Musa Yaqub İsmayıllı aksiyasına dəstək verdi

“Yaxçı ki, ismayıllılar bu təhqirlərə dözmədilər”


"Mən İsmayıllı hadisələrinə sadəcə təəssüf edirəm. Bu nədir? Bir şeyi başa düşə bilmirəm. Məmurlar, milləti incidənlər... Onlar birdəfəlik bilsinlər ki, milləti təhqir etmək olmaz".

Bunu AzNews.az-a Azərbaycan Yazıçılar Birliyinin üzvü Musa Yaqub deyib. Onun sözlərinə görə, məmurların əlindən İsmayıllıda torpaq, meşə belə qalmayıb: "Hamısını qamarlayıblar. Hər yeri, hətta meşədəki ağacları da mənimsəyiblər. Bu hakimiyyətin və özlərinin mahiyyətidir. Amma təzədən camaatı niyə təhqir edirlər? İsmayıllının çörəyini yeyib, özlərini də təhqir etmək nə əxlaq, mədə mənəviyyata sığın haldır.

İsmayıllılar o təhqiri yaxşı ki, qəbul eləmədi. Sən axı niyə camaatı təhqir etməlisən? Ona görə də öz etirazlarını bildirdilər.
İsmayıllı çörəyi ilə dolananlar bunu başa düşməlidir: Quba hadisələri də belə oldu. İcra başçısı milləti təhqir etdi, camaat da buna dözmədi. Başları yoxdur, başa düşmürlər ki, millətin çörəyini yeyib onu söymək olmaz. Özü də üzünə qarşı. Halaldır, yaxud da haramdı özləri bilər. Amma adam yediyi çörəyə kəm baxmaz. Ayıbdır, camaatı ayaq altına salmaq olmaz. Bir gün səbir kasası daşar və o zaman nələrin olmasını düşünün.

Millət nə vaxtsa öz etirazını bildirəcək. Necə ki, İsmayıllı camaatı bildirir. Biz bunu gözləmirdik. Görürsünüz, söyüşlə, təhqirlə, təhdidlə irəli getmək olmaz. Nə vaxtsa millət üzünə qayıdacaq. O zaman bunun qarşısında necə tap gətirəcəksən?"

Bahar Rüstəmli
AzNews.az