- Siyasi müzakirə
- 17:27
- 970
“Baş verən proseslər həm imkanlar, həm də ciddi risklər yaradır” – Akif Nəsirli
"Yaxın Şərqdə müşahidə olunan gərginliklər Azərbaycanın həm enerji, həm də tranzit ölkə kimi mövqeyinə eyni zamanda müsbət və mənfi təsirlər göstərə bilər. Bir tərəfdən, bölgədə sabitliyin pozulması alternativ marşrutlara olan tələbatı artırır ki, bu da Azərbaycanın rolunu daha da ön plana çıxara bilər. Xüsusilə Avropa üçün enerji təhlükəsizliyi məsələsi aktuallaşdıqca, Azərbaycan qazına və tranzit imkanlarına maraq yüksəlir. Bu isə ölkənin strateji əhəmiyyətini artırmaqla yanaşı, iqtisadi potensialını da genişləndirə bilər".
Bu fikirləri Aznews.az-a açıqlamasında Liberal İqtisadçılar Mərkəzinin sədri Akif Nəsirli deyib.
Qeyd edək ki, Yaxın Şərqdə cərəyan edən gərgin hərbi-siyasi hadisələr yalnız region üçün deyil, həm də qlobal enerji və nəqliyyat sistemləri baxımından böyük əhəmiyyət kəsb edir. Bu proseslər beynəlxalq bazarlarda enerji qiymətlərinə və marşrutların təhlükəsizliyinə birbaşa təsir göstərir. Eyni zamanda, alternativ tranzit yollarına olan tələbatın artması yeni geoiqtisadi imkanlar da yaradır.
O qeyd edib ki, digər tərəfdən, geosiyasi risklərin artması regionda ümumi qeyri-müəyyənliyi daha da dərinləşdirir.
"Münaqişələrin genişlənməsi nəqliyyat dəhlizlərinə, enerji infrastrukturuna və investisiya mühitinə mənfi təsir göstərə bilər. Eyni zamanda, böyük güclər arasında rəqabətin kəskinləşməsi Azərbaycanın balanslı siyasət yürütməsini daha da çətinləşdirə bilər. Nəticə etibarilə, baş verən proseslər həm yeni imkanlar, həm də ciddi risklər formalaşdırır. Azərbaycanın bu şəraitdən necə yararlanacağı isə əsasən düzgün diplomatik xətt, güclü təhlükəsizlik tədbirləri və effektiv iqtisadi strategiyadan asılı olacaq".
Rəfiqə Namazəliyeva,
AzNews.az