını hər zaman döyə biləcəyim bir ağsaqqalım, həm də atamın yaxın, etibarlı dostu var bu şəhərdə. Amma nə atamın o kişidən, nə də o kişinin atamdan heç bir asılacaqları yox idi. İkisi də bilirdilər ki, şirvanlıdırlar, oxşar cəhətləri də o idi ki, atam da, o da torpağı və vətəni, zəhməti sevirdi. Atam dərzi idi, Ağamirzə dayı böyük bir bazarın sahibkarı və iş adamı. Heç aralarında alış-verişləri də olmurdu. Oxşar cəhətləri bir də o idi ki, atam da hər gün bazara gedirdi: təzə meyvə-tərəvəz almaq üçün, Ağamirzə dayı da hər gün Sumqayıtda hamının üz tutduğu bazara gəlirdi, üzərinə düşən işini , missiyasını yerinə yetirmək üçün. Atam qohumlarının və ən yaxınlarının yükünü çəkirdi, Ağamirzə dayı isə bütün şəhərin yükünü çəkirdi çox vaxt...
Bazar - insanların məişət və ev qayğılarının ünvanı. Mənə elə bir tarixı dövr göstərin ki, o dövrün bazarı olmasın. İnsanların bütün münasibətləri də bazarlarda formalaşır. Tarix əsərlərinin, tarixi kinoların da ssenarisini çox vaxt bazarlarla əlaqələndirirlər ki, daha koloritli olsun.

Azərbaycanın insanlarının koloritidir bazarlar. Bu bazarda gəl görüm neçə baş çıxarırsan. Bu bazarda baş çıxarmaq üçün müdrik olmalısan. Ağamirzə Əhədov da müdrik idi. Və son illərə – 2013-cü ilə qədər baş çıxara bildi Sumqayıtın məişət yükünü özündə daşıyan "Karvanda".

Hərdən insanlardan küsəndə, məsləhət lazım olanda ağsaqqalım bildiyim Ağamirzə dayının yanına gedərdim. Heç vaxt deməzdi ki, çətinliyi var. Həmişə gülərdi, özünəməxsus təbəssümü var idi. Ona yaman yaraşırdı bu təbəssümü. Qapısında nə qədər insanlar düzlərdi... Heç onun qapısından boş qayıdan görmədim ki...Hər kəsə əl tutdu, hər kəsə yardım etdi. Hər kəslə dil tapdı. Və kimsənin qaraşısında əyilmədi.

Ağzı ayrıq insanlar çox danışdı, çox dedi. "Qazandı, yedi, dağıtdı..."- deyən bədnamlar da oldu, amma heç kim bilmədi ki, Ağamirzə Əhədov kiminsə arzusu ilə yox, daha çox öz xoşu ilə, şəhərimizin abadlaşdırılması üçün, xeyriyyə fondları üçün ən çox vəsait xərcləyən kişi idi. Çoxları bilmir ki, Sumqayıtdakı Şəhidlər Xiyabanındakı 270 şəhid məzarının üzərinin baş daşını Ağamirzə Əhədov saldırmışdı.

Keykavusun "Qabusnamə" kitabında belə bir məqam var, müdrik filosof yazır ki, əsil kişinin özündən sonra kitab, ağac, ev və yurdunda oğlu olmalıdır. Anadan olduğu Ucarın Çiyni kəndində Heydər Əliyev adına park tikintisini başa çatdırdı. Onun ən sevdiyi, hörmət etdiyi insan savadlı və ağıllı şəxslər idi. Anadan olduğu kənddə məktəb tikdirdi. O məktəbin xərcini gözünü yumana kimi özü çəkdi. Nə qədər məscid və mədrəsələr təmir etdirdi, bunun sayını özü bilir. Azərbaycan bayrağını çox sevirdi. Kəndinin gircəyəində bayraq meydanı ucaltdı. Hər dəfə bayraq deyəndə, onun gözlərində yanan işığı görmüşdüm. Bu onun üzdə etdiyi xeyirxah əməlləri idi...
İnsanlara o qədər yardımlar, xeyirxahlıqlar etdi ki, onu kimsə bilmədi. Nə zaman soruşsam dedi ki, "Sağ əlin verdiyini sol əl bilməməlidir. İnsanlara əl tutanda sevinirəm, o gecə rahat yatıram. Başına işmi qəhətdir, öz işinlə məşğul ol. Mən Allahıma xoş olsun deyə , edirəm insanlara köməyi. O kişi bildisə, bəsimdir".

Bir dəfə də var-dövlətdən söhbət düşəndə dedi: "Qızım, mən oğlanlarıma buradan heç nə vermirəm, qoy özləri qazansınlar, mən xalqım üçün yaşayıram. Əgər mənə sadiqdirlərsə, məni dəyərləndirirlərsə, özləri öz yollarını tapıb, adıma hörmət gətirəcəklər. Mənə atam verməyib, bu şəhərdə nə qazanmışamsa, əməlimlə, hərəkətimlə qazanmışam. Böyük oğluma demişəm, hər şeyi bilir. Savadlı hüquqşünasdır, o da Allahını, haqqı tanıyan biridir. Xoşbəxt atayam, Sevda kimi qızım var, oğlanlarıma demişəm ki, cibimdə axırıncı bir qəpiyim qalarsa, son nəfəsimdə sözümü deyə bilmərəmsə, o sonuncu paramı qızıma verəcəm. Çünki, kişiyə nə var ki, gedib araba da sürər, ailəsini saxlayar. Adam evində gəlininin, qızının dəyərini bilməsə, çöldəki gəlinə-qıza dəyər verə bilməz. Sevda qızımla fəxr edirəm. Siyasi elmlər üzrə doktordur. Həmişə üzümü ağ edib. Onunla nəfəs alıram...".

... Amma neyləyəsən ki, dünyada pisliklərdən, şərdən zövq alanlar, insana tələ quran şeytanlardan da xali deyil dünyamız. Ağamirzə dayının da üzünə gülüb, dalınca ayaqlarının altını qazanlar çox idi. Və zaman-zaman pisliklərini edirdilər. Gah maskalı dəstə ilə bazara hücum çəkdilər. Kişi o maskalıları sözü ilə ram edib yola salmışdı, seyfində olandan da "tula payı" verib yiyəsinin üstünə göndərmişdi. Sonra həmin maskalılardan biri deyəcəkdi ki, bu kişinin mərdliyinə heyran qaldıq. Bizi görəndə tükü də tərpənmədi...

***
9 oktyabr 2013-cü il... Axşam saat 7-dən sonra Şəhərə əvvəlcə səs yayıldı ki, "Karvan"da yanğın var. Sonra "Karvan"ın tüstüsü yayıldı şəhərə... Vicdansızlığın son həddini keçən şərəfsiz birinin sifarişi və yaxşı hazırlanmış cinayətkar əməli nəticəsində o boyda bazarda yanğın aləmi başına götürdü. Neçə-neçə kasıb insanın, iş adamının son ümidi, çörək yeri, həyatı yandı o bazarda. Bazarı yandıranlar mənən Ağamirzə Əhədovu yandırmaq istədilər, lakin neçə insanın ailəsinə od düşdü. Ağamirzə Əhədov hadisə yerinə gəldi. Həyəcanını büruzə vermədi. Hətta mahir fotoqraflardan biri gülə-gülə şəklini də çəkməyə müvəffəq oldu. Gözəl şəkil alınmışdı. Ağamirzə Əhədov gülürdü. Əsil kişi ağlamaz, dərdə boyun əyməz, axı.

1 il sonra, Ağamirzə Əəhədobun doğum günündə , 19 oktyabr 2014-cü ildə yenə od vurdular bazara. Bu o zaman idi ki, sahibkar tezliklə bazarın qapılarını kiçik sahibkarların üzünə açmaq istəyirdi ki, balalarını, evlərini dolandırsınlar. Bankların onlara yüklədiyi borclardan qurtulsunlar...

Ağamirzə kişi isə dayandı. Sahibi olduğu "Karvan" ticarət mərkəzini yenə abadlaşdırmaqda, tikməkdə davam etdi... Bir dəfə "Düşməninin kim olduğunu bilirmi?" — soruşanda, yenə o yumşaq təbəssümü ilə gülüb, dedi: "Onu deməzlər".

Düşmənini bilirdi, Allah ömürdən vəfa etmədi ki, onu əməli ilə cəzalandırsın. Ancaq o düşmənçilik ömrünə zərbə vurdu şəhərimizin ağsaqqalının, şəhərimizdə neçə-neçə ailənin dar ayaqda ümid yeri olan, kömək qapısı olan Ağamirzə dayının. Ağsaqqala toxunan yanan bazar deyildi, dünya malı dünyada qalır. Onu narahat edən, evinə çörək pulu aparan insanların əzabı idi...

Nadan olmayan insanlar nadanları görəndə donurlar. Və həmin nadanlar dondurdu o kişini. Və bu il iyun ayının 4-də gözlərini bu dünyaya əbədi yumdu. Bilirsinizmi ki, öləndə üzündə-gözündə təbəssüm apardı, canını yuxuda Allahına qaytardı. Ruhu sevdiyi Allahının yanına üzü ağ getdi. Çünki, gözəl əməl sahibləri bu dünyadan ayrılanda üzlərində gözəl təbəssümləri olur, həmin təbəssümlə də GÖYdəki dərgaha daxil olurlar. Onun ruhu gözəl ruhların karvanına qarışdı. Siz də elə yaşaya bilərsinizmi ki, ruhunuz o karvana qarışsın?!

Bu dünyanın pisliklərindən küsüb gedən Ağamirzə Əhədovun, o gözəl GÖY MƏKANINda ruhu şaddır. Ən azı əməllərinə görə qarşılandı. Və yəqin ki, özündən sonra qalan ömür kitabı, tikdiyrdiyi məktəb və soyadının ardıcılları olan övladları da onun adına və əməlinə uyğun yaşayacaqlar ki, o GÖYLƏRDƏ dolanan ruhu həmişə şad etsinlər. Nə vaxtsa, orada ataları ilə qarşılaşanda üzünə üzüağ çıxa bilsinlər!