Bu gün - martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib. Bu gün - martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

“25 nəfərin ölümünə bais olanlar cəzasız qalmamalıdır!” - Deputatlar danışdı

Bu gün - martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzinin birmərtəbəli korpusunda yanğın baş verib.

Milli Məclisin deputatları bu dəfə Modern.az-a Respublika Narkoloji Mərkəzində 25 nəfərin həyatını itirməsinə səbəb olan yanğınla bağlı danışıblar.

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Aydın Mirzəzadə deyib ki, hadisə hər bir azərbaycanlını sarsıdıb.

“Bu çox ağır bir faciədir. Nəticələr ağılasığmaz dərəcədə hər birimizi çox kədərləndirir. Yanğın nəticəsində həyatını itirənlərin ailəsinə başsağlığı verirəm. Faciənin nədən baş verməsi isə araşdırılır. Artıq hadisə ilə bağlı cinayət işi açılıb. Bu birbaşa ölkə başçısının nəzarətindədir. Ölkə başçısının hadisə yerinə gəlməsi və təfərrüatlarla tanış olması onu göstərir ki, belə məsələlər heç bir halda cəzasız qala bilməz. Kimliyindən, vəzifəsindən asılı olmayaraq bu hadisənin baş verməsinə səbəb olan hər bir şəxs ağır cəzasını alacaq. Yanğın nəticəsində baş verənlər bizim vətəndaşlarımzıdır. Onların ailəsinin hər birinin ağrısını hər birimiz çəkirik. Heç bir halda belə hadisə baş verməməliydi. Baş veribsə demək kimlərinsə, hardasa cinayətkarcasına səhlənkarlığı olub”.

Deputat xəstəxanalardakı təhlükəsizlik məsələsindən də danışıb.

“Bu gün Azərbaycan xəstəxanalarının vəziyyətini yükək qiymətləndirirəm. Tibb müəssisələrimiz yaxşı təmir edilib, palatalar genişləndirilib, təhlükəsizlik məsələsi isə yüksək səviyyədə qorunur. Narkoloji Mərkəzə gəlincə, həm foto, həm də videogörüntülərdə vacib bir xəstəxanamızın taxta konstruksiyalardan, az qala ötən əsrin 40-50-ci illərində tikilmiş binada yerləşdirilməsi mənə təəccübləndirdi. Düzdür, həm Bakıda, həm də regionlarımızdakı xəstəxanalar mərhələli şəkildə təmir edilir. Ola bilsin ki, Respublika Narkoloji Mərkəzinin də təmiri nəzərdə tutulurdu. Ancaq taxta konstruksiyaların yanması tamamilə mümkün olmayan məsələdir. Yəni, bu məsələ diqqətdən kənarda qalmamalıydı. Həmçinin, belə bir şəraitdə ağır xəstələrin yerləşdirilməsi düzgün deyil. Mən bu məsələdə mütəxəssis deyiləm. Amma bir vətəndaş kimi taxta konstruksiyalardan ibarət binada xəstəxananın olması düzgün deyil. Naqillərin də qaydasında olmaması, yanğın baş verən anda yanğının söndürülməsi üçün sistemin olmaması faciəyə gətirib çxarıb. Bütün bunların hamısı araşdırılacaq. Kimlər nədən bu məsələyə səhlənkarlıq edib, nədən diqqətdən kənarda qalıb. Cənab prezidentin hadisə yerinə gəlməsi göstərir ki, bu tip məsələlər Azərbaycanda yolverilməzdir”.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Kamilə Əliyeva bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və həyata keçirilən tədbirlər prezident İlham Əliyevin şəxsi nəzarətindədir:

”Prezident İlham Əliyev, səhiyyə naziri Oqtay Şirəliyev, fövqəladə hallar naziri Kəmaləddin Heydərov, daxili işlər naziri Ramil Usubov, Baş prokurorun müavini Rüstəm Usubov və digər rəsmi şəxslər hadisə yerinə gediblər. Müvafiq orqanlar tərəfindən bu məsələ aydınlaşdırılacaq və səbəbləri bilinəcək. Cənab prezident tərəfindən digər sahələrə olan qayğı kimi səhiyyəyə də önəm verilir. Ölkədə yeni tibb müəssisələri tikilib istifadəyə verilir. Həmin səhiyyə müəssisələrində təhlükəsizlik məsələlərinə xüsusi önəm verilir. Özümüz də şahidi oluruq ki, yeni tikilən səhiyyə müəssisələrində təhlükəsizliklə bağlı hər şey nəzərdə tutulub. Amma bu o demək deyil ki, əvvəlcədən tikilmiş tibb müəssisələrində yanğından təhlükəsizlik məsələsi yaddan çıxmalıdır. Bu olmalıdır. Bütün səhiyyə müəssisələrində yanğınla bağlı məsələlərə cavabdeh şəxs olmalıdır. Mən əminəm ki, yeni istifadəyə verilən xəstəxanalarda bunlara əməl edilir. Əvvəlcədən tikilmiş xəstəxanalarda da bu olmalıdır. Bu gün yanğın baş verən xəstəxanada buna nəzarət olunmayıbsa, həmin şəxslər layiqli cəzalarını alacaqlar. Həmin xəstəxanada 25 nəfərin həyatını itirməsi çox böyük rəqəmdir. İnsanlar ora ümidlə gediblər ki, müalicə alsınlar, həyatlarını dəyişsinlər. Yenə də deyirəm ki, müvafiq orqanlar Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı araşdırmalar aparacaqlar və hamıya da məlum olacaq ki, bu hadisənin baş verməsinin günahkarları kimdir”.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli qeyd edib ki, Respublika Narkoloji Mərkəzində baş vermiş yanğınla bağlı Baş prokurorluqda cinayət işinə başlanılıb, günahkarlar aşkarlanmalıdır:

“Eyni zamanda, Baş prokurorluğun, Daxili İşlər Nazirliyinin peşəkar əməkdaşlarından ibarət istintaq qrupu yaradılıb. Cənab prezident də hadisə yerinə gedib və müvafiq tapşırılar verib. Məlumatlardan da görünür ki, Respublika Narkoloji Mərkəzi taxta konstruksiyalardan ibarətdir. Burada çox asanlıqla yanğınlar baş verə bilərdi. Orada baş vermiş yanğında 25 nəfərin həyatını itirməsi çox acınacaqlı haldır. Yanğın qəsdən də ola bilər, ehtiyatsızlıqdan da. Amma ilkin araşdırmalara görə, yanğın elektrik şəbəkəsində yaranan nasazlıqdan olub. Düşünürəm ki, bu məsələ ciddi şşəkildə araşdırılmalıdır. Ora narkoloji dispanserdir. Ola bilər ki, narkotikin təsirindən, qəbul edilməməsinin yaratdığı şokdan və s. hallarda kimsə xəta çıxara bilər. Amma hələ ki, bu barədə əlimizdə məlumatlar yoxdur”.

Deputat deyib ki, 25 nəfərin həyatına son qoyulması ilə nəticələnən yanğının qəsdən törədildiyi sübüt olunsa , o zaman bunu edənlərə ən ağır cəzalar verilməlidir.

“Hesab edirəm ki, istintaq qrupu hadisəni hərtərəfli şəkildə araşdıracaq. Yenə də deyirəm ki, məlumatlardan da görünür ki, Respublika Narkoloji Mərkəzi taxta konstruksiyalardan ibarətdir. Bununla bağlı çoxdan addımlar atılmalıydı. Orada ixtisaslaşdırılmış bina olmalıydı. Hər halda bunların hamısı araşdırılacaq. Nə üçün 25 adam xilas ola bilməyib? İstər bu qəsdən olsun, istərsə də ehtiyatsızlıqdan. 25 nəfərin xilas ola bilməməsi çox ciddi bir məsələdir. Ümumiyyətlə, bu böyük bir siqnaldır ki, Azərbaycanda tikilən bütün binalar yanğına davamlı olsun. Bundan çox böyük nəticə çıxarmaq lazımdır”.

AzNews.az