- Köhnə - Cəmiyyət
- 15 Sentyabr 2018 17:05
- 13 130
"Bakının azad edilməsi ilə taleyimiz həll olundu"- Əli Fərhadov
“Azərbaycan Cümhuriyyətinin yaradılmasına gedən yol Çar Rusiyasının dağılmasından, Birinci dünya müharibəsində bu dövlətlə müharibə şəraitində olan Osmanlı İmperiyasının Azərbaycana uzanan qardaşlıq yardımından keçirdi”.
AzNews.az xəbər verir ki, bunu hafta.az-a Milli Azərbaycan Tarix muzeyinin İctimaiyyətlə əlaqələr şöbəsinin baş mütəxəssisi, tarix üzrə fəlsəfə doktoru Əli Fərhadov söyləyib. O vurğulayıb ki, həmin dövrdə xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin və digər ziyalıların Osmanlı dövlətinin nümayəndələri ilə əlaqələri var idi:
“Azərbaycanda Türk mədəniyyətinin, türk dilinin yüksəlməsi üçün Osmanlı ziyalılarına ehtiyac duyulurdu. Azərbaycanda ilk Quran təfsirinin müəllifi Hacı Mir Məhəmməd Kərim əl-Bakuvinin 1904-1906-cı illərdə nəşr olunmuş «Kəşfül-həqayiq» əsərini Osmanlı imperatoru II Əbdlhəmidə göndərən H. Z. Tağıyev ondan xahiş etmişdi ki, Azərbaycana qardaşlıq yardımı göstərsinlər. Həmin dövrdə “Müsavat” partiyasının rəhbəri Məhəmməd Əmin Rəsulzadənin, “Difai” partiyası ziyalılarının Osmanlı naziri Ənvər paşa və digərləri ilə əlaqələri var idi. Onlar dəfələrlə müraciət etdilər ki, Azərbaycana yardım əli uzadılsın.
Müraciətləri diqqətə alan Ənvər Paşa öz qardaşı Nuru Paşanı Qafqaz İslam Ordusunun komandanı olaraq, Azəbaycana göndərdi. Ordunun yardımı sadəcə Qafqaz Azərbaycanı ilə məhdudlaşmırdı. O dövrdə İran Azərbaycanında erməni terrorçularının zülmü altında olan bəzi bölgələr də, xüsusilə, Urmiya və ətrafının qurtuluşu labüd idi. Osmanlı qoşunları o əraziləri də azad edərək, Bakıya doğru irəlilədi.
AXC-nin ilk paytaxtı Gəncə şəhəri olub. Çünki Bakı o dövrdə “Bakı soveti” adlanan Rusiya komministlərinin əlində idi. O zamanlar Stepan Şaumyan və digərləri hakimiyyətdə olsa da, Azərbaycan nümayəndələri də qurumda təmsil olunurdu. Onların məqsədi Azərbaycanda bolşevik hakimiyyətini saxlamaq idi Bolşeviklər daşnaqlarla iş birliyi yürüdürərək, məqsədlərini həyata keçirirdilər. S.Şaumyan deyirdi ki, biz Azərbyacana müstəqillik və muxtariyyət yox, ancaq xarabalıq verəcəyik”.
Ə. Fərhadovun fikrincə, Qafqaz İslam Ordusunun mübarizəsi Bakının Azərbaycana qaytarılıb, yenidən paytaxt olmasına şərait yaratdı:
“M. Ə. Rəsulzadə bu dövrdə Nuru Paşanı “göydən enmiş mələk” adlandırırdı. Həqiqətən, azərbaycanlıların soyqırımına mane olan yeganə qüvvə Osmanlı ordusu idi. Ordunun yardımı olmasa, AXC kağız üzərində qala bilərdi.
Osmanlının Azərbaycana göstərdiyi qardaşlıq yardımı heç vaxt unudulmayıb. M.Ə.Rəsulzadənin mühacirətdə yazdığı əsərlərdə, eləcə də həmin dövrün şairlərinin, yazıçılarının kitablarında Qafqaz İslam Ordusunun bu dəstəyi tərənnüm olunub. Müstəqillik dövründə də bu yüksək dəyər ortaya qoyulmaqda davam edir.
Milli Azərbaycan Tarix muzeyində 100 il əvvəl Osmanlı qardaşlarımızın yardımı sayəsində Bakının azad olunmasının, əslində isə Azərbaycanın taleyinin qurtulmasının qeyd edilməsi 100 il əvvəlki türk fədailərinin əziyyətinə qardaşlıq baxışının təzahürüdür. Biz sevinirik ki, Azərbaycan və Türkiyə qardaşlığı daimi və əbədidir”.
Bakının qurtuluşunun 100 illiyi münaibətilə hərbi paradın keçirilməsinə də toxunan tarixçinin sözlərinə görə, Azərbcayan və Türk xalqı üçün bu həmrəylik əvəzolunmazdır:
“Azərbaycanın 10 milyon əhalisi olsa da, Cənubi Qafqazda sıxışmış vəziyyətdədir. Şimalda Rusiya, Cənubda İran və Qərbdə Ermənistanın Azərbaycana qarşı siyasət yürütməsi ölkəmiz üçün Türkiyə kimi qardaş dövlətin yardımını zəruri edir. Hərbi paradda Türkiyənin Azərbaycana qardaşlıq yardımı göstərməsi əyani olaraq nümayiş ediləcək. Bu müsbət addımlar işğal altındakı torpaqlarımızın azad edilməsi istiqamətində mübarizə aparan Azərbaycan xalqının vətənpərvərlik ruhunun yüksəldilməsində mühüm rol oynayacaq”.
AzNews.az