Rusiyanın Hava Gücünə Ağır Zərbə: Ukrayna 34% bombardmançını sıradan çıxardı -AÇIQLAMA

“Bazar günü Ukrayna tərəfindən həyata keçirilən genişmiqyaslı hava hücumu müharibə tarixində önəmli bir mərhələ kimi qiymətləndirilir. Ukrayna dronları Rusiyanın dörd regionundakı strateji hava qüvvələri bazalarına zərbələr endirib. Məlumatlara görə, bu əməliyyat nəticəsində Rusiyanın strateji bombardmançı təyyarələrinin 34 faizi sıradan çıxarılıb. Bu hücum bir neçə istiqamətdə mühüm nəticələr doğurub. Əvvəla, Rusiyada ciddi psixoloji və ictimai rezonans doğurub, eləcə də ölkənin çəkindirici hərbi gücünə zərbə vurub. Eyni zamanda, bu Ukraynanın beynəlxalq arenada, xüsusilə diplomatik danışıqlar masasında mövqeyini gücləndirib. Əvvəllər Kursk istiqamətindəki əməliyyat uğursuz nəticələndiyindən Ukrayna təzyiq imkanlarından məhrum idi. Lakin indi vəziyyət müəyyən qədər dəyişib”.

Bu fikirləri AzNews.az-a açıqlamasında siyasi şərhçi Sultan Zahidov deyib.

Xatırladaq ki, Ukrayna ordusunun hücumları nəticəsində Rusiyanın strateji bombardmançılarının 34 faizinin sıradan çıxarıldığı bildirilir. Prezident Zelenski əməliyyatın əvvəlcədən planlaşdırıldığını və Rusiyada yerləşdirilən şəxslər vasitəsilə icra edildiyini deyib. Hücum Rusiyada ciddi rezonans doğurub və danışıqlar ərəfəsində beynəlxalq reaksiyalara səbəb olub.

Siyasi şərhçi qeyd edib ki, bütün baş verənlərə rəğmən, Rusiya tərəfi hələ də əsas mövqeyindən geri çəkilmir.

“İstanbulda təqdim olunan memorandumda Ukraynanın bəzi əraziləri Rusiya ərazisi kimi tanıması, NATO-ya qoşulmamaq və sanksiyaların ləğvi kimi tələblər yer alır. Bu isə göstərir ki, sülh istiqamətində real irəliləyiş hələ mümkün deyil. Ukrayna bu vəziyyətdə Qərbin, xüsusilə ABŞ və Avropa ölkələrinin prosesə daha fəal şəkildə cəlb olunmasına çalışır. ABŞ-ın tətbiq edə biləcəyi yeni sanksiyalar paketi Rusiyanın mövqeyinə müəyyən təsir göstərə bilər. Lakin bu, Putinin əsas tələblərindən geri çəkiləcəyi anlamına gəlmir, çünki o, bu halda daxili siyasi zəifləmə riskindən çəkinir. Nəticə etibarilə, həm Ukrayna, həm də Rusiya geri addım atmaq niyyətində deyil. Ukrayna təslim xarakterli razılaşmanı qəbul etməyəcək. Bu isə müharibənin uzanacağını və regional konfrontasiyanın daha da dərinləşəcəyini göstərir. Üstəlik, Avropada artan silahlanma fonunda münaqişənin coğrafi baxımdan genişlənməsi də istisna edilmir”.

Rəfiqə NAMAZƏLİYEVA,

AzNews.az