“Pulunuzu almısız, adamı geri qaytarın!”

Sabiq rektor saxta müdafiə komitələrindən, Ramiz Zeynalovdan və qardaşından yazıb



ABU-nun sabiq rektoru Elşad Abdullayev növbəti dəfə müraciət yollayıb. "Yeni Müsavat"a göndərdiyi yeni müraciətində bir çox yeni mətləblərə toxunan sabiq rektor öncə onu yazıb ki, MTN zabiti Mahir Abdullayevin oğurlanması cinayəti ilə əlaqədar mütəşəkkil cinayətkar təşkilatın tapşırığı ilə bir sıra saxta müdafiə komitələri yaradılıb: "Lakin, bandanın çoxsaylı təzyiqlərinə və təqiblərinə baxmayaraq, 03 mart 2013 il tarixində Azad Mürsəliyevin rəhbərliyi ilə yaradılmış "Mahir Abdullayevin hüquqlarının Müdafiə Komitəsi " həqiqətən Mahir Abdullayevin hüquqlarını qoruyan müdafiə komitəsidir. İstintaqa kömək etmək məqsədi ilə Mahir Abdullayevlə bağlı kimdə nə məlumat varsa, xahiş edirəm bu komitəyə təqdim etsin. Mən Mahir Abdullayevin oğurlanmasl ilə əlaqədar bir sıra maddi sübutları , video-audio görüntüləri bu Müdafiə Komitəsinin Müstəqil Təhqiqat Komissiyasına təqdim etmişəm. Yalnız Azərbaycanda bu Müdafiə Komitəsinin yaydığı video-audio görüntülər etibarlı hesab edilir".



E.Abdullayev həmçinin yazıb ki, banda öz başçısını (burada daimi hədəfindəki dövlət məmurunun adını yazır- Red.) gizlətmək və xalqı caşdırmaq məqsədi ilə müxtəlif adla müdafiə komitələri yaradıblar. Onun sözlərinə görə, Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə yaradılan "ABU tələbələrinin Müdafiə Komitəsi", yaxud Mahir Abdullayevin "Müdafiə Komissiyası" cinayət məqsədi daşıyır: "Artıq belə saxta Müdafiə Komitələri bizim tərəfimizdən ifşa olunmuşdur. 03 mart 2013 il tarixində Azad Mürsəliyevin rəhbərliyi ilə "Mahir Abdullayevin Hüquqlarının Müdafiə Komitəsi yaradılmışdır. Bu müdafiə komitəsi həm də "ABU-nun Hüquqlarının Müdafiə Komitəsidir". Bu, həm də, tələbələrin və müəllimlərin pozulmuş hüquqlarının bərpa olunması uğrunda mübarizə aparan obyektiv və qərəzsiz Müdafiə Komitəsidir. YUNESKO əsas prinsiplərindən olan bir universitetin açılması bir həbsxananın bağlanması deməkdir. ABU bərpa olunmalıdır, tələbələr və müəllimlər auditoriyalarına qayıdıb təhsillərini davam etdirməlidirlər. ABU Məzunlar Assosasiyasının fəaliyyəti də səmərəlidir. Lakin Mahirin Hüquqlarının Müdafiəsi Komitəsindən başqa Azərbaycanda adam oğurluğu ilə məşğul olan mütəşəkkil cinayətkar təşkilatın sifarişi ilə daha bir hüquq müdafiə komitəsi yaradılıbdır – "ABU-nun hüquqları pozulan tələbələrinin müdafiəsi". Bu müdafiə komitəsi PİA-nın müdiri Ramiz Mehdiyevin və baş prokuror Zakir Qaralovun təşəbbüsü ilə ABU-nun əmlakını və valideynlərin pulunu ələ keçirmək məqsədilə yaradılmışdır. Müdafiə Komitəsinə vəkil Ramiz Zeynalovun "Təzadlar" qəzetinin baş redaktoru Asif Mərzilinin başçılıq etməsi qurumun hansı məqsəd ilə yaradılması haqda müəyyən fikrə gəlməyə əsas verir. Bu müdafiə komitəsi başqalarının əmlakını qanunsuz olaraq zor və fırıldaq yolu ilə ələ keçirmək üçün yaradılıbdır. Azərbaycan məhkəmə təcrübəsindən məlumdur ki, Ramin Nağıyevin dediyi kimi "Qara Ramiz", "Mersedes Ramiz", "Qara advokat", "Terrazina" - Avropa mediasında mənfi advokat obrazı, "doktor" (bu yerdə müəyyən təhqiri ifadələrə yol verildiyi üçün bunları yaza bilmirik-Red)– bunlar xalq arasında geniş yayılmış Ramiz Zeynalovun ləqəbləridir. O, həmişə AR Baş Prokuroru Zakir Qaralova "mirzəlik" edibdir, onun tapşırığı ilə də həbsxana da yatan demokratik fikirli şəxsləri sındırmaq məqsədi ilə yanına yerləşdirilibdir. Advokat Ramiz Zeynalov professional etikanın nə oldugunu bilməyən vəkildir. Onun düşüncəsinə görə puldan başqa hec nə yoxdur, hamını necə gəldi şərləmək olar".



E.Abdullayev yazıb ki, R.Mehdiyev və Z.Qaralov, eləcə də Azərbaycanın hüquq-mühafizə orqanlarının rəhbərliyi bu insanın kimliyini çox yaxşı bilir: "Tələbəçilik illərindən məlumdur ki, o, gizli polis orqanları ilə əlaqəlidir. Buna görə də onun köhnə xidmətlərindən, daha dəqiqi, "sənətkar" provokasiyalarından bir çox məsələlərdə, o sıradan həbsxanalarda yatan demokratik fikirli şəxslərə qarşı istifadə olunur. Belə ki, Ramiz Zeynalov qanunsuz həbs olunmuş hüquq müdafiəçisi, hazırda prezidentliyə namizəd Vidadi İsgəndərli ilə həbsxanada bir kamerada qalıb. Ona bildirib ki, mən vor zakonam, nə desəm onu etməlisən… Prezidentliyə namizəd Vidadi İsgəndərli uzun müddət prokurorluqda çalışdığına görə deyib ki, "sizi mənim yanıma yerləşdiriblər ki, fikirlərimi birbaşa baş prokuror Zakir Qaralova çatdırasınız. Ayıb olsun sizə. Sizi nə vadar edib ki, belə iyrənc yola düşmüşsünüz?".



E.Abdullayev müraciətində onu da yazıb ki, R.Zeynalov jurnalist Eynulla Fətullayev ilə də bir həbsxana kamerasında yatıb: "Bu siyahını artırmaq olar. Özü də tez-tez məni təhdid edir ki, gələrsən Bakıya, Sizinlə "sukalar" ücün xüsusi yaradılmış 86 saylı doktorluq kamerasında yatacam. Yaxşı deyirlər, gen qaz dərin qaz özün düşərsən. Elə siz ömrü boyu həbsə məhkum olmusunuz 86–cı kamerada. Həmişə də özünüzə qismət olsun. Müdafiə Komitəsinə belə bir neqativ reputasiyalı şəxsin rəhbərlik etməsi müəyyən dəqiq nəticələrə gəlməyə imkan verir. O, Arzu Kazımovdan çox baş prokuror Zakir Qaralova vəkillik edir. Özü də çox gözəl başa düşür ki, baş prokuror Zakir Qaralov Mahir Abdullayevin oğurluq cinayətini 9 ildir ki, bilə-bilə gizlətdiyinə və vəzifəsindən sui-istifadə etdiyinə görə məhkəmə məsuliyyətinə cəlb olunmalıdır. Sizin köhnə iş təcrübənizi artıq bütün Azərbaycan xalqı , dünya bilir".



E.Abdullayev daha sonra R.Zeynalovla bağlı daha bir məqamı xatırladıb: "Məlumdur ki, Azərbaycanda çoxdan bağlanmış Vahid Bankla bağlı qalmaqallı məhkəmə prosesi gedirdi. O vaxt da Bakı şəhər Prokurorluğunun yanında Əmanətçilərin Hüquqlarının Müdafiə Komitəsi yaradılmışdır. Bankın sədri bir necə illiyə həbs edildi, əmlakı müsadirə olundu. həmin əmlak əmanətçilərə dəyən ziyanın ödənilməsi üçün hərraca çıxarıldı. Amma axırda heç bir əmanətçiyə heç nə qaytarılmadı. Bankın sahibi isə Sevinc Babayeva sayağı qətlə yetirildi. Cünki Bank müdirinin əmlakından nə əldə edilmişdisə, həmin pulu yaranan Əmanətçilərin Müdafiə Komitəsi mənimsəmişdir. Həmin talan zamanı 300 ədəd Mersedes markalı avtomobil də yoxa çıxdı, hamısı da yağın içində idi. Yeri gəlmişkən, advokatın "Mersedes Ramiz" ləqəbi Vahid Bankdakı cinayətindən götürülübdür. Xalq arasında Ramiz Zeynalovun hər bir adı etmiş olduğu cinayətlə bağlıdır. Daha sonra, Xəyal Bank Müdafiə Komitəsi. Hazırda , eyni analoji soyğunçuluq Royal Bankın Müdafiə Komitəsində davam edir və s. Fikir verin Royal Bankın milyonlarla pulunu yeyiblər. Vətəndaşların pullarını qaytarmaq əvəzinə onların pullarına "stop" qoyublar, min cür təhdidlər edirlər, "bu qədər pulu haradan almısan" deyib sorğu-suala tuturlar. Prokurorluq vətəndaşın halal pulunu almağa imkan vermir. Hamı çox gözəl bilir ki, Royal Bankın pulunu kim mənimsəyibdir, xalqın pulunu qaytarmaq əvəzinə mlləti təhdid edirlər. Video faktlarla Mahir Abdullayevi oğurlayanları məhkəmə məsuliyyətinə cəlb edin, pulunuzu almısınız, adamı geri qaytarın. Özümü təhdid edirlər".



E.Abdullayev onu da yazıb ki, ABU-in baglanmasında günahkar kimdirsə tələbələrə və müəllimlərə dəymiş maddi və mənəvi ziyanı təqsirli şəxs ödəməlidir. Onun yazdığına görə, rektordan asılı olmayaraq ABU-nu Ramiz Mehdiyev ələ keçirmək məqsədi ilə bağlatdı, hazırda da R.Zeynalovun saxta müdafiə Komitəsinin vasitəsi ilə mənimsəmək istəyir. Sabiq rektor bu yerdə R.Mehdiyevin ünvanına bir neçə ciddi ittiham yönəldib. Amma bunlar sübut edilmədiyi və məhkəmə perspektivi yaratdığı üçün yaya bilmirik-red). Amma sabiq rektor iddia edib ki, ABU bərpa edilib fəaliyyət göstərsə, bir həftə içərisində tələbələri diplomla təmin etmək olar. E.Abdullayev həmçinin daha öncəki müraciətlərində ABU-nun necə bağlanması, bu universitetin bağıanmasında R.Mehdiyevin rolu barədə də yazıb. Təkrarçılığa varmamaq üçün onları yada salmırıq. Sabiq rektorun müraciətinin son qismində qeyd olunur ki, Avropa Məhkəməsi beynəlxalq hüquq normalarını əsas götürərək ...... Azərbaycan Beynəlxalq Universiteti ilə bağlı özbaşınalığa son qoyacaqdır, ABU bərpa olunacaq və tələbələrin bütün problemləri həllini tapacaqdır. Bir universitetin açılması 30 həbsxananın bağlanması deməkdir.

AzNews.az