Bələdiyyə üzvü sədrin qanunsuz əməllərini faş etdi Bələdiyyə üzvü sədrin qanunsuz əməllərini faş etdi

Daha bir bələdiyyə sədri korrupsiyada suçlandı

Bələdiyyə üzvü sədrin qanunsuz əməllərini faş etdi



Masazır bələdiyyəsində hektarlarla torpaq sahəsi qanunsuz olaraq kimlərinsə adına mənimsənilir.

Bu barədə AzNews.az-a Masazır bələdiyyəsinin üzvü Niyaz Qubadov məlumat verib. Bələdiyyə üzvünün sözlərinə görə, bir neçə dəfə bələdiyyəyə aid torpaq sahəsinin heç bir komissiya iclası keçirilmədən satışa çıxarılması ilə bağlı "qərar" verilib:

"2011-ci ilin oktyabr ayında "Torpaq" qəzetində Masazır bələdiyyəsinə aid 4 hektar torpaq sahəsinin satışa çıxarılması ilə bağlı elan oxuyanda hamımız təəccübləndik. Çünki bu satışın keçirilməsi üçün bələdiyyənin iclası keçirilməli və səsvermənin nəticəsində qərar qəbul edilməliydi. Ancaq heç bir iclas keçirilmədən, heç bir qərar olmadan artıq bələdiyyə sədri bu addımı atmışdı və biz bu haqda yalnız elan veriləndən sonra xəbər tutduq. Buna etiraz olaraq bələdiyyə üzvləri olaraq akt tərtib etdik və öz imzamızla bu qanunsuzluğun qarşısını almağa çalışdıq".

N.Qubadov qanunsuz əməllə bağlı biri müavin olmaqla 7 nəfər bələdiyyə üzvünün imzaladığı və müxtəlif dövlət orqanlarına göndərilən şikayət məktubu haqqında məlumat verərək qeyd etdi ki, dörd hektarlıq ərazinin kimlərin adına sənədləşdiriləcəyi ilə bağlı dəqiq fakt ortaya qoymaq çətindir:

"Məsələ burasındadır ki, bələdiyyə sədri Siyanfər Əliyev barəsində verilən şikayətlərin heç bir nəticəsi olmayıb bu vaxta qədər. Bu toxunulmazlıq "ənənəsi" artıq iclas keçirilmədən, sənədləşmə aparılmadan, qanunsuzluqla ayrılan torpaq satışının arxasında kimlərin dayandığını təsəvvür etməyə imkan verir ".

N.Qubadov prezident İlham Əliyevin 12 fevral 2013-cü il tarixli regionların inkişafı ilə bağlı Dövlət Proqramının yekunlarına həsr etdiyi müşavirədə dediyi sözlərdən məmurları nəticə çıxarmağa çağırıb:

"Cənab İlham Əliyev bölgələrdə baş verən qanunsuzluqların aradan qaldırılması üçün ciddi tapşırıqlar verdi. Görünür, yalnız prezidentə müraciət etməkdən ayrı əlacımız qalmayıb. Çünki prezidentin də dediyi kimi, bəzi qudurğan və harın adamlar xalqın əmlakını talamaqla bərabər, insanları da saymır, şikayətlərə vaxtında reaksiya vermir və əhalini qarşıdurmaya sövq edirlər".

N.Qubadov yaxın müddətdə qanunsuz torpaq satışı ilə bağlı sənədləri ictimailəşdirəcəyini də istisna etməyib:

"Aidiyyəti qurumların reaksiyasızlığı davam edərsə, bu addımı atmağa məcburuq".

Orxan
AzNews.az