Milli gənclər müzakirələrinə yekun vuruldu

Minilliyin İnkişaf Məqsədlərinin davamı olaraq BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsi məqsədilə Azərbaycanda Gənclər və İdman Nazirliyi, "NUR" Uşaq və Gənclərin İctimai Birliyi və UNICEF-in Azərbaycandakı nümayəndəliyinin təşkilatçılığı ilə həyata keçirilən milli gənclər müzakirələrinə yekun vurulub. Bu məqsədlə bu gün Bakıda 2015-ci ildən sonrakı dövr ərzində əsas inkişaf prioritetlərini müzakirə etmək üçün "Bizim istədiyimiz dünya" devizi altında tədbir keçirilib.

Gəncləri dinləyən Azərbaycan Respublikası Gənclər və İdman nazirinin müavini İntiqam Babayev UNICEF-in Azərbaycandakı nümayəndəsi Mark Herevard, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Antonius Bruk və "NUR" Uşaq və Gənclərin İctimai Birliyinin sədri Sevinc Muradova çıxış ediblər.

Azərbaycanda keçirilmiş gənclər müzakirələrinə dair video klip nümayiş olunduqdan sonra gənclər təhsil, sağlamlıq və pis vərdişlər, ətraf mühitin mühafizəsi və infrastrukturun inkişafı, işsizlik və səmərəli məşğulluğun artırılması, sosial müdafiə və əlillərə dəstək, qaçqın və məcburi köçkün gənclər, gənclərin iştirakı mövzularında təqdimatlar edərək gənclərin rəy və təkliflərini səsləndiriblər.

Qeyd edək ki, Minilliyin İnkişaf Məqsədlərinə çatmaq üçün elan olunmuş son tarix yaxınlaşdığı üçün BMT-nin yeni inkişaf çərçivəsinin müəyyənləşdirilməsinə artıq hazırlıq başlanıb. Bu məqsədlə elmi dairələr, kütləvi informasiya vasitələri, özəl sektor, işəgötürənlər və həmkarlar ittifaqları, vətəndaş cəmiyyəti və hökumət qurumlarının təklif və tövsiyələrini cəmləşdirmək məqsədilə BMT genişmiqyaslı məsləhətləşmələr həyata keçirir.

Qlobal təşəbbüsün tərkib hissəsi olaraq Azərbaycanda Şirvan, Lənkəran, Zaqatala, Tərtər və Bakıda gənclər müzakirələri keçirilib. Gənclər fəal şəkildə təqdimatlar, qrup işi və plenar müzakirələrdə arzuladıqları dünya ilə bağlı narahatlıqları və təklifləri ilə bölüşüb, cəmiyyətlərinin inkişafı naminə yeni təşəbbüslərlə çıxış ediblər.

Müzakirələrin nəticəsi olaraq azərbaycanlı gənclərin təklif və rəyləri hazırlanaraq, məsul beynəlxalq quruma təqdim ediləcək. Dünyanın bir çox ölkələrində aparılmaqda olan müzakirələrin ümumi hesabatında Azərbaycan gənclərinin rəy və təklifləri nəzərə alınacaq. Milli müzakirələrin hər birində 30 nəfər olmaqla, cəmi 150 gənc iştirak edib.

Elnarə
AzNews.az