Zərdabda kinoteatr ayaqyoluna çevrilib

Zərdab rayonunda "Arzu" kinoteatrı 20 ildən çoxdur ki, ayaqyoluna çevrilib. Diqqətsizlik ucbatından bu hala düşən kinoteatr hazırda özəlləşməyə çıxarılıb. Bu barədə məlumatı "Azadlıq radiosu" yayıb.

Mədəniyyət və Turizm Nazirliyinin Kino Şöbəsinin sektor müdiri Yusif Şeyxov da AzNews.az-a açıqlamasında sözügedən kinoteatrın baxımsızlıqdan bu vəziyyətdə olduğunu təsdiqlədi:

"Kinoteatrların əksəriyyəti təmir olunur. Zərdabdakı "Arzu" kinoteatrı isə hələ özəlləşdirilməyib. Baxımsızlıqdan bu vəziyyətdədir. Və belə olduğu üçün də özəlləşdirən yoxdur. İndi deməklə ki, kinoteatr niyə bu hala qalıb, bununla iş bitmir. Söhbət bundan gedir ki, kinoteatrlar özəl müəssisələrdir, pul qazanan yerdir. Azərbaycanda da artıq bunu başa düşməyə başlayıblar. Hazırda kinoteatrlar tikilir, proses gedir. Dövlətin sahibkarlıq sahəsinə bilavasitə müdaxilə etməyi düzgün deyil. Bununla sahibkarlar məşğul olmalıdır".

Xatırladaq ki, "Arzu"nun ayaqyoluna çevrilməsi ilə bağlı video "Azadlıq radiosu"nun "Simsiz teleqraf" müsabiqəsinə göndərilib.

Bahar Rüstəmli
AzNews.az