Deputat jurnalistləri SÖHBƏTƏ çağırdı

15 saylı Yasamal birinci seçki dairəsindən Milli Məclisin deputatı seçilən Etibar Hüseynov jurnalistləri çay süfrəsinə, "qalstuksuz" söhbətə dəvət edib. Bu barədə Modern.az-a deputatın özü bildirib.

O, Modern.az saytında "Parlament jurnalistləri deputat Etibar Hüseynovu belə xarakterizə etdilər" başlıqlı yazıdan sonra media nümayəndələrini söhbətə dəvət etmək qararına gəlib.

"Hörmətli həmkarlar, əziz dostlar. Haqqımda söylənilən hər bir fikrə hörmətlə yanaşıram və buna görə də hər birinizə minnətdarlığımı bildirirəm. Hesab edirəm ki, söylənilən fikirlər ümumən götürdükdə parlamentdə ilk addımlarını atan gənc bir deputat üçün kifayət qədər normal bir nəticədir. Amma düzünü desəm, daha ciddi və daha obyektiv tənqid və iradlar gözləyirdim. Haqqımda səslənən bir çox fikirlər təbii ki, subyektiv xarakter daşıyır və kifayət qədər mübahisə mövzusudur. Ona görə də təklif edərdim ki, MM-dən kənarda - çay süfrəsi arxasında əyləşib, "qalstuksuz" söhbət edək. Hesab edirəm ki, bu söhbət hər birimiz üçün, o cümlədən də oxucular üçün də kifayət qədər maraqlı olardı. Ona görə də hörmətli Elşad bəydən xahiş edirəm ki, bu cür görüşü təşkil etməkdə mənə yardımçı olsun. Sadacə görüş yerini və vaxtını təyin edin. Mən hazır. Bir daha hamıya təşəkkür edirəm"-deyə E.Hüseynov bildirib.

Qeyd edək ki, Modern.az saytı Milli Məclisdə akkreditə olunan jurnalistlərlə deputatların şəxsi keyfiyyəti, fəaliyyəti barədə sorğular keçirir. Həmin sorğuda jurnalistlər hər dəfə bir deputatı xarakterizə edirlər. Etibar Hüseynov özü barəsinsdəki yazıya şərh yazıb.

AzNews.az