AZAL-dan rekord göstərici - 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib

Heydər Əliyev Beynəlxalq Hava Limanının sərnişin dövriyyəsi 2016-cı ildə rekord göstəriciyə çatıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının mətbuat xidmətindən AzNews.az-a verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanı 2016-cı ildə 3,26 milyon sərnişinə xidmət göstərib ki, bu da Azərbaycan mülki aviasiya tarixində rekord göstəricidir.

Sərnişin dövriyyəsinin 83,5 faizi beynəlxalq daşımaların payına düşmüşdür. 2016-ci ildə Azərbaycanın paytaxtına Azərbaycan Hava Yolları (AZAL) milli aviadaşıyıcısı da daxil olmaqla 28 sərnişin aviaşirkəti uçuşlar yerinə yetirmişdir. Xaricə gedən sərnişinlərin 51,3 faizi AZAL-ın payına düşüb. Populyar xarici aviaşirkətlərin beşliyinə Türk Hava Yolları, Aeroflot, S7 Airlines, FlyDubai və Qatar Airways daxil olub.

İstanbul, Moskva, Dubay və Kiyev ən populyar beynəlxalq istiqamətlərin siyahısına rəhbərlik edib - ötən il bu şəhərlərə sərnişin dövriyyəsi 1,37 milyon nəfər təşkil edib.

2016-cı ildə Iraqi Airways, Fly Baghdad, ATA Airlines, Air Cairo, Komiaviatrans aviaşirkətləri və Rusiyanın Pobeda lou-kosteri Azərbaycana uçuşlara başlayıb.

Heydər Əliyev Beynəlxalq Hava Limanının yeni aerovağzal kompleksi (Terminal 1) 2014-cü ilin aprel ayında istifadəyə verilmişdir. Onun ümumi sahəsi 65 min kvadratmetr təşkil edir.

Dünyada müxtəlif aviaşirkətlər və hava limanları tərəfindən göstərilən xidmətlərin keyfiyyətinin öyrənilməsi üzrə ixtisaslaşan Böyük Britaniyanın nüfuzlu konsaltinq şirkəti Skytrax tərəfindən Heydər Əliyev Beynəlxalq Hava Limanı 4 ulduza layiq görülüb.