Azərbaycan poçtunda 50-dən çox itirilmiş sənəd var

“Təmiz Şəhər” ASC aprel ayının 27-də “Azərpoçt” MMC-nin “Poçtap” xidmətinə 55 itirilmiş sənəd verib.

AzNews.az Trend-ə istinadən xəbər verir ki, həmin sənədlərin 50 faizə yaxını şəxsiyyət vəsiqələridir. Bundan başqa, itirilmiş sənədlər arasında sürücülük vəsiqələri, nəqliyyat vasitələrinin qeydiyyatı barədə şəhadətnamələr, ümumvətəndaşlıq pasportları, pensiya kitabçaları, "Qəhrəman ana" vəsiqəsi, orden kitabçası, əmək kitabçaları, hərbi biletlər, tələbə vəsiqəsi, tələbə kartı, elektron sağlamlıq kartı, "DIA Holding" iş vəsiqəsi, partiya biletləri, doğum haqqında şəhadətnamələr və avtomobilin idarə olunması üçün etibarnamə var.

Tapılan sənədlər barədə məlumatları xidmətin 169 nömrəli telefonuna zəng etməklə və ya "pochtap.az" saytı vasitəsilə əldə etmək olar.

İtirilmiş sənədlər "Poçtap" sistemində 30 gün müddətində qala bilər. Daha sonra onlar müvafiq strukturlara təhvil verilməlidir.

Məlumat üçün bildirək ki, "Poçtap" xidməti çərçivəsində sənədi tapılan şəxslər 1.80 AZN xidmət haqqı ödəyərək, sənədi poçt şöbələrindən və "Şəbəkə" xidmət mərkəzlərindən təhvil ala bilərlər. Sənədin hər hansı ünvana çatdırılması lazım gəldikdə isə, çatdırılma rüsumu "Azərekspresspoçt"un xidmət tariflərinə uyğun hesablanır.