Azərbaycanda məşhur içkinin rəhbərinə şantaj - Ölü siçan adı ilə...

Ölkəmizdə fəaliyyət göstərən müxtəlif şirkətlərin məhsulları barədə həqiqətə uyğun olmayan məlumatları sosial şəbəkələrdə yaymaqla hədələyən, qanunsuz olaraq pul tələb edən şəxslərə qarşı daxili işlər orqanları tərəfindən əməliyyat tədbiri həyata keçirilib.

AzNews.az DİN-in saytına istinadən xəbər verir ki, məşhur sərinləşdirici energetik içkilərdən birinin Azərbaycan üzrə rəhbəri Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə müraciət edərək ondan 50 min dollar tələb edildiyini bildirib. İki nəfər pul verilmədiyi təqdirdə içkinin içərisindən ölü siçan çıxması barədə görüntüləri sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər.

Baş İdarə əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən həmin şəxslər, Bakı şəhər sakinləri – Məmməd Abbasov və Fikrət Abdullayev şirkət rəhbərindən tələb etdikləri pulun 10000 ABŞ dollarını alan zaman saxlanılıblar. M.Abbasovun üzərində şəxsi axtarış aparılan zaman ondan hədə-qorxu gələrək aldıqları pul vəsaitləri aşkar olunaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxslər ifadələrində cinayəti etiraf ediblər.

Faktla bağlı Baş İdarənin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat tədbirləri davam etdirilir.