“Buna kimsənin haqqı yoxdur”- Deputatdan prezidentliyə namizədə etiraz

Hər bir kəs, istər siyasətçi olsun, istər qeyri-siyasətçi olsun, istər prezidentliyə namizəd olsun, istər sıravi vətəndaş olsun, danışdığı sözə, işlətdiyi fikrə özü məsuliyyət, cavabdehlik daşıyır və daşımalıdır.

Bunu Oxu.Az-a açıqlamasında millət vəkili Eldəniz Səlimov martın 27-də İTV-də prezidentliyə namizədlərin növbəti teledebatında prezidentliyə namizəd Razi Nurullayevin ailə qurmayan xanımlarla bağlı səsləndirdiyi fikrə və onun cəmiyyətdə yaratdığı əks-reaksiyaya münasibətini bildirərkən deyib.

Millət vəkili bildirib ki, kimsənin kimsəyə hansısa fikri işlətməsinə göstəriş vermək və ya hansısa fikri səsləndirməsinə qadağa qoymaq haqqı yoxdur.

Onun sözlərinə görə, hər kəs öz fikrində, düşüncəsində azaddır.

E. Səlimov hesab edir ki, siyasətlə məşğul olanların, ölkəyə rəhbərlik etmək iddiasına düşənlərin də öz fikirlərinə, düşüncələrinə ciddi diqqət yetirməli, hər şeyi yüz ölçüb-bir dəfə biçməlidir.

“Çünki digər sənət və peşə sahiblərindən fərqli olaraq, onların missiyası daha məsuliyyətlidir.

Onlar öz məsuliyyətlərini daha dərindən başa düşməli, anlamalı, hər addımlarında korrekt olmalıdırlar.

Yoxsa, işlətdikləri ehtiyatsız, hesablanmamış bir cümlə, bir fikir onların bir andaca karyerasını məhv edə, zədələyə, cəmiyyətin gözündən sala bilər.

Ona görə də siyasətçilər, millət vəkilləri, prezidentliyə namizədlər bu məqamları daha ciddi nəzərə almalıdırlar.

Konkret məsələyə, yəni prezidentliyə namizədlərdən birinin ailə qurmayan, nisbətən yaşı ötən xanımlarla bağlı səsləndiriyi fikrə gəlincə, bu da onun öz fikri, mövqeyidir. Ancaq bu fikri səsləndirməzdən öncə, o, həmin fikri daha korrektəli və daha əsaslandırılmış, kimlərinsə könlünə dəyməyəcək, - xüsusilə, Azərbaycan xanımlarının - kimlərisə rəncidə etməyəcək, qıcıqlandırmayacaq şəkildə ifadə etməli idi.

Ancaq çox təəssüflər olsun ki, işlədilən fikir əks effekt verdi, insanları qıcıqlandırdı, xüsusilə sosial şəbəkələrdə bu məsələ istehza hədəfinə çevrildi.

Düşünmürəm ki, Azərbaycanda bu məsələ ilə bağlı ciddi problem var. Ailə qurub-qurmamaq hər kəsin öz şəxsi, daxili məsələsidir.

Kiməsə zorla təlqin etmək olmaz ki, sən mütləq ailə qurmalısan.

Bəlkə, kimsə ailə qurmaq istəmir, bəlkə, kimsə sərbəst yaşamaq istəyir və ya karyera qurmaq fikrindədir. Bunu onların əlindən almaq və ya onları öz fikirlərindən daşındırmaq üçün təzyiq göstərmək olmaz ki?!

Azərbaycan qadını, türk xanımları hər zaman öz abır-həyaları, ismətləri, ailəyə, kökə bağlılıqları ilə seçiliblər, fərqləniblər.

Bəlkə də, dünyada ikinci bir xalq, millət tapmazsan ki, onun qadınları, xanımları bu qədər ailəcanlı olsunlar.

Hər bir kəs, o cümlədən, hər bir xanım istər ki, onun şəxsi ailəsi olsun, övlad sahibi olsun. Bunu kim istəməz ki?!

Amma yenə də deyirəm ki, bu məsələdə kiməsə təzyiq, “yox, sən mütləq ailə qurmalısan” şəklində basqı etmək olmaz.

Buna kimsənin haqqı yoxdur”, - deyə millət vəkili əlavə edib.

AzNews.az