Cəbrayıl və Füzuli rayonlarının işğalından 24 il ötdü

Hər iki rayonun maddi-mədəni sərvəti və təbii ehtiyatları ermənilər tərəfindən talan edilib.

AzNews.az xəbər verir ki, bu gün Azərbaycanın Dağlıq Qarabağ bölgəsi ətrafında iki rayonun - Cəbrayıl və Füzuli rayonlarının Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunmasından 24 il ötür. 1993-cü il avqustun 23-də Füzulinin 51 kəndi və rayon mərkəzi ermənilər tərəfindən işğal olunub, 55 min nəfərə yaxın sakin doğma torpaqlarını tərk edib. İşğala qədər rayonda 70 kitabxana, 20 mədəniyyət evi, 45 klub, xalq və dövlət dram teatrları, 685 çarpayılıq 13 xəstəxana, 40 feldşer-mama məntəqəsi, vərəm və dəri və zöhrəvi xəstəlikləri dispanseri, 20 kinoqurğu, texnikum, 2 texniki peşə məktəbi, 38 məktəbəqədər müəssisə, 2 muzey, stadion, 65 kolxoz və sovxoz, 12 fermer təsərrüfatı və s. obyektləri fəaliyyət göstərib.

Zəngin yeraltı sərvətlərə və əsrarəngiz təbii gözəlliyə malik olan Cəbrayıl rayonu 1930-cu ildə yaradılıb.

Cəbrayıl rayonunda respublika və rayon əhəmiyyətli 120-dək tarixi memarlıq abidəsi, qiymətli ağac növlərindən ibarət meşələr, böyük ehtiyata malik yeraltı sərvətlər, özünün qeyri-adi flora və faunası ilə seçilən Diridağın özünəməxsus əsrarəngiz təbiət guşələri, mineral maddələrlə zəngin su mənbələri erməni işğalçıları tərəfindən dağıdılaraq, məhv edilib.

Cəbrayılın işğalı zamanı 246 nəfər şəhid olub, 91 nəfər əsir və itkin düşüb, 177 nəfər əlil olub.

Cəbrayıl və Füzuli və rayonlarının işğalı Azərbaycanın Arazboyu zonada yerləşən daha iki rayonunun, Qubadlı və Zəngilanın faktiki mühasirəyə düşməsinə səbəb oldu.