Bakıda da 79 ailə aksiya keçirəcək

«Biz öz vətənimizdə niyə vətəndaşlıdan imtina etməliyik?»


Xətai rayonu, Cavanşir küçəsi - 38 ünvanındakı qəzalı binasının sakinləri etiraz aksiyası keçirəcək. Binada yaşayan 79 ailə uzun illərdən bəri qəzalı binadan köçürülməmələrinə etiraz olaraq aksiyaların yeni formalarından istifadə edəcəklər. Bu barədə məlumatı AzNews.az-a sakinlərin hüquqlarını müdafiə komitəsinin üzvü Hafiz Xanquliyev verib.

Onun sözlərinə görə, aksiyaların forması haqqında yekun qərar yanvarın 25-də açıqlanacaq: "İndiyə qədər müxtəlif formalarda aksiya keçirmişik. Prezident Aparatı və Nazirlər Kabinetini qarşısında aksiyalarımız olub. Ancaq bu aksiyalar heç bir nəticə verməyib. Abid Şərifov yeni il bayramından sonra binanın vəziyyəti ilə yerində tanış olacağına söz verdi. Ancaq gəlmədi".

H.Xanquliyev etiraz formaları arasında vətəndaşlıqdan imtina məsələsinin də olacağını istisna etməyib: "Vətəndaşlıqdan imtina etirazın son formasıdır. Biz öz vətənimizdə niyə vətəndaşlıdan imtina etməliyik ki? Qoy məmurlar bu addımı atsın. İndiki halda bir neçə aksiya forması nəzərdən keçirilir və bu gün axşam yekun qərar veriləcək".

Qeyd edək ki, sözügedən bina 2000-ci il zəlzələsində qəzalı vəziyyətə düşüb. Bakı meri Hacıbala Abutalıbovun
sərəncamı ilə 80 ailə yeni mənzilə köçürülsə də, 79 ailə hələ də qəzalı binada yaşayır.

Elnarə Əlosmanqızı
AzNews.az