Ali məktəblərə tələbə, yoxsa...

Bir daha məktəbin məqsədi barədə

Abituriyentlərin 48.7 faizi imtahandan “2”, 18.4 faizi “3”, 22.9 faizi “4”, 10 faizi “5” qiymət alıb. “Abituriyent” jurnalının 12-ci sayında Dövlət İmtahan Mərkəzinin (DİM) 2017/2018-ci tədris ili üçün tələbə qəbulu və ümumi təhsil müəssisələri üzrə buraxılış imtahanlarının nəticələrinin elmi-statistik təhlili çap olunub. Bu göstəricilər cəmiyyətdə birmənalı qarşılanmayıb. Hətta təhsildə vəziyyətin ümidsiz olduğu qənaətinə gələnlər belə olub. Bəs, əslində, vəziyyət necədir?

DİM-in təhlillərinin nəticələrinə qayıdaq. Gəlin görək, 48.7 faizin məhz “2” alanlar olduğunu söyləmək nə qədər əsaslıdır?

Məlum olduğu kimi, qəbulda toplanılması mümkün olan maksimal bal 700-dür. DİM-in təhlillərində 0-700 bal diapazonu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölünüb, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyası yaradılıb. Ortaya çıxan nəticə yuxarıda göstərilən kimi olub.

Şərti bölgü

Əvvəla, ondan başlayaq ki, DİM-in təhlillərində 0-700 bal diapazonu şərti olaraq (0-199), (200-299), (300-499), (500-700) intervallarına bölünüb, ənənəvi “2”,“3”,“4”,“5” qiymətləri ilə analogiyası yaradılıb. Nəyə əsaslanaraq?

DİM-dən verilən açıqlamaya görə, ölkənin təhsil sistemində tətbiq olunan ənənəvi qiymətləndirmə “5” ballıq hesablama şkalasına əsaslanır. Pedaqoji ölçmə nəzəriyyəsinə və Azərbaycan Respublikasının Təhsil Nazirliyinin təsdiq etdiyi qiymətləndirmə meyarlarına əsasən, tədris proqramının müəyyən hissələrini mənimsəyən şagirdin biliyi bu bal şkalasına uyğun qiymətləndirilir. Qəbul imtahanlarının nəticəsinin qiymət şkalası isə 700 baldır. Ali təhsil müəssisələrinə qəbul imtahanlarının nəticələrinin “5” ballıq şkalaya gətirilməsi nisbi və şərti xarakter daşıyır. Bu, sadəcə olaraq, illər üzrə qəbul nəticələrinin inkişaf dinamikasının daha asanlıqla müqayisə edilməsinə imkan verən bir nümunədir.

Əslində, DİM-in də qeyd etdiyi kimi, şərti olan bu bölgü ilə bağlı da fikirlər birmənalı deyil. Bu iki fərqli şkala niyə, nəyə əsaslanaraq eyniləşdirilir?

DİM-dən sorğumuza cavab olaraq bildirilib ki, abituriyentlərin hazırlıq səviyyəsinin hərtərəfli yoxlanılması və qiymətləndirilməsi üçün qəbul imtahanlarında istifadə olunan test bloklarına mürəkkəblik dərəcəsinə görə sadə, orta və çətin tapşırıqlar daxil edilir. Şərti olaraq sadə tapşırıqların cavablandırılması 200-299 bal “3”, digər tapşırıqların cavablandırılması isə 300-499 bal “4” və 500-700 bal “5” qiymətinə gətirilir.

Təhsil Nazirliyi Təhsilin inkişafı proqramları şöbəsinin müdiri E.Əmrullayev bu izahatla razılaşmır. O hesab edir ki, bu bölgünün heç bir nəzəri və elmi əsası yoxdur: “Eyniləşdirmənin hər hansı qanunverici sənədə uyğunluğu yoxdur. Sadəcə olaraq uzun müddət ənənəvi şəkildə şərh edilib. Hesab edirəm ki, bu cür müqayisə doğru deyil. Şərti olaraq biz də tamamilə fərqli bölgü apara bilərik”.

Təhsil üzrə ekspert Nadir İsrafilovun fikrincə, Dövlət İmtahan Mərkəzinin neçə illərdir tətbiq etdiyi şərti bölgü də, qurumun açıqlamaları da, hətta iki ildir ki, ali məktəblərə qəbul imtahanlarının ilk sessiyasının məktəb proqramı başa çatmadan keçirilməsi də xüsusi məqsədlərə hesablanıb: “5 ballıq şkala ilə 700 ballıq şkalanın nə elmi, nə nəzəri, nə praktiki, ümumiyyətlə, heç bir əsası yoxdur. Amma bu heç nəyə əsaslanmayan şərti bölgü uzun illərdir ki, DİM-in elmi-statistik təhlillərinin əsasını təşkil edir. Qurum “2” alanların sayının artmasında xüsusilə maraqlı görünür. Belə olmasaydı, yazda ali məktəblərə qəbul imtahanları keçirilməzdi. Bilirsiniz ki, təhsil ili iyunun 14-də bitir, DİM artıq ali təhsil müəssisələrinə qəbul imtahanları keçirib. Dəfələrlə apelyasiya komissiyasında iştirak etmişəm. Bununla bağlı şikayətlərə tez-tez rast gəlinir. Komissiyaya gələnlər imtahanda hələ təhsil proqramına görə keçilməmiş mövzulardan salındığını və bu səbəbdən nəticələrinin aşağı düşdüyünü qeyd edirlər. Bu tip şikayətləri göz önünə gətirəndə, belə düşünməmək qeyri-mümkün olur”.

Əslində, vəziyyət ümidvericidir

Ümid verən isə odur ki, DİM təhlilləri nəticəsində ortaya çıxan rəqəmlər həm də təhsildə irəliləyişin göstəricisidir. Elə götürək son iki ili. 2017-ci ildə keçirilən imtahanlarda abituriyentlərin 48.7 faizi şərti olaraq “2”, 18.4 faizi “3”, 22.9 faizi “4”, 10 faizi “5” qiymət alıbsa, 2016-cı ildə keçirilən imtahanlarda bu göstəricilər, uyğun olaraq, 55.4 faiz, 16.7 faiz, 19.4 faiz, 8.4 faiz olub. Son iki ilin müqayisəsindən belə görünür ki, 2017-ci ildə “2” qiymət alanların faizi nisbətən azalıb, “3”,“4” və “5” qiymət alanların faizi isə artıb.

Məktəbin qarşısında universitetlərə tələbə hazırlamaq kimi tələb qoyulmayıb

Hər il yaxşı nəticə göstərənlərin faizinin artması, bal toplaya bilməyənlərin faizinin aşağı düşməsi onu göstərir ki, əslində, təhsildə vəziyyət nəinki ümidsizdir, əksinə, hər il qeydə alınan dinamik inkişaf var. Bu, məsələnin bir tərəfi. Məsələnin başqa tərəfi isə odur ki, “2” alanların sayının artıb-azalması məktəbdə həyata keçirilən islahatlara kölgə salmaq üçün bəhanə ola bilməz. Çünki məktəbin məqsədi yaxşı qiymət alanlar nəsli, ali təhsil müəssisələrinə tələbə yetişdirmək deyil. Məgər məktəbi bitirən hər kəs, yaxud böyük əksəriyyət yüksək bal toplamalıdır?

Məlumdur ki, təhsilin keyfiyyəti cəmiyyətdə çoxdandır ki, ali məktəbə qəbul imtahanlarının nəticələri ilə ölçülür. Hər il tələbə olan və olmayan abituriyentlərin nəticələri gündəmə gələndə bu məsələnin də müzakirəsi başlanır. Təhsilin səviyyəsi, məktəbin vəzifələri geniş müzakirələrə, sərt tənqidlərə tuş gəlir. Halbuki təhsil qanunvericiliyi ilə bağlı heç bir rəsmi sənəddə məktəbin qarşısında ali təhsil müəssisələrinə tələbə hazırlamaq kimi tələb qoyulmayıb. Təhsil eksperti Nadir İsrafilov fikrini belə ifadə edir: “Ən əsas məsələ ondan ibarətdir ki, kurikulum təhsilin milli konsepsiyasıdır. Burada yazılıb ki, ənənəvi tədris planından fərqli olaraq kurikulumlar şəxsiyyətyönümlüdür. Bundan əlavə, təhsil qanunvericiliyi ilə bağlı heç bir rəsmi sənəddə məktəbin qarşısında ali məktəbə tələbə hazırlamaq kimi tələb qoyulmayıb. Təhsil sistemləşdirilmiş bilik, bacarıq və vərdişlərin kompleksidir. Buna baxmayaraq, yenə də məktəbin işinə “neçə uşaq nə qədər bal toplayıb?”, “neçəsi ali məktəbə daxil olub?” suallarıyla zərbə vurmağa çalışırıq. Baxışımız dəyişməlidir. Məktəb şəxsiyyətyönümlü vətəndaş hazırlamalıdır”.

Elə isə biz niyə hər il eyni səhvləri edirik? Hər il bu məsələ mütləq gündəmə gəlir və hamı məktəbin üstünə düşərək akademik göstəricilərin aşağı olmasına görə təhsil sistemini qınayır. N.İsrafilov bu sualın cavabı olaraq hesab edir ki, ölkədə mövcud olan qiymətləndirmə mexanizmi biliyin qiymətləndirməsinə imkan verir. Şəxsiyyətyönümlülüyün qiymətləndirmə kriteriyası yoxdur. Elə məktəb var ki, 5 şəhid verib. Heç kim bunun hesabatını aparmır. Məktəblərin yetişdirdiyi vətənpərvər, torpağına və millətinə bağlı, əsl vətəndaş mövqeyi olan, milli dəyərlərinə önəm verən insanların qiymətləndirilməsi üçün bir mexanizm yoxdur. Əmək adamlarını da məktəb yetişdirir. Pambıqçılıq, kənd təsərrüfatını inkişaf etdirən ölkə insanını da məktəb yetişdirir”.

N.İsrafilov hesab edir ki, məqsədimiz təhsildə keyfiyyətə nail olmaq yox, baldır: “Bal dalınca qaçmaq son nəticədə şagirdlər arasında psixoloji problemlərin yaranmasına da səbəb olur. Qəbul imtahanları zamanı yeniyetmələr arasında intihar hallarının artması məhz bunun nəticəsidir”.

Sosial mediada müzakirələr

DİM-in statistik təhlilləri sosial mediada da birmənalı qarşılanmır. Müzakirələrdə yaranan səs-küy içərisində fərqli düşüncə sahibləri də ortaya çıxır. Məktəbdən yüksək bal toplayanlarla bağlı çoxsaylı tələblərin yanında ara-sıra fərqli yanaşma sərgiləyənlər də olur. Təhsil, test üsulu ilə qəbul və başqa məsələlər cəmiyyətin hər kəsimini maraqlandırır və narahat edir. Odur ki, müzakirələrə qatılanlar arasında Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası İcraiyyə Komitəsinin sədri Sahib Məmmədovun fikri maraqlı oldu: “Dəfələrlə yazmışam. Testdə yüksək nailiyyət çox yaxşıdır. Amma bu, hələ bilik göstəricisi deyil. Bu, xüsusi qabiliyyətdir. Əzbərləmək qabiliyyəti. Mən bir dəfə xahiş etdim ki, yüksək bal toplayanların sonrakı uğur hekayələri barədə məlumatı olanlar yazsın. Heç kəs heç nə yazmadı. Amma minimum balla ali məktəblərə qəbul olunub sonradan ciddi uğur qazananlar tanıyıram”.

S.Məmmədov hesab edir ki, ali məktəbə qəbul asan olmalıdır, oxumaq və məzun olmaq isə çətin: “Bu olmayınca, qabaqcıl təhsil olmayacaq”.

Müasir məktəbdən gözləntilər

Bəli, yüksək akademik göstəricisi olanlar bir məktəbin başının ucalığıdır. Ancaq birdəfəlik qəbul etməliyik ki, məktəbin akademik göstəriciləri onun reytinqi müəyyənləşdirilərkən nəzərə alınan meyarlardan sadəcə biridir. Bəs, başqa meyarlar hansılardır?

Məlum olduğu kimi, Təhsil Nazirliyi tərəfindən hər il IX və XI siniflərdə keçirilən buraxılış imtahanlarının nəticələri təhlil edilir və ölkənin bütün məktəblərinin reytinq siyahısı hazırlanır. Bu dərs ilindən başlayaraq, Təhsil Nazirliyində ümumi təhsil müəssisələrinin reytinq cədvəli hazırlanarkən başqa meyarlar da nəzərə alınır. Reytinq cədvəlində yeri müəyyənləşdirilərkən məktəbin nəinki təmirli olması, yerləşdiyi ərazinin sosial-iqtisadi vəziyyətinə də baxılır.

Təhsilin keyfiyyət göstəricilərinin ildən-ilə artdığını şagirdlərin beynəlxalq yarışlarda əldə etdiyi nailiyyətlər də təsdiq edir ki, bu da məktəbin reytinqi müəyyənləşdirilərkən nəzərə alınan əsas meyarlardandır. Azərbaycan məktəblilərinin beynəlxalq yarışlarda nümayiş etdirdiyi bilik və bacarıqlar əvvəlki illərlə müqayisədə çox yüksəkdir.

Bir sözlə, məktəbin reytinqində artıq sadəcə buraxılış imtahanlarının nəticələrini əsas götürmək kifayət etmir. Yaradıcılıq, akademik, beynəlxalq olimpiadalarda nəticələr, idman sahəsində (peşəkar və ya həvəskar olmağı fərq etməz) nailiyyətlər, kütləvi idmanda komandalarla iştirak və s. məktəblərin qiymətləndirilməsində nəzərə alınır. Odur ki, “2” alanların sayına ilişib qalmaq yox, müasir məktəbin qarşısında duran vəzifələrə baxmalıyıq.

Ruhiyyə DAŞSALAHLI

image description