“Pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək” - Məleykə Abbaszadə

"Dövlət qulluğuna qəbul sistemi çevik olmalıdır. Hər bir gəncə istədiyi sahədə öz karyerasını qurmağa imkan verilməlidir. Daha çox istedadlı gəncləri bu sahəyə cəlb etmək bizim əsas məqsədimizdir".

AzNews.az “Trend”ə istinadən xəbər verir ki, bunu "Dövlət qulluğuna dair qanunvericiliyin tətbiqində dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi” mövzusunda konfransda çıxış edən Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

M.Abbaszadə dövlət qulluğuna dair qanunvericiliyin, o cümlədən etik davranış qaydalarının düzgün tətbiqinin təmini və pozuntu hallarının aradan qaldırılması üzrə Dövlət İmtahan Mərkəzi tərəfindən görüləcək tədbirlərlə bağlı məlumat verərək bildirib ki, Mərkəz tərəfindən qanunvericiliyin icrası vəziyyəti mütəmadi öyrəniləcək, pozuntu halları müəyyən edildikdə həmin pozuntuların aradan qaldırılması üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat veriləcək:

"Bununla yanaşı, pozuntu halları barədə Azərbaycan Prezidentinə məlumat veriləcək və təqdim olunacaq illik hesabata daxil ediləcək, pozuntuya yol vermiş məsul şəxslər inzibati məsuliyyətə cəlb ediləcək".

AzNews.az