- Köhnə - Cəmiyyət
- 20 Sentyabr 2018 15:21
- 8 930
“Etimad İsmayılovun cənazəsi 19:20-də Bakıya göndəriləcək”- Aqil Səmədbəyli
“İş adamı Etimad İsmayılovun cənazəsi bu gün Türkiyə vaxtı ilə saat 19:20-da (Bakı vaxtilə 20.20) təyyarə ilə Azərbaycana göndəriləcək”.
Bunu AzNews.az-a Azərbaycanın sabiq prezidenti Əbülfəz Elçibəyin Türkiyədə yaşayan kürəkəni Aqil Səmədbəyli bildirib. Onun sözlərinə görə, hazırda qətlə yetirilən mərhum Etimad İsmayılovun evində xeyli insan var:
“Türkiyə və Azərbaycandan bu ailəni tanıyan hər kəs başsağlığına gəlib. Hər kəs sarsıntı içindədir. Sevil Nuriyeva yas içindədir. Asan deyil, faciəli bir şəkildə həyat yoldaşını itirib. Ona necə təsəlli verəcəyimizi bilmirik. Saat 16:28-də Floryadakı məsciddə cənazə namazı qılınıcaq. Axşam saat 19:20-də isə Etimad İsmayılovun cənazəsi təyyarə ilə İstanbuldan Bakıya göndəriləcək. Çox üzgünəm. Millətin xəzinəsindən getdi”.
Məlumata görə, mərhumun nəşini gətirən təyyarə bu gün saat 23:40-da Bakıya çatacaq. Cənazə saat 11:00-da İlyas İsmayılovun yaşadığı bağ evindən ("See Brize" hotelinin yaxınlığında) götürüləcək və Nardaran qəbiristanlığında dəfn olunacaq.
Qeyd edək ki, azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyənin İstanbul şəhərindəki ofisində öldürülüb. Başından 2, ürəyindən 1 güllə yarası alan Etimad İsmayılov xəstəxanaya çatdırılsa da, həyatını xilas etmək mümkün olmayıb. Mərhumu Floryadakı ofisində qətlə yetirən Gözəl Dəmirov İstanbul Təhlükəsizlik və İctimai Asayiş İdarəsinin əməkdaşları tərəfindən tutulub.
Bahar RÜSTƏMLİ
AzNews.az