- Köhnə - Cəmiyyət
- 8 Sentyabr 2018 17:15
- 8 321
Avropada miqrantlara qarşı pis münasibət... ərəblərə görədir? - Almaniyalı miqrantların rəyləri
Türkel Rüstəmxanlı: “Ərəblər gələndən sonra türklərin qədrini bilməyə başladılar” Fərahim Ilqaroğlu: “Belə etirazları, aksiyaları təbii qəbul etmək lazımdır”
Avropada miqrantlara qarşı etiraz dalğası zaman-zaman medianın gündəminə gəlir. Xüsusilə də Almaniyada son zamanlar aktivləşən bəzi qüvvələr miqrantlar əleyhinə aksiyalar keçirir, onların ölkədən çıxarılması üçün tələb və şüarlar səsləndirirlər. Bu aksiyalar isə hər zaman özlüyündə “miqrantların yerli camaata nə kimi ziyanı var, onların həyatını hansı formada pisləşdirir?” tipli sualları da aktual edir.
Bu günlərdə Almaniyada miqrant həyatı jurnalist Çingiz Sultansoy bu məsələyə fərqli baxış bucağından yanaşıb. Həmkarımız miqrantlara qarşı Almaniyada zaman-zaman yaranan pis münasibətin kökündə dayanan səbəblələrə toxunub.

Çingiz Sultansoy
Ç.Sultansoy Suriyadan və İraqdan gələn ərəb və kürdlərlə 2 müxtəlif alman dili kurslarında aylarla bir sinifdə oxuduğunu, qonşu olduğunu yazandan sonra müşahidələrini belə sıralayıb: “Sinifdə ucadan danışan, dərs oxumayan, ev tapşırığını hazırlamayan, səs-küyüylə başqalarına mane olan, fağır müəllimlərin başına oturan, sərt və iradəli müəllimlərdən qorxan, çəkinən, tualetdən sonra əlini yumayan, amma özündən razı adamlar çoxdur aralarında. Almaniyaya gəlib təqaüd alan, "Almaniyanı bəyənmirəm" deyənlər də var. Hətta iki barmağını ağzına qoyub sinfin içində ucadan fit çalanlar da (?!) vardı aralarında, gözlərimlə görmüşəm, qulağımla eşitmişəm.... Məzəmmət elədim bu 2 nəfər fitçalanı, "Bu mədəniyyətsizlikdir! Bu tam hörmətsizlikdir!" dedim iki 20-30 yaş arası adama. Söz ehtiyatım böyük deyil hələ. Kürd olanı utandı, dayandı, ərəb olanı bir də fit çaldı, guya ki mənim acığıma, buna ağıl öyrədirəm axı. Təbii, hamısı belə deyil, tərbiyə anlayışı olanlar, çox mədəniləri də var, amma azdı. Hər halda özünü belə aparan türk və ya azərbaycanlı təsəvvür belə eləmirəm, hərçənd ki, uşaqlıqda pis, xuliqan sayılan 12 saylı məktəbdə oxumuşam Çəmbərəkənd uşaqları ilə. Nə qədər qaba, səviyyə-tərbiyəsiz adam görmüşəm həyatımda. Afrikadan gələn qaradərililər çox şükürlüdür bunların yanında. Və ya, məsələn, İrandan gələn farslar və kürdlər bunlardan çox seçilir, tərbiyə və nəzakət tam başqadır. Avropada immiqrantlara qarşı pis münasibətin yaranması, ifrat sağ meyllər indi türklərə görə deyil, məhz ərəblərə görədir. Anlaşılandır...”
Bu, Almaniyada miqrantlarla bir yerdə dil təhsili alan və dəqiq müşahidələr aparan bir həmkarımızın yazdıqları idi. Doğrudan da miqrantlara qarşı pis münasibətin yaranması ərəblərə görədirmi? Azərbaycana gələn ərəb turistlərdən biz nə qədər narazıyıqsa, avropalılar da o qədərmi narazıdır?
Musavat.com bu sualları sözügedən ölkədə yaşayan digər azərbaycanlı miqrantlara da ünvanlayıb, cavablar aldı.
![]()
Türkel Rüstəmxanlı ailə üzvləri il birlikdə
Almaniyada yaşayan siyasi fəal Türkel Rüstəmxanlı bildirdi ki, ümumiyyətlə, 2013-dən 2018-ci ilə qədər münasibətlər dəyişib və hazırda Almaniyada gəlmələrin sayı həddən artıq çoxdur. Onun sözlərinə görə, saya müvafiq olaraq, münasibətlər də həm yaxşı, həm pis yöndə dəyişib: “Yaxşı yöndə o insanlara qarşı münasibət dəyişib ki, inteqrasiya olunmağı, işləməyi, dil öyrənməyi bacarıblar. 20-25 il burda yaşayan türklər, ərəblər, digər ölkələrdən gəlmələr var ki, nə alman dilini bilirlər, nə də işləyirlər. Onlara qarşı münasibət tam fərqlidir. Almaniyanın digər Avropa ölkələrindən fərqi odur ki, insanlara qarşı münasibəti fərdidir. Tutaq ki, mən, alman dilini bilən Türkel hansısa işlə bağlı dövlət idarəsinə gedirəm. Məmur görür ki, 2013-də gəlmişəm, öz işim var, dili bilirəm. O zaman onun mənə münasibəti almana qarşı münasibət kimi olur. Tutaq ki, siz də 2013-də gəlmisiz, amma alman dilini bilmirsiz, intqrasiya olunmamısız. Bu zaman sizi süründürməçiliyə salacaqlar. Qanun məmurlara icazə verir ki, miqrantlara fərdi münasibət göstərsinlər. Bundan narazı olub, fərqli instansiyalara müraciət edə bilərsən. Əgər ərəb ailəsi Almaniyaya gəlib, alman dilini öyrənmir, öz çevrəsi ilə oturub-durursa, bu, onun özü üçün sıxıntı yaradacaq”.
T.Rüstəmxanlı deyir ki, Almaniyada gəlmələrə qarşı etirazlar olur, mitinqlər keçirilir. Amma bununla yanaşı, onların lehinə də konsertlər, şovinstlərə qarşı etiraz aksiyaları keçirilir.
Müsahibimiz xatırladır ki, hazırda Almaniyada ən çox vergi ödəyən gəlmələr arasında pakistanlılar, iranlılar, bizə daha yaxın olan ölkələrdən gələn vətəndaşlardır: “Sən ərəbsən deyə, dövlət sənə güzəşt edəcək deyə bir şey yoxdur. Dövlət sənə pul, ev verir, işin uzaqdadırsa, sənə maşın almağa yardım edir. Dövlət buna şərait yaradırsa, sən daha sonra bundan sui-istifadə edə bilməzsən. Bir neçə gün qabaq burda azərbaycanlılara qarşı da hücum olmuşdu. Biz bundan sığortalanmamışıq. Azərbaycanın özündə də var. Zəncini küçədə görəndə biri “şokalad” deyir, o biri “neqr” deyib sataşır”.
T.Rüstəmxanlı hesab edir ki, miqrantlara qarşı zaman-zaman baş qaldıran etirazların mərkəzində ərəblərə olan münasibətin dayanması yanlış fikirdir: “Türklərin bura gəldiyi ilk illərdə də deyirdilər ki, sayları çoxdur, işlərimizi əlimizdən alırlar. Həmin vaxt da türklərə qarşı bu etirazlar, aksiyalar vardı. Sonra serblər gəldilər. Ərəblər gələndən sonra türklərə qarşı münasibət dəyişib. Onların qədrini bilməyə başladılar. Ortalıqda keçən 50-60 il var. Birinci nəsil türklər gələndə onlara kirayə ev vermirdilər, sıxışdırırdılar. İndi isə münasibət fərqlidir. Bu, dünyanın hər yerində var”.

Fərahim İlqaroğlu
Almaniyada miqrant həyatı yaşayan jurnalist Fərahim İlqaroğlu da hesab edir ki, Almaniyada bütün cinayətlərin ərəblər və türklər tərəfindən törədilməsi yanlış fikirdir. Onun sözlərinə görə, bir müddət öncə Almaniyada baş verən aksiyalarda son 3 ildə əcnəbilər tərəfindən öldürülən alman vətəndaşlarının portreti daşındı, yürüş-mitinqi keçirildi: “Ta ki, həmin şəhərdə yaşayan sağçı radikallar həmin dinc aksiyaları iğtişaşa çevirənə qədər. İğtişaşa çevirəndən sonra nə oldu? Almaniya üçün yaraşmayan, xoş olmayan mənzərə formalaşdı ki, alman siyasətçilər buna öz etirazlarını bildirdilər. Almaniya əhalisinin 80-90 faizi bu hadisəni pislədi. Bunun Almaniya üçün utancverici hadisə olduğu bildirildi. Çox vaxt qaçqınların cinayətlərinin ön plana çıxaran mətbuat orqanları belə “Almaniya üçün utancverici 3 gün” kimi başlıqlar atıb, hadsəni pislədilər. Bu iğtişaşlar tez yatırıldı. Aksiyanın ikinci və üçüncü günü irqçi qüvvələrin meydandan çxmasını tələb etdilər. Sonradan iqrçiliyə qarşı aksiya keçirildi. Həmin konsert tipli aksiyada 65 min şəxs işitrak etmişdi. Ondan sonra hadisələr söndü. Hər şey qaydasındadır. Əcnəbilərə qarşı münasibət yaxşıdır”.
Fərahim İlqaroğlu bildirir ki, Almaniyanın Bavariya kimi şəhərlərində əcnəbilərə münasibət bir qədər soyuq olur. Onun sözlərinə görə, bu da tək-tük hallardan biridir: “Almaniyada miqrantlara qarşı münasibət yaxşıdır, hər şey qanun çərçivəsindədir. Bu siyasət dövlət tərəfindən həyata keçirildiyi üçün alman vətəndaşlarının bu siyasətə qarşı münasibəti çox yaxşıdır. Bu səbəbdən də belə etirazları, aksiyaları təbii qəbul etmək lazımdır. Konkret hansısa millətin üzərində fokuslaşdırmaq doğru deyil”. (musavat.com)
AzNews.az