Bakıda şəhid qızını avtomobillə vurub öldürən şəxsə hökm oxundu

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Rəhim Rəhimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

AzNews.az APA-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə R. Rəhimov son söz deyib.

O, avtomobili yüksək sürətlə idarə etmədiyini, yalnız sürücülük vəsiqəsi olmadan avtomobili idarə etdiyi üçün özünü təqsirli bildiyini deyib: "Mən buna görə çox peşmanam. Ancaq hadisə yerindən qaçmamışam, hadisə baş verəndən sonra təcili tibbi yardım avtomobili çağırmışam".

Məhkəmə hökmü elan etmək üçün müşavirəyə gedib.

Müşavirədən sonra hökm oxunub.

Hökmə əsasən, R. Rəhimov 5 il müddətinə azadlıqdan məhrum edilib.

Məhkəmə qərar qəbul edərkən, zərərçəkmiş şəxsin hüquqi varisi ilə təqsirləndirilən şəxs arasında barışıq olduğunu nəzərə alıb.

Məhkəmə R. Rəhimovun hadisə yerindən qaçmadığı qənaətinə gəlib və ona qarşı Cinayət Məcəlləsinin 264-cü maddəsi ilə verilən ittiham xaric edilib.

Qeyd edək ki, hadisə ötən il noyabrın 8-də paytaxtın Səbail rayonu ərazisində baş verib. Şəhid Elton Əkbərovun qızı Könül Əkbərova "Jeep Grand Cherokee” markalı avtomobillə vurularaq öldürülüb. 1975-ci il təvəllüdlü K. Əkbərovanı "Jeep Grand Cherokee” markalı, ağ rəngli, 90 FO 007 nömrə nişanlı avtomobillə vuran 17 yaşlı Rəhim Rəhimli olması müəyyən edilib və o, həbs olunub.