Azərbaycanın məşhur xanımları 8 martda hansı hədiyyəni gözləyirlər?

Hər bir xanım 8 Martda öz yaxınlarından, doğmalarından xüsusi diqqət, qayğı, nəvaziş gözləyir. Vacib deyil ki, xanımlar bu gündə məxsusi qiymətli bir hədiyyələr alsınlar. Hətta onlara bir gülü belə, böyük məhəbbət və istəklə təqdim etsəniz, dünyaları bağışlamış olarsınız. Modern.az bu konteksdən çıxış edərək, cəmiyyətimizdə tanınmış, özünəməxsus yer tutmuş xanımlar arasında kiçik bir sorğu aparıb. Əməkdaşımız onlara "8 Martda yaxınlarınızdan nə gözləyirsiniz" sualı ilə müraciət edib.

Deputat Aqiyə Naxçıvanlı: "8 Mart bütün qadınlarımız üçün çox özəl bayramdır. Mən bayramda öz yaxınlarımdan və doğmalarımdan yaxşı sözlər, diqqət, nəvaziş gözləyirəm. Elə də böyük hədiyyə gözləmirəm. Bizim ailədə adəti olaraq hamı bir-birinə hədiyyə olaraq ətir bağışlayır. Ətrafımda olan insanlardan hər zaman diqqət və qayğı görmək istəyirəm. Çünki ona daha çox ehtiyacım var, nəinki hədiyyələrə".

Deputat Jalə Əliyeva: "Qızım və yaxınlarım məni hər zaman bu bayramda təbrik edirlər. Onların mənə ətir, bir dəstə gül vermələri belə, ən böyük hədiyyədir. Mən məhz bayram olduğuna görə heç kimin üstünə belə bir öhdəçilik düşməsini istəmirəm. Burada söhbət tək məndən deyil, bütün qadınlardan gedir. Bizlərə hər zaman diqqət olmalıdır. Təkcə bayramlarda deyil".

Xalq artisti Flora Kərimova: "Doğmalarımın bir zəngi belə, mənə dünyalar qədər önəmlidir. Şərt deyil ki, onlar mənə mütləq hədiyyə almalıdırlar. Övladlarımın mənə qarşı olan sevgisindən və hörmətindən başqa heç nə istəmirəm. Öz növbəmdə çalışıram ki, onlar üçün hər zaman örnək ana olam. Və onların yaxşı sədalarını eşitmək mənim üçün hər şeydir".

Xalq artristi Mələkxanım Əyyubova sorğumuza cavabında öncə öz həyat yoldaşından hədiyyə gözlədiyini və onun diqqətini əsas olduğunu söyləyib.
"Bu hər qadın üçün böyük sevincdir ki, ilk hədiyyəsini həyat yoldaşından alsın. Mənə müxtəlif hədiyyələr ola bilər. Hədiyyənin kiçiyi-böyüyü olmur".

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova: "Mən də bütün xanımlar kimi öz doğmalarımdan: həyat yoldaşımdan, qardaşımdan, atamdan hədiyyələr gözləyirəm. Hədiyyənin balacası-böyüyü olmur, amma mən qızılgülü daha çox sevirəm. Doğmalarımın və yaxınlarımın mənə göstərdiyi diqqət və qayğı özüm üçün ən böyük hədiyyədir".

"Toppuş bacı" kimi tanınan aktrisa, əməkdar artist Tünzalə Əliyeva: "Bütün azərbaycanlı xanımları - içində özüm də olmaqla- hədiyyələrin ən gözəlinə layiqdir. Özümə gəldikdə isə mən bu bayramda məxsusi bir hədiyyə gözləmirəm. Sevdiklərimin söylədiyi xoş bir kəlmə belə, mənim üçün ən böyük hədiyyədir. Əsas odur ki, can sağlığı olsun. Dünya nemətlərindən mənim üçün qiymətli heç nə yoxdur. Ən gözəl nemət can sağlığıdır".

ANS-in aparıcısı Aytən Səfərova: "Bizə diqqət hər zaman olmalıdır. Amma diqqət elə bir şeydir ki, o heç yerdə satılmır. Bəlkə də çoxları üçün adi görünə bilər, amma mən deyərdim ki, dünyada ondan bahalı heç nə ola bilməz. Nə hədiyyə gözləməyimə gəlincə, sualınıza cavabım budur ki, kim nə hədiyyə alacaqsa, bu artıq onun öz işidir".

ATV-nin xəbərlər proqramının aparıcısı Samirə Mustafayeva: "Bayrama bir neçə gün qalsa da, indidən çox sevdiyim insanlara hədiyyələr almışam. Təbii ki, mən də bu bayramda öz sevdiyim və hörmət etdiyim insanlardan hədiyyələr gözləyirəm. Xanım üçün həyat yoldaşı tərəfindən aldığı hədiyyə daha gözəldir. Doğmalarımın mənə göstərdiyi diqqət özüm üçün çox önəmlidir. Və hər zaman onların ətrafımda olmağı həyatda aldığım ən gözəl hədiyədir".

Telejurnalist Qənirə Ataşova: "Çox qəribə də səslənsə, mən bayramda heç kimdən hədiyyə gözləmirəm. Sevdiklərimin və övladlarımın yanımda olmaları mənə həyatda verilmiş ən böyük hədiyyədir. Əgər sual versəniz ki, hədiyyələr arasından nəyi seçərdiniz, mən ətir deyərdim. Çünki ətri çox sevirəm".

AzNews.az