Silsilə oğurluqlar edən şəxs tutuldu

İmişlidə silsilə oğurluqlar edən rayon sakini saxlanılıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan AzNews.az-a verilən məlumata əsasən, martın 24-də Daxili İşlər Nazirliyinin "102 Zəng Mərkəzi" Xidmətindən İmişli Rayon Polis Şöbəsinə (RPŞ) rayon sakini Yengibar Şükürova məxsus kafedən 2658 manat qiymətində bir ədəd soyuducu mühərrikinin, iki ədəd səsgücləndiricinin, iki ədəd generatorun, 200 metr uzunluğunda kabelin v s. əşyanın oğurlanması barədə məlumat daxil olub.

Məlumatla əlaqədar İmişli Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri uğurlu əməliyyat-axtarış tədbirləri ilə oğurluğu törətməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum olunmuş, 26 yaşlı Zeyqəm Musayev saxlanılıb. Z. Musayev dindirilmə zamanı törətdiyi cinayəti etiraf edib.

Araşdırmalar nəticəsində Z. Musayevin digər cinayətlərdə də əli olduğu aşkarlanıb. Belə ki, saxlanılan şəxsin ayrı-ayrı vətəndaşlara məxsus iki "KaMAZ" markalı yük maşınından ümumi dəyəri 1220 manat olan 4 ədəd akkumulyator oğurladığı məlum olub.

Bundan başqa həmin şəxsin digər vətəndaşa məxsus dəmir sexindən 450 manat dəyərində 145 metr uzunluğunda mis məftili oğurladığı da müəyyən edilib.

Faktlarla bağlı İmişli RPŞ-nin İstintaq bölməsində araşdırma aparılır.