“İyulda yeraltı yol qovşağının inşası tamamlanacaq“

Bakıda müxtəlif istiqamətlərdə, prospekt və küçələrdə qlobal layihələr icra olunur.

Nəqliyyat naziri Ziya Məmmədov jurnalistlərə açıqlamasında deyib ki, iyul ayında "Gənclik" metrostansiyasının yaxınlığında yeraltı yol qovşağının inşası tamamlanacaq.

Nazir bildirib ki, Bakıda əvvəlcə bu qovşağın açılışı olacaq.

"Eyni zamanda, Heydər Əliyev prospektinə alternativ prospekt salınacaq. Bununla əlaqədar layihələndirmə işləri başa çatıb. Gələn ay ərzində praktiki işlərə başlanacaq. Alternativ prospekt "Gənclik" metrostansiyası istiqamətində yeni inşa edilən futbol standionunu əhatə edərək Zabrat yol qovşağına birləşdiriləcək. Bununla da həm Heydər Əliyev prospektinə, həm də Zabrat istiqamətinə birbaşa çıxış və girişə nail olunacaq. Bu da nisbətən şəhərin mərkəzi küçəsi olan Heydər Əliyev prospektində hərəkətin sıxlığının azalmasına, eyni zamanda, yeni prospektin yaranmasına gətirib çıxaracaq. Bu, çox qlobal bir layihədir", - nazir bildirib.

Onun sözlərinə görə, bu yol üzərində eyni zamanda Keşlə dəmiryol stansiyası mövcuddur. Stansiyanın üzərindən 1 km 200 m-ə qədər uzunluğu olan yeni körpü inşa ediləcək. Eyni zamanda, Ziya Bünyadov prospekti ilə Koroğlu dairəsini birləşdirən istiqamətdə tikilən stadionun arxasından keçmək şərti ilə yeni tunal inşa ediləcək.

AzNews.az