“Prezident şəhid ailələrini və qaziləri hər zaman diqqətdə saxlayır” - Vüqar Qədirov

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müharibə əlilləri və şəhid ailələrinə xüsusi qayğısı bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da ildən-ilə güclənməsinə imkan verib.

Dövlət başçısı 1 avqust 2018-ci ildə Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə daha 35 mənzilin, eyni zamanda Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə 136 avtomobilin təqdim olunması mərasimində son 20 il ərzində şəhid ailələrinə, müharibə əlillərinə 5500-dən çox fərdi ev və mənzil, müharibə əlillərinə 6 mindən çox minik avtomobili verildiyini bildirərək deyib: “İlin sonuna qədər nəzərdə tutulan rəqəm əlavə 170 mənzil və fərdi evdir. Bununla belə, nəzərə alsaq ki, hələ də növbədə kifayət qədər insan var, - təqribən 4 minə yaxın insan növbədədir, - mən əlavə vəsait ayıraraq bu il minimum daha 300 mənzilin alınması ilə bağlı qərar qəbul edəcəyəm”.

Sərəncam Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Əmək və əhalinin Sosial Müdafiə Nazirliyinə 20 milyon manat ayrılmasını nəzərdə tutur.

Beləliklə, sərəncam ayrılacaq həmin vəsait hesabına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ildə əlavə olaraq minimum 300 mənzil alınmasına, nəticədə bu il ərzində 500-dən çox mənzilin əlil və şəhid ailələrinə təqdim olunmasına imkan yaradır. Bu da 2018-ci ildə nazirlik tərəfindən Qarabağ müharibəsi əlillərinə və şəhid ailələrinə verilməsi nəzərdə tutulan mənzillərin sayının (207 mənzil) 2,4 dəfə artırılmasına imkan verir.

“Qarabağ” Qeyri Hökumət Təşkilatları Koalisiyasının koordinatoru, “Üçüncü Sektor” Mərkəzinin rəhbəri Vüqar Qədirov AzNews.az-a olan açıqlamasında ölkə başçısının bu təbəqədən olan şəxslərə olan dövlət dəstdəyindən danışıb:

“Prezident İlham Əliyevin fəaliyyətinin əsas istiqamətlərində biri qaçqın və məcburi köçkünlərə diqqət və qayğının göstərilməsidir. Dünənki sərəncamla biz bir daha şahid olduq ki, prezident bu insanlara istər sosial, istər məişət məsələlərində yardımlar edib, sərəncam vermişdir. Prezident şəhid ailələrini, qaziləri, məcburi köçkünləri hər zaman diqqətdə saxlayır. Bunun nəticəsidir ki, insanlar arasında vətənpərvərlik ruhu getdikcə daha da artmaqdadır, elə Lələtəpə döyüşləri də bunun bariz nümunəsidir. Belə ki, silahlı qüvvələrlə bərabər Azərbaycan xalqı da böyük ruh yüksəkliyi ilə torpaqlarımızı düşmən tapdağından azad etmək əzmini nümayiş etdirmişdir. Bu sosial yönümlü siyasət hər il davam etdirilir. Mən prezidentimiz İlham Əliyevə həm özüm, həm də məcburi köçkün, əlil və şəhid ailələri adından, eyni zamanda əməkdaşlıq etdiyimiz veteran təşkilatları adından təşəkkürümü bildirirəm.

Hər il demək olar ki, prezident bu istiqamətdə vəsaitlərin ayrılmasının şahidi oluruq. Buna yeni qəsəbələrin tikilməsi, əlillələrə maşınların verilməsi , şəhid ailələrinə mənzillərin verilməsi, əlillər üçün yaradıcılıq evlərinin tikilməsi kimi tədbirləri misal çəkmək olar”.

Səidə NURMƏMMƏDLİ