AzNews.az moderator.az-a istinadən tarix elmləri doktoru, araşdırmaçı Nəsiman Yaqublunun çox maraqlı məqaləsini təqdim edir: AzNews.az moderator.az-a istinadən tarix elmləri doktoru, araşdırmaçı Nəsiman Yaqublunun çox maraqlı məqaləsini təqdim edir:

Cümhuriyyət qurucuları türk əsgərləri haqqında – Dəyərli sənədlər, vacib faktlar...

AzNews.az moderator.az-a istinadən tarix elmləri doktoru, araşdırmaçı Nəsiman Yaqublunun çox maraqlı məqaləsini təqdim edir:

1918-ci ilin sentyabrın 15-də Bakının düşmənlərdən azad edilməsi böyük tarixi hadisə oldu. Bakının Qurtuluşu ilə Azərbaycan Cümhuriyyəti hökumətinin Bakıda fəaliyyətə başlaması mümkün oldu.Bu hadisə ilə bağlı Azərbaycan Cümhuriyyəti qurucularının fikirləri böyük dəyər kəsb edir.Bunu nəzərə alıb onların fikirlərini oxuculara təqdim edirəm.

Məhəmməd Əmin Rəsulzadə

QURTULUŞ GÜNÜ

“Sentyabrın 15-də Bakı bir böyük gün daha keçirdi. Bu gün millət qəhrəman şəhidinin bir illik xatirəsini qabarıq hisslərlə yad edərkən cavan ordumuzun rəsmi keçidini görməklə köksünü gərmiş, nə qədər sevinmişdir.
Dəniz kənarında qəhrəmanca bir türlü yürüyən süngü dəryasını seyr etdikdən sonra bir nəşə istiqlal olaraq istiqlalının kuşl-daşını (məhək daşını, guşə daşını) təşkil edən şəhidinin məzar daşını qoymaq üçün gedən xalqın bu gün nə qədər böyüdüyünü, nə dərəcədə etimad nəfis hasıl etdiyini görməmək mümkün deyil.

Xalqımız türk nəslinə məxsus bir mətanətlə günün sevinclə bərabər dərin bir ciddiyyət və həzin bir təsliyət (təsəlli) günü olduğunu isbat etmişdi. Bu günkü bayramını millət daşqın bir cocuq kimi deyil, mütəfəkkir bir fərd olaraq qeyd etdi.
Gənc ordumuzun əzmkaranə bir surətdə atdığı qədəmləri, ümidli bir surətdə tutduğu tüfənkləri seyr edərkən paytaxtımızın küçələrini dolduran minlərlə əhali şəhid məzarı üzərində gözəl bayramımızın daima başlarımız üzərində dik tutulacağı həddində verilən sözlərin boşunda deyil, qüvvətinə istinad etmiş bir əhdi-peyman olduğuna inanırdı.
Əvət inanırdı. Bu inamın bünövrəsini bu gün bünövrəsini qoyduğumuz qurtuluş abidəsi altında yatan şəhidlər qoymuşlarsa da heç şübhəsiz ki, onu diri bir halda tutan amil, bu məzarı saran igid əsgərlərimizdir”.

“Azərbaycan” qəzeti, 18 sentyabr, 1919, №62.

NƏSİB BƏY YUSİFBƏYLİ (Azərbaycan Nazirlər Şurasının sədri, Maarif naziri):

«Ey cəsur Türk qəhrəmanları! Sizə layiq bir söz vardır ki, onu da Bakının alınması münasibətilə Nuru Paşa həzrətlərinə Baş vəkilimiz yazmışdır. Ondan daha münasib bir təbir tapmadığımdan onu mən də təkrar edirəm və zənn edirəm ki, üç kəlmədən ibarət olan bu cümləni Azərbaycan durduqca hər bir azərbaycanlı türk qəlbində yaşayacaq və təkrar edəcəkdir:Millət Sizə minnətdardır.

Bu fərmanı bizi türklüyümüz və islamlığımız üçün məhv etmək fikrində olanların gözünə soxar və söylərəm ki, dünyada yaşamaq haqqı, istiqlaliyyət haqqı bizdədir. Çünki insaf bizdə, alicənablıq bizdə, mərhəmət bizdə, cəsarət bizdədir. Elə isə nə üçün biz məhv olaq və siz qalasınız? İştə təkrar edirəm, övladlarım! Türk ordusu bizim üçün cənnət qapılarını açmışdır, oraya vasil olmaq üçün dəstə-dəs¬tə toplanın, yüz min, iki yüz min toplanın, evinizi, kən¬dinizi, şəhərinizi, paytaxtınızı, Azərbaycanınızı, türk ellərinizi, islam məmləkətlərinizi mühafizə üçün köksünüzü sipər edin. O vaxt bizim is-tiqlaliyyətimizi tanımayan tanısın.
Haydı, oğullarım, haydı silah başına!»

“Azərbaycan” qəzeti, pəncşənbə
26 zilhiccə (oktyabr) sənə 1336, 1918, №5.

FƏTƏLİ XAN XOYSKİ - Azərbaycan Nazirlər Şurasının sədri, Daxili İşlər Naziri

Qafqaz İslam Ordusu Komandanı, sədaqətli Nuru Paşa Həzrətlərinə!

Qafqaz Müsəlman Ordusunun komandanı Nuru Paşaya! Xoşbəxtəm ki, xalqın adından Siz əlahəzrətlərinə, xeyirxah türk ordularına və Azərbaycan paytaxtını düşməndən azad edən inanılmış cəsur əsgərlərə təşəkkürümüzü çatdırıram”.

Heyəti-vukala rəisi Fətəli xan
“Azərbaycan” qəzeti, 3 oktyabr 1918, N5

ŞƏRQ ORDULARI QRUPU KOMANDANI
XƏLİL PAŞA HƏZRƏTLƏRİNƏ!

“Bakının, Azərbaycanın istiqlalını, səadətini iqtisadən və siyasətən təmin edəcək və türk aləminin ikinci bir İstanbulu olmağa layiq bir mərkəzin türkün cəngavər, namuslu övladlarının qəhrəmanə hücumları sayəsində düşmənlərindən xilası münasibətilə Zati-aliyi-həmiyyət pərvəranələrini ən səmimianə bir surətdə təbrik edirəm!”.
Heyəti-vukala rəisi Fətəli xan

Azərbaycan” qəzeti, 3 oktyabr, N5

ƏLİMƏRDAN BƏY TOPÇUBAŞOV:
(Azərbaycan Parlamentinin sədri)

“Paşa həzrətləri, biz öz müttəfiqimiz və himayəçimiz olan Türkiyəyə Azərbaycanı müstəqil görmək istədiyinə görə Sizin şəxsinizdə necə təşəkkür etməyə söz tapa bilmirəm. Bu məsələnin həllindən bizim bütün gələcəyimiz asılıdır: Azərbaycan türklərinin bu dünyada mövcud olub-olmamağı asılıdır.
Türk sərkərdə və əsgərlərinin, dövlətimizin paytaxtı olan Bakının azad edilməsi uğrunda apardığı və uğurla başa çatdırdığı qəhrəmanlıq mübarizəsi bizi Azərbaycanın müstəqilliyinin təminatına həmişəlik olaraq inandırır və arxayın edir. Bu mənada biz indi sakit ola bilərik” ..

“İstanbulda diplomatik söhbətlər”.
Bakı, 1995.

HƏSƏN BƏY AĞAYEV:
(Azərbaycan Parlamenti sədrinin müavini)

“Möhtərəm deputatlar!
Bu günkü bayramın nə qədər şərəfli, nə qədər tarixi olduğunu hər kəs düşünür və anlayır. Bu bayram münasibətilə Türklük və İslamlıq yolunda şəhid düşən türk igidlərini yad etmək üçün rica edirəm ki, cümləniz qiyam edəsiniz (hamısı ayağa qalxır).

Möhtərəm əfəndilər! Bu gün düz bir ildir ki, Azərbaycanın milli mərkəzi hesab olunan Bakı düşmənlər əlindən, zalımlar əlindən xilas olmuşdur. Bizim qəvi (sağlam) vücudumuzu təşrih (kəsmək) və bədənimizi parçalamaq istəyən və hüdudumuzu çey-nəmək istəyən düşmənlər keçən il martdan başlayaraq ta Kürdəmir stansiyasından igid türklər tərəfindən qovulub Bakıya soxulmuşlar və sonra dənizə tökülüblər.
Beləliklə ən müqəddəs hesab etdiyimiz paytaxtımız olan Bakını alıb bizə vermişdilər. Mayın 28-də istiqlalımız elan edilmişdir. Sentyabrın 15-də isə haqq yerinə varmış, Bakı istirdad edilmişdir (geri qaytarılmışdır).

Əfəndilər! Can bahasilə türklük və islamlıq uğrunda şəhid vermişlər, vətənimizi xilas edən türk igidlərini yad etmək ilə bərabər onu da əlavə edirəm ki, biz azəri türkləri böyük qardaşımız olan türklərin canfədalıqlarını heç bir vaxt unutmayacağıq və çətinliklə qan bahasına alınmış və bizə bəxş olunmuş istiqlalımızı müdafiə etməyi əhd edib, hər şeydən müqəddəs tutaraq əqsayi (gələcək) muradımıza nail olacağıq. Bu gün azəri cəmiyyəti-xeyriyyəsi türk şəhidlərinin adına əbədi bir nişangah qoyur. Rica edirəm saat 11-də bulvarda keçiriləcək rəsmi keçiddən sonra qəbirstana buyurub tədbirlərimizdə iştirak edəsiniz”.

Azərbaycan Parlamentinin
təntənəli iclasındakı çıxışı
15 Sentyabr 1919.
Az. RDTA, sr. 895, səh. 1, iş 142, 6.1-4.

AzNews.az