Akademik Rəfiqə Əliyevanın məzarı üstündə abidə ucaldıldı - Fotolar

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor Rəfiqə Əliyevanın vəfatının ildönümü münasibətilə I Fəxri xiyabanda məzarı üstündə abidə kompleksi ucaldılıb.

APA-nın xəbərinə görə, abidə kompleksinin müəllifi Azərbaycanın xalq rəssamı, heykəltəraş Natiq Əliyevdir.

Bu gün, eyni zamanda, vəfatının ildönümü münasibəti ilə Rəfiqə Əliyevanın məzarı üstündə anım tədbiri təşkil olunub. Anım mərasimində mərhumun ailə üzvləri, dövlət və hökumət nümayəndələri, millət vəkilləri iştirak ediblər.

Bakı Dövlət Universitetinin (BDU) rektoru, akademik Abel Məhərrəmov bildirib ki, Rəfiqə Əliyeva ötən il may ayının 6-da ömrünün 85-ci ilində vəfat edib: “Rəfiqə xanım ömrünün 70 ilini Bakı Dövlət Universitetində elmi, pedaqoji fəaliyyətə həsr edib. Rəfiqə Əliyeva tələbələrin sevimli müəllimi olub”.

Rektor deyib ki, Rəfiqə Əliyeva ali təhsilini BDU-nun kimya fakültəsində alıb: “Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər universitetin Analitik kimya kafedrasında işləyib, burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib. Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksək ixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib”.

A. Məhərrəmov qeyd edib ki, Rəfiqə Əliyeva 450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olub: "Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktorları yetişdirilib".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova tanınmış kimyaçı alim Rəfiqə Əliyevanın məhsuldar elmi-pedaqoji fəaliyyəti yüksək qiymətləndirib: “Rəfiqə xanımın Azərbaycanda təhsilin və elmin inkişafında müstəsna xidmətləri olub”.

Prezidentin Katibliyinin rəisi-Prezidentin köməkçisi Dilarə Seyidzadə böyük bir nəslin nümayəndəsi olan, tanınmış pedaqoq və alim Rəfiqə Əliyevanın xatirəsinin onu tanıyanların qəlbində həmişə yaşayacağını vurğulayıb.

Millət vəkili Elmira Axundova Rəfiqə Əliyevanın qardaşı, mərhum prezident Heydər Əliyevin həyatının çətin zamanlarında daima ona dəstək olduğunu söyləyib.

Millət vəkili Rafael Hüseynov deyib ki, Rəfiqə Əliyeva analitik kimya sahəsində ilk qadın akademikdir: “Rəfiqə xanımın qonşu sarıdan da bəxti gətirib. O, Azərbaycan ədəbiyyatının böyük nümayəndəsi, görkəmli Cəfər Cabbarlının yanında dəfn olunub”.

Mərhum akademikin övladları tədbir iştirakçılarına öz təşəkkürlərini bildiriblər.

Qeyd edək ki, Rəfiqə Əlirza qızı Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. O, orta məktəbi bitirdikdən sonra ali təhsilini 1951–1956-cı illərdə Azərbaycan Dövlət Universitetinin kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən Azərbaycan Dövlət Universitetində, 1958–1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. O 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə AMEA-nın müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. Rəfiqə Əliyeva Azərbaycanda təhsilin və elmin inkişafındakı xidmətlərinə görə müstəqil Azərbaycan Respublikasının ali mükafatı – “Şöhrət” ordeni ilə təltif edilib.

Rəfiqə Əliyeva 2017-ci il mayın 6-da 85 yaşında vəfat edib.

AzNews.az

image description image description image description image description image description image description image description image description