Azərbaycan rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir. Azərbaycan rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir.

Çimərliklərə “mavi bayraq“ verilməlidir - Nazir

Azərbaycan rəsmi qeydiyyata alınmış 92 çimərlik fəaliyyət göstərir.


AzNews.az-ın Mədəniyyət və Turizm Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, bunu mədəniyyət və turizm naziri Əbülfəs Qarayev "Azərbaycanın çimərlik əraziləri üçün planlaşdırma və idarəetmə modeli"nə həsr olunmuş tədbirdə deyib.

Nazir bildirib ki, bu çimərliklərdə Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqələri əhalinin təhlükəsiz şəraitdə istirahəti üçün xidmət göstərir:

"Ölkəmizdə çimərlik turizminin inkişaf etdirilməsi üçün böyük potensialın olmasına baxmayaraq, bundan istifadə imkanları istənilən səviyyədə deyil. Bu sahədə qanunvericilik bazasının gücləndirilməsi və çimərliklərin dünya standartları səviyyəsinə çatdırılması üçün müvafiq normativ-hüquqi sənədlərin qəbul olunması vacibdir. Çimərliklər mütəxəssislər tərəfindən müxtəlif kriteriyalara görə qiymətləndirmədən uğurla çıxanlar bu statusa malik olurlar. "Mavi bayraq" qalib çimərliyin diqqətçəkən hissəsinə sancılır və onun yüksək imic qazanmasına xidmət edir. Bizdə mövcud olan çimərliklərin heç biri belə bayraqla təltif olunmayıb. Bu sahədə qardaş Türkiyə dünya ölkələri arasında qabaqcıl yerlərdədir. Biz bu təcrübədən yararlana bilərik və bu da ölkəmizdə bu turizm növünün inkişafına təkan verər".

Nazirliyin Turizm şöbəsinin Planlaşdırma və inkişaf sektorunun müdiri Mahir Qəhrəmanov qeyd edib ki, Xəzər dənizinin Azərbaycana düşən hissəsinin 60-70 faizində çimərlik turizminin yaradılması üçün müvafiq şərait mövcuddur.

Sonda qərara alınıb ki, Mədəniyyət və Turizm Nazirliyinin əlaqələndiriciliyi ilə tədbirdə iştirak edən nazirlik və icra hakimiyyətlərinin nümayəndələrindən ibarət işçi qrupu yaradılsın. İşçi qrupu tərəfindən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində yerləşən çimərliklərdə dəniz suyunun təmziliyi, ərazinin ekoloji vəziyyətinin yaxşılaşdırılması və xidmət səviyyəsinin vəziyyəti ilə əlaqədar baxış keçirilsin. Mövsümün sonunda aparılan araşdırmaların nəticələri elan edilərək, nümunəvi çimərliklər mükfatlandırılsın, eləcə də çimərliklərin fəaliyyətinin yaxşılaşdırılması ilə bağlı fəaliyyət planının hazırlanması təklif olunacaq.