“Cəmi 8 əcnəbi QİÇS-ə yoluxub, onların da arasında ərəb yoxdur” - “8 min ərəb” söhbəti cəfəngiyyat imiş

Ərəb bloggerinin Bakıda 8 min ərəbin QİÇS xəstəliyinə yoluxması ilə bağlı araşdırması həqiqəti əks etdirmir.

Bunu AzNews.az-a tibbi ekspert, professor Aqil Qeybulla bildirib. O, bu rəqəmi real hesab etmədiyini deyib:

“Azərbaycanda bu qədər QİÇS xəstəsi qeydə alınmayıb. İkinci tərəfdən, bu rəqəm real olsa belə, məsələ bizdən çox ərəblərin özünə aiddir. QİÇS xəstələri bütün ölkələrdə var. Ərəblər Bakıya gələndə tamamilə yüngül həyat tərzi keçirirlər. Əslində bu, onların öz günahıdır. Üçüncüsü, ərəblər Bakıya gələndə onlar təlimatlandırılmalıdır. Yəni, ölkənin mentaliteti ilə bağlı geniş məlumat verilməlidir. Bu göstərici onu sübut edir ki, onlar təlimatlandırılmayıb. Həmin ölkələrin rəsmiləri bu barədə düşünməlidir”.

Aqil Qeybulla qeyd edib ki, Azərbaycanın adı QÇİS və əxlaqsızlıq yuvası kimi məsələlərdə hallanmamalıdır: “Hər halda, biz bu barədə düşünüb, bunun qayğısını çəkməliyik”.

Respublika QİÇS-lə Mübarizə Mərkəzinin monitorinq şöbəsinin rəhbəri Natiq Zülfüqarov isə qeyd edib ki, Azərbaycanda 6 ay ərzində 8 nəfər əcnəbi vətəndaş QİÇS xəstəliyinə yoluxub:

“Minlərlə blogger var. Onların dediyi rəqəm rəsmi deyil, qeyri-ciddi fikirlərdir. Düzdür, insanlar təşvişə düşə bilərlər. Azərbaycanda 6 ay ərzində 8 nəfər əcnəbi vətəndaş QİÇS-ə yoluxub. Bu, rəsmi qeydiyyatdır və onun arasında ərəb vətəndaşı yoxdur. Bolgger bunu nəyə əsaslanıb yazıb, onu biz bilmirik. Azərbaycanda 1992-ci ildən bu ilə kimi rəsmi olaraq 5937 nəfər QİÇS-lə bağlı qeydiyyatdadır. Onlardan 1733 nəfəri qadındır. 2080 nəfəri QİÇS mərhələsindədir. Ümumilikdə yoluxanların 43,9 faizi narkotik istifadəçiləri vasitəsi ilə yoluxub. 6 ay ərzində isə 306 nəfər QİÇS-ə yoluxub, onlardan 8 əcnəbi vətəndaşıdır. 298 nəfəri azərbaycanlıdır. Onların da 105-i qadındır. 192 nəfəri isə kişilərdir”.

Qeyd edək ki, ərəb bloger Ali Əthab Azərbaycana gələn ərəb turistlərin həyat tərzi haqqında reportaj hazırlayıb. Azərbaycanda ərəblərin gecə həyatı yaşadığını və yüngül həyat tərzi sürən qadınlarla münasibətdə olduqlarını müşahidə edən bloger Bakıda 8 min ərəbin QİÇS xəstəliyinə yoluxduğunu iddia edib.

Bahar RÜSTƏMLİ
AzNews.az