“V Təlim və psixologiya mərkəzi”nin direktoru Aytən Ələkbərova cəmiyyətin hazırki sosial-psixoloji durumu haqqında AzNews.az-a müsahibə verib. “V Təlim və psixologiya mərkəzi”nin direktoru Aytən Ələkbərova cəmiyyətin hazırki sosial-psixoloji durumu haqqında AzNews.az-a müsahibə verib.

“Psixoloji problemlərin çoxu kin və paxıllıqdan yaranır” - Psixoloq Aytən Ələkbərova

“V Təlim və psixologiya mərkəzi”nin direktoru Aytən Ələkbərova cəmiyyətin hazırki sosial-psixoloji durumu haqqında AzNews.az-a müsahibə verib.

Müsahibəni təqdim edirik:

- Cəmiyyətin hazırki psixoloji vəziyyətini necə qiymətləndirmək olar?

- İnsanların hazırki psixoloji durumu deyərdim ki, bir neçə hissəyə bölünür. Əsasən cəmiyyət sosial durumu bəhanə gətirir. Bu uşaqlarda tam fərqlidir, yeniyetmələrdə tam fərqli. Elə indiki vəziyyətə baxsaq hər kəsin özünün yaş psixologiyası olduğunu aydın görərik. Ən aktual mövzulardan biri olan intiharlardan danışmaq istəyərdim. Çünki intiharlar son illər artmaqdadır. Bir psixoloq kimi qeyd edərdim ki, sosial durumu əsas gətirib intihar etmək o dərəcə də əsas səbəblərdən deyil. Əgər sosial durumu əsas gətirirərsə, bu vəziyyətdən çıxmaq üçün çox yollar var. İnsan bunu gərək öz düşüncəsində dərk edə bilsin. Xəyalən qurduğu arzulara çatmağı insan real həyatda bacarmalıdır. Bacarmırsa, səbəbləri təhlil etməli, metodları dəyişməlidir. İntihar çıxış yolu deyil.

- Sizcə bu problemlər nədən yaranır?

- Cəmiyyətdə yaranan psixoloji problemlərin əksəriyyəti kin və paxıllıqdan yaranır. Paxıllıq insanı içindən yeyir. Biz çalışaq ki, qibtə etməyi bacaraq. Qibtə paxıllıqdan, həsəddən fərqli duyğudur, bir növ pozitivdir, örnək almaqdır. Qibtə edə bilək ki, sabah biz də ən azından o insanlar qurduğu hər hansı bir zirvəyə çataq, uğurlarına doğru addımlayaq.

- Uşaqlara psixoloji təsirlər nə vaxtdan aşılanmalıdır?

- Biz uşaqların hərəkətlərinə nəzər yetirsək, hansı addımları atmışıqsa, həmin formada da onlardan eyni səpkili cavabları, hərəkətləri görə bilirik. Uşaqlara erkən yaşlarından psixoloji dəstək göstərmək lazımdır. Onları digərləri ilə müqayisə etməklə düzgün yol göstərmək olmaz. Filankəs bunu etdi, sən bacarmadın, o daha ağıllıdı sən sözə baxan deyilsən deməklə övladımızın daxilində bir paxıllıq hissini yaradırıq. Məktəbə getmək, ikinci şəxsiyyət dövrünün başlandığı bir vaxtdır. Hansı ki, 7 yaş şəxsiyyətin o dövrüdür ki, artıq bir neçə xüsusiyyətlər ortaya çıxır, xarakter formalaşmağa başlayır. Artıq çərçivə müəyyənləşir. Yəni bu uşağın xarakteri budur, bundan artığını gözləmək olmaz. Yenə həmin vaxt valideynlər və yaxud da qeyri-peşəkar müəllimlərimiz ayrıseçkilik aparmaq istəyirlər. Hətta seriallar belə uşaqların psixologiyasına mənfi təsirlərini göstərir. Bununla da uşaqlar arasında kin yaranır.

- İnsanların internetdən asıllığı psixoloji problemlərin yaranmasına necə təsir göstərir?

- İnternetdən asılılığı belə izah edərdim. Məsələn deyirlər filankəs narkomandı, elə narkomaniya da asıllıq deməkdir. İnternet əsridir, bu da bir asılılıqdır. Lakin biz onu məhdudlaşdırmağa çalışsaq da, bundan yayınmaq qeyri-mümkün olacaq. Götürək elə bəzi uşaq bağçalarını. Hansı ki, həmin bağçalarda elə proqramlardan istifadə olunur ki, onun mahiyyəti ilk olaraq iclaslarda valideynlərə aşılanır. Sonradan proqram uşaqlara tətbiq olunur. Tətbiq olunan vaxtı isə yeri gələndə internetin də gözəl, sərfəli cəhətlərini onlara öyrədirik. Amma xaotik atılan addımlar var ki, bizim yeniyetmələrimiz deyək ki, o addımlarda bəzi məqamlara, videoçarxlara, bəzi videolara baxırlar. Sonradan onu xaotik təkrar edirlər. Bunun ən böyük səbəblərindən birinə misal olaraq deyək elə 134 saylı məktəbdə olanları. Belə götürsək həmin yaşda olan uşaqlarda sevgi dəyəri artmağa başlayır. Amma sevgi ilə hissləri qarışdırdıqları üçün bu cür hallar yaşanır. Hardasa 10-15 il bundan öncəki məktəbdə yaranan sevgi münasibətlərinə baxanda indiki yaşanan sevgi ilə nə qədər fərqli olduğunu görmək olar. Əvvəllər uşaqların içərsində valideyn məsuliyyəti var idi. Onlar düşünürdü ki, kənara çəkilib kiminləsə danışsam, müəllim valideynimə deyər. Yəni görürük ki, hazırda uşaqlarda bir məsuliyyət, qorxu yoxdur. Məsuliyyət onları atılan yanlış addımlardan qoruyur. Amma bugünki gün internetdən istifadənin nəzarətsiz olması, valideynlərin cinsəl terapiyanı yaxşı bilməməsi və vaxtında bir psixoloqa müraciət etməməsi yeniyetməlik dövründə çox böyük fəsadlar yaradır. Hansı ki, sonra cəmiyyətin pis vərdişləri ilə qarşılaşırlar və birbaşa intiharın qapısını açırlar.İnsanlarla intihar arasında uşaqlıqdan sevdiyimiz bir gizlənpaç oyunu gedir. Artıq bu gizlənpaç oyununda tapılan tərəf də elə məhz intihar olur. Çünki artıq bu insanın səhvidir. Bu səhvi dilinə gətirmək istəmir, bölüşəcək bir insanı yoxdu. Amma valideyn onda valideyn olur ki, səhvi ilə də düzü ilə də “mənimsən, övladım , mən səni hər halınla qəbul edirəm. Yetər ki, mənə yalan danışma, səhvini mənə vaxtında de. Səhvini mənə nə qədər tez desən, mən sənə kömək olub cəmiyyətin pis ağuşunnan xilas edəcəm” deməyi bacarır.

- Sizə ən çox müraciət olunan mövzu hansıdır?

- Hazırda müxtəlif problemi olan insanlar mənə müraciət edir. Demək olmaz ki, sırf bu mövzuda mənə müraciət edirlər.Bu müraciətlərin içərsində ailə münaqişələri də, uşaqlarda psixoloji problemlər yaxud Piter Pen sendiromu da vardır.Digər tərəfdən yeganə xalqıq ki, bizdə mental sindiromu var. İnsanlar mental sindiromdan əl çəkmək istəyirlər, alınmır. Bacarmamaqlarına səbəb isə ətraflarıdır, yaxın adamlarıdır. Bu sindiromdan özlərini kənara çəkmək istədikləri bir vaxtda cəmiyyət onlara imkan vermir ki, onlar bu kompleksdən rahatlıqla xilas ola bilsinlər. Bununla da onlarda psixoproses gedir, psixoloji düşüncə pozulması ilə nəticələnir. “

Səidə NURMƏMMƏDLİ
AzNews.az