Seyran Səxavətin “şor qonaqlığı”

Əziz Rzazadə

Yazıçı Seyran Səxavətlə müsahibəyə yollanan müxbirə bir sual yazdırmışdım. Dönə-dönə tapşırdım ki, bunu mənim adımdan soruş: "Ziyalı" sözünü xəyali bir maddi ekvivalentə, valyutaya bənzətsək, Sizcə, bu gün Azərbaycanda "eksçeync"də, yəni valyutadəyişmə məntəqələrində onu neçəyə dəyişərlər?"

İnsafən yaxşı danışmışdı. Sualıma da cavabı verdi, üstəlik, sualı bəyəndiyindən mənə avtoqrafı ilə birgə "Yəhudi əlifbası" kitabını da göndərdi. Amma...

...dərcindən bir neçə saat sonra müsahibənin çıxarılmasını istədi. Guya söylədikləri təhrif olunmuşdu. Anlaşılan bu idi ki, söylənənlərdən imtinanın arxasında təhrif yox, başqa məqam, yaxud məqamlar durur.

Bu da Azərbaycan ziyalısı!

Eyni şeyi adı özünə qalxan seçən "şəhid ailələri", "müharibə əlilləri" və s. aid etmək olar. Hər kəs fürsətdən yararlanır, ya da başqasının əlində alət olur. Deyək ki, şəhid anasıdır, ya şəhid atası. Əgər şəhid dediyimiz sənin belindən çıxıbsa, yaxud qarnından çıxıbsa, məgər bu, sənə haqsızlıq etmək haqqı verir? Yoxsa tapdamağına görə cəzasız qalmaq imtiyazı?

"Ziyalı", "şəhid ailəsi", "müharibə əlili"... bütün bu adların bu gün şor qiymətinə olduğunu deməyə ehtiyac qalırmı!?

Nəsihətamiz bir rəvayət var: bir ölkədə ard-arda qıtlıq düşür. Hamı başını götürüb eli-obanı tərk edir. Bircə ixtiyar bir kişinin ailəsindən başqa. Oğlu deyir: "Ata, gəl biz də köçək, acından nə vaxtadək köpəcəyik!?" Ata deyir: "Oğul, səbr elə, ay keçər, il dolanar, əvvəl-axır məsud olarıq". Bir ilmi, iki ilmi dözürlər. Hövsələsiz oğul yenidən atasının yaxasından əl çəkmir və axırda kişininn saqqızını oğurlayır. Yır-yığış edib yola çıxırlar. Az gedirlər, düz gedirlər, axırda gəlib səfalı, gözoxşayan bir məmləkətə çıxırlar. Gül-çiçək bir yanda, bülbül cəh-cəhi o biri yanda, üzbəsurət də ehtişamlı bir şəhər. Darvazası açıq, nə bir keşikçi, nə bir torpaqbasdı istəyən. Küçələri dolaşırlar, səliqə-sahman, təmizlik-pakizəlik, evlərin qapısı da taybatay açıq. Qorxu yox, ürkü yox. Heyrətdən çənəsi yerə dəyən oğul atasına deyir: "Gördün, ata, bura cənnətmiş, sənsə gəlmək istəmirdin". Dünya görmüş ixtiyar deyir: "Tələsmə, bala, sən bir bu şəhərin adamlarını tanı, sonra mədhiyyə deyərsən".

Sağa baxırlar, sola göz qoyurlar, bir adam tapmırlar. Sonda təsadüfən birinə rast gəlirlər. Soruşurlar, bəs bu şəhərin camaatı hanı? Deyir, hamı bazar meydanındadır. Gedirlər ora. Bazar meydanı. Bolluğu görmək üçün iki göz yetərli deyil.

Oğul: "Ata, sən bir bolluğa, nemətin çoxluğuna bax".

Ata: "Tələsmə, oğul, gəl bir bazara göz gəzdirək".

Sıraları bir-bir keçirlər. Bazarda nə desən var, quş südünə kimi.

İxtiyar satıcılardan birinə yaxınlaşıb soruşur: "Yağ neçəyədir?" Deyir: "Bir manat". Soruşur : "Şor neçəyidir?" Satıcı: "O da bir manat".

Ata pərişan halda oğluna deyir: "Gedək bu şəhərdən, oğul, bala. Bir məmləkətdə ki yağla şorun qiyməti bir ola, orda yaşamağa dəyməz"...

İndi Seyran Səxavətə verdiyim sualı bir daha yada salıram. Və düşünürəm ki, "ziyalı" sözünün və anlayışının bizim məmləkətdə qiyməti də elə şordan artıq deyil. Hələ şiti də çıxıb...