Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.

II və III ixtisas qrupları üzrə qəbul imtahanının vaxtı bilindi

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) iyulun 23-də 2016/2017‑ci tədris ili üçün Azərbaycan Respublikasının ali təhsil müəssisələrinə qəbul olmaq istəyən cari ilin məzunları üçün II və III ixtisas qrupları üzrə qəbul imtahanı keçirəcəkdir.


Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından AzNews.az-a verilən məlumata görə, imtahan Respublikanın 11 şəhərində - Bakı, Naxçıvan, Gəncə, Sumqayıt, Mingəçevir, Şəki, Ağcabədi, Göyçay, Şirvan, Lənkəran və Xaçmaz şəhərlərində ümumilikdə 55 binada aparılacaq. İmtahanların idarə olunmasına 260 imtahan rəhbəri və orta ümumtəhsil müəssisələrindən 2445 nəzarətçi-müəllim, o cümlədən zal nəzarətçisi qismində 88 nəfər ASAN Xidmətin könüllüləri cəlb olunacaq.

Bütün regionlarda imtahanlarda iştirak edəcək nəzarətçilər, imtahan rəhbərləri, mühafizə əməkdaşları ilə təlim-seminarlar keçirilmişdir. İmtahan zallarında abituriyentlərin rahat şəkildə imtahan verməsi üçün zəruri şərait yaradılmış, imtahan binalarının girişlərində təhlükəsizliyin və buraxılış rejiminin operativliyinin təmin edilməsi üçün "stasionar metal axtaran aparat"lar quraşdırılmışdır. İmtahan mərkəzlərinə təhlükəsizliyin təmin edilməsi məqsədilə imtahandan bir gün əvvəl Xüsusi Dövlət Mühafizə Xidmətinin əməkdaşlarının iştirakı ilə son baxış keçirilib və bütün imtahan zalları, giriş-çıxış qapıları, binalar möhürlənməklə Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin əməkdaşlarının mühafizəsinə verilib.

Məlumat üçün bildirək ki, imtahanda 29196 abituriyentin iştirakı nəzərdə tutulur. Onlardan 16197 abituriyent II qrup üzrə, 12999 abituriyent III qrup üzrə imtahan verəcəkdir.

Abituriyentlərdən 26346 nəfəri Azərbaycan bölməsinin (II qrup üzrə 14340, III qrup üzrə 12006 nəfər), 2850 nəfəri isə rus bölməsinin (II qrup üzrə 1857, III qrup üzrə 993 nəfər) məzunudur. Abituriyentlərin 13391 nəfəri oğlanlar (II qrup üzrə 10110 nəfər, III qrup üzrə 3281 nəfər), 15805 nəfəri isə qızlardır (II qrup üzrə 6087 nəfər, III qrup üzrə 9718 nəfər). 28069 nəfər orta ümumtəhsil məktəblərinin, 10 nəfər ali təhsil müəssisələrinin, 1117 nəfər isə orta ixtisas təhsili müəssisələrinin məzunudur. 198 abituriyent xarici ölkələrin vətəndaşıdır. Ən yaşlı abituriyent 1976-cı ildən, ən gənci isə 2001-ci ildəndir.

Bakı şəhərində 12858, Naxçıvanda 1430, Gəncədə 3769, Sumqayıtda 1424, Mingəçevirdə 1424, Şəkidə 1748, Ağcabədidə 1261, Göyçayda 1320, Şirvanda 1055, Lənkəranda 1867, Xaçmazda isə 1006 abituriyentin imtahan verəcəyi gözlənilir.

İmtahanın gedişini işıqlandırmaq üçün 55-dək KİV nümayəndəsi TQDK-da akkreditasiyadan keçmişdir.

Bu imtahanda iştirak etmək üçün ərizə vermiş abituriyentlər iyulun 13-dən etibarən TQDK-nın internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap edirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Yaddaş kitabçası"ndan çıxarış da təqdim olunur. Burada abituriyentlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Abituriyentlər imtahana özləri ilə 2 sənəd gətirməlidirlər:

- şəxsiyyəti təsdiq edən sənədin əsli;

- "İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda abituriyent imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan abituriyentlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

İmtahan başa çatdıqdan dərhal sonra müstəqil ekspertlər tərəfindən test suallarının ekspertizası aparılacaq. Həmin gün "Space" telekanalında canlı yayımlanan "Abituriyent" verilişində TQDK-nın məsul əməkdaşları və ekspertlər tərəfindən imtahanda istifadə olunmuş sualların düzgün cavabları və test tapşırıqları ilə bağlı geniş izahat veriləcək. İmtahanda istifadə olunmuş sualların düzgün cavabları eyni zamanda TQDK-nın internet saytında və Facebook səhifəsində yerləşdiriləcək.

İmtahan vermiş abituriyentlərin cavab kartlarının emalı başa çatdıqdan sonra nəticələr və hər bir abituriyentin cavab kartının qrafik təsviri TQDK-nın internet saytında yerləşdiriləcək. Abituriyentlər imtahan nəticələri barədə məlumatı həmçinin mobil telefonla iş nömrələrini 7727 nömrəsinə göndərməklə öyrənə biləcəklər.