Təhsil Nazirliyi ittihamlara cavab verdi

"Dərslikləri tənqid edən ekspertləri vaxtilə dərslikləri qiymətləndirmək və onları yaxşı formada hazırlanması üçün Təhsil Nazirliyinə dəvət edilib.

Lakin onlar şagird hazırlığını, vaxtlarının azlığını bəhanə gətirərək bu müzakirələrdə iştirak etmədilər. Biz dərslikləri qiymətləndirmək üçün xaricdən ekspert gətirməli deyilik. Bu qiymətləndirilmədə öz müəllimlərimizin əməyindən istifadə etməliyik".

APA-nın xəbərinə görə, bunu Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) V sinif üçün riyaziyyat dərsliyinin müzakirəsi zamanı Təhsil Nazirliyinin Dərslik və nəşriyyat şöbəsinin müdiri Faiq Şahbazlı deyib. F.Şahbazlı qeyd edib ki, hamının məqsədi yaxşı kitab hazırlamaq və onu ortaya çıxarmaqdır: "Ancaq müzakirələrdə təkcə səhvlər deyilməməlidir. Əgər dərslikdə hansısa məqamlarda iradlar yoxdursa, onların yaxşı olduğunu demək lazımdır. Müzakirələr artıq canlı şəkildə göstərilir deyə abu-hava bir qədər də kəskinləşib. Müzakirələrdə dərsliklərdəki pis tərəflərlə yanaşı, yaxşı cəhətlər də qeyd olunmalıdır".

F.Şahbazlı tərəfindən səsləndirilən fikirlər TQDK-nın ümumtəhsil fənləri üzrə dərsliklərin, dərs vəsaitlərinin və digər tədris vasitələrinin elmi-metodiki monitorinqi şöbəsinin müdiri Afiqə Batıyeva tərəfindən narazılıqla qarşılanıb. O bildirib ki, monitorinq keçirilməsinin öz qayda-qanunu var: "Monitorinqdə əvvəl müzakirələr aparılır, rəy və təkliflər verilir, sonda nəticə çıxarılır. Nəticəyə əsasən dərsliklərdəki problemlərlə yanaşı, müsbət cəhətlər də qeyd olunur. Ona görə də səsləndirilən iradlar düzgün deyil".

AzNews.az